Millət vəkillərimiz Yeni ili harada keçirəcəklərini açıqladılar

Millət vəkillərimiz Yeni ili harada keçirəcəklərini açıqladılar
16:11 18 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Artıq Yeni ilin gəlişinə sayılı günlər qalıb. Hər kəs bu bayramı bir qayda olaraq, müxtəlif yerlərdə, fərqli mühitdə keçirir. Kimisi bayramı evində, ailəsi və qohumları ilə birgə keçirir, kimisi isə Yeni ili qeyd etmək üçün xaricə üz tutur. Bir sözlə, hamının bayram ilə bağlı müxtəlif planları var.

ANS PRESS Millət vəkillərinin bayramı harada və necə keçirəcəyi barədə maraqlı araşdırma aparıb. Deputatlarımız Yeni illə bağlı planlarını açıqlayıb.

Millət vəkili Vahid Əhmədov bayram günü Qubada olacağını dedi: "Məndə olan məlumata görə, insanlar Yeni ili Dubayda, Gürcüstanda keçirməyə üstünlük verirlər. Amma bu düzgün deyil. Xüsusən, iqdisadiyyatın zəif olduğu bir vaxtda yaxşı olar ki, hamı pulu elə Azərbaycanda xərcləsin", - deyə Vahid Əhmədov əlavə etdi.





Fazil Mustafa deyir ki, Yeni ili xüsusi təntənə ilə keçirməyi sevmir:

"Bayramı yalnız uşaqlara görə keçirirəm. Onlar Şaxta Baba, Qar Qızı, yolka görürlər, bizdə bu şəraiti onlara təşkil edirik. Amma özümün Yeni ilə bir münasibətim yoxdur, nə mənfi, nə müsbət. Amma bayram günü evdə oluram. Bir dəfə olub ki, Yeni ili İsmayıllıda keçirmişik. Ümumiyyətlə, bayram vaxtı ya evdə, ya bağda oluruq. Çoxu xaricə gedir, amma hesab edirəm ki, bu yorğunçuluqdan başqa bir şey deyil. Həm də nəyə görə belə tədbirlərdə vəsaiti xaricə sərf edim ki...Əyləncə yerlərinə getmirəm, evdə, yaxud, rayonda da olsam, bilirəm ki, vəsait öz ölkəmə xərclənir", - deyə millət vəkili qeyd etdi.


Fazil Mustafa - millət vəkili



Millət Vəkili Bahar MuradovaBahar Muradova deyir ki, hələ indiyənədək heç vaxt nə Novruz bayramını, nə də Yeni ili xaricdə keçirməyib:

"Məndə belə bir inam var ki, hər kəs bayramda öz evində olmalıdır. Nə qədər ki, mən varam və nə qədər ki, Yeni il, Novruz bayramı olacaq, mən də onları evimdə keçirəcəm", - deyə Bahar Muradova qeyd elədi.


Bahar Muradova - millət vəkili


Çingiz Qənizadə də bayramı ölkəmizdə keçirməyə üstünlük verdiyini söylədi:

"Yeni il gecəsini xoşlayıram ki, ya dostlarımdan bir ailə, ya da qohumlarımdan bir ailə bizim evdə olsunlar. Sevirəm yaxınlarımı süfrə arxasına toplayım. Bir qayda olaraq, heç bir bayramı xaricdə keçirməyə üstünlük verməmişəm. Bəzən bayram yeməyindən sonra ola bilər ki, ailəvi dəniz kənarına gedək, vəssalam. Əgər bayram günü 3-5 nəfəri sevindirə bilirəmsə, bundan böyük xoşbəxtlik ola bilməz. Pulu çox olan insanlar da məncə, belə etsələr daha yaxşı olar", - deyə Çingiz Qənizadə vurğuladı.


Çingiz Qənizadə - millət vəkili


Hazırda xaricdə olan Qənirə Paşayeva Yeni ildə Tovuzda olacağını və heç bir xarici ölkəyə getməyəcəyini söylədi. O deyir ki, seçicilərlə bayram keçirməyi çox sevir.


Qənirə Paşayeva - millət vəkili


Nizami Cəfərov hələ ki, bayramı harada keçirməyi müəyyənləşdirmədiyini bildirdi:

"Çox güman ki, bayramda Bakıda olacam, vaxt olsa, Ağstafaya gedəcəm. Xarici ölkələrə qışda getməyi sevmirəm. Bəziləri Yeni ili gedib Dubayda keçirir, belə insanlar mənə çatmır. Qışın və Yeni ilin gözəlliyi odur ki, soyuq olsun. Olub ki, qışda Moskvaya gedim. Amma bu il hələ ki, planlaşdırmamışam bayramda dəqiq harada olacam. Amma xaricdə keçirməyə də yaxşı baxıram. Bayramda xaricə getməyə ona görə üstünlük verilir ki, bayram özü istirahət günü deməkdir. İş vaxtı insanların harasa gteməyə vaxtları olmur, ona görə, bayramlarda xaricə gedirlər. Həm də xaricə getmək üçün cibinin dolu, bir də zamanın olması yetərlidir", - deyə deputat vurğuladı.


Nizami Cəfərov - millət vəkili


"Bir qayda olaraq, mən Yeni ili evdə keçirirəm.Ailəmdə bu mövzu müzakirə olunmur. Çünki hamı bilir ki, mən ili mütləq evimdə qarşılamalıyam. Hamı gərək belə eləsin. Hesab edirəm ki, Yeni il gələndə hər kəsin qapısını döyür və mütləq içəridən bir hənilti səsləri gəlməlidir", - deyə millət vəkili Aydın Mirzəzadə qeyd elədi.


Aydın Mirzəzadə - millət vəkili


Məlahət İbrahimqızı nəinki Yeni ili, bütün bayramları öz evində keçirməyi sevdiyini söylədi: "Onsuz da adi vaxtlar, işlə əlaqədar xarici ölkələrə gedirik, amma bayramlarda həmişə öz evimdə, ailəmlə birgə olmağı xoşlayıram", - deyə xanım vəkil əlavə etdi.


Məlahət İbrahimqızı - millət vəkili


Səyavuş Novruzov isə bayramla bağlı hələ ki, heç bir planının olmadığını söylədi. Onun sözlərinə əsasən, bu həm xarici ölkələdən biri də ola bilər, həm də Azərbaycan da ola bilər.


Səyavuş Novruzov - millət vəkili


Millət vəkillərinin bayramla bağlı planlarından belə məlum oldu ki, onlar xarici ölkələrə gedib pul xərcləməkdənsə, öz vətənində qalıb yeni ili doğmaları keçirməyi üstün tuturlar. Xüsusən, iqtisadiyyatın, büdcənin azaldığı bir vaxtda nəinki yüksək vəzifəli şəxslər, siravi vətəndaşlar da bayramı Azərbaycanda, onun gözəl bölgələrində keçirsələr daha yaxşı olar. Amma yenə də, bayramı harada keçirməkdən asılı olmayaraq, hamıya Yeni ili uğurlu, xoş qarşılamağı, süfrələrinin bol olmasını diləyirik!



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR