Professor Pənah Xəlilovun 90 illik yubileyi qeyd edilib

Professor Pənah Xəlilovun 90 illik yubileyi qeyd edilib
16:18 18 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC 
Dekabrın 18-də Bakı Dövlət Universitetində (BDU) görkəmli ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilovun 90 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, rektor, akademik Abel Məhərrəmov bildirib ki, Pənah Xəlilov 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib və uzun illər bu ali təhsil ocağı ilə bağlı olub. Pənah Xəlilov 1951-ci ildə filologiya elmləri namizədi, 1969-cu ildə isə filologiya elmləri doktoru elmi adına layiq görülüb. Pənah Xəlilovun Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında müstəsna xidmətləri vardır. O,1973-cü ildə BDU-nun filologiya fakültəsində açılan “SSRİ xalqları ədəbiyyatı” kafedrasının ilk müdiri seçilib. Onun rəhbərliyi ilə 20 elmlər namizədi, 5 elmlər doktoru dissertasiyası müdafiə edilib.
Pənah Xəlilov ölkənin ümumtəhsil məktəbləri üçün bir sıra proqram və dərsliklərin hazırlanmasında yaxından iştirak edib. Onun akademik Məmməd Arif Dadaşzadə ilə birlikdə yazdığı “Ədəbiyyat” dərsliyi, professor Mir Cəlal Paşayevlə birlikdə qələmə aldığı “Ədəbiyyatşünaslığın əsasları” kitabı müxtəlif dövrlərdə dəfələrlə nəşr olunub.
Pənah Xəlilovun ölkəmiz və elmimiz qarşısındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Görkəmli alim “Əməkdar müəllim” adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Daha sonra Pənah Xəlilova “Gənc nəslin yetişdirilməsində göstərdiyi xüsusi xidmətlərinə, elmin, təhsilin inkişafındakı böyük roluna və anadan olmasının 90 illik yubileyi münasibətilə” Fəxri fərman, təhsil sahəsində göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” təqdim olunub.
Tədbirdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın təbrik ünvanı oxunub.
Alimin həyat və elmi yaradıcılığına həsr olunmuş filmin nümayişindən sonra filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyevin “Böyük alimin şərəfli həyat yolu” adlı məruzəsi dinlənilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Professor_Penah_Xelilovun_90_illik_yubileyi_qeyd_edilib-912420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR