Xaçmazın üç kəndində 442 abonentə ilk dəfə təbii qaz verilib

15:58 18 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 18 dekabr, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun daha 3 kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Qazlaşdırma işləri başa çatan Sayad, Ərəb, Çılğır kəndlərində, ümumilikdə, 442 abonent ilk dəfə təbii qazdan istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, dekabrın 18-də rayonun Sayad kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin rəhbər şəxsləri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, cari ildə Xaçmaz rayonunda 25 kəndin qazlaşdırılması nəzərdə tutulub. Bu yaşayış məntəqələrindən 23-də artıq işlər yekunlaşıb və abonentlər “mavi yanacaq”la təmin edilib. İki kənddə isə qazlaşdırma işləri aparılır.
Diqqətə çatdırılıb ki, 3 kəndin qazlaşdırılması üçün ümumilikdə 9 min 110 metr polietilen və 30 min 600 metr müxtəlif diametrli dəmir borularla qaz xətləri çəkilib. Bütün mənzillərə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.
“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev mərasimdə çıxışı zamanı bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın şəhər və rayonlarının qazlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Cari ilin ötən dövründə respublikamızın 50-yə yaxın rayonunda 390 yaşayış məntəqəsi qazlaşdırılıb. Daha 300 yaşayış məntəqəsində isə bu istiqamətdə iş aparılır. Bütün bu işlər isə respublikada həyata keçirilən siyasətin təməlində Azərbaycan vətəndaşının dayandığının təsdiqidir.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmazin_uch_kendinde_442_abonente_ilk_defe_tebii_qaz_verilib-912409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR