Dirinin bağrını, ölünün gorunu çatladan qəbir qiymətləri

Dirinin bağrını, ölünün gorunu çatladan qəbir qiymətləri
17:01 18 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Ölünün gorunu, dirinin bağrını çatladan məzar yerlərinin qiyməti indikilərlə müqayisədə çox cüzi olacaq, təxminən 10-15 dəfə az. Bunu ANS PRESS-ə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, məzar yerlərinin qiymət məsələsi vətəndaşların büdcəsinə uyğunlaşdırılacaq:

Millət vəkilinin sözlərinə görə, bunun üçün müvafiq hesablamalar aparılmalıdır. "Sözsüz ki, sıravi vətəndaşlar üçün çox cüzi məbləğ təyin olunacaq. Güzəştlərin olacağı da istisna deyil. Güzəşt şəhid, Milli Qəhrəman ailələri, müharibə veteranlarına şamil oluna bilər. Eyni zamanda imkansız ailələrə də güzəştlər nəzərdə tutulub. Kimsəsizlərin dəfni isə bələdiyyələr və digər strukturlara tapşırılacaq".





Siyavuş Novruzov - Millət vəkili

Günümüzdə kifayət qədər aktual olan bu problemin qanunla tənzimlənməsinə əslində çoxdan ehtiyac var idi. Çünki indiki dövrdə qəbir yerlərinin qiyməti az qala kəllə-çarxa çıxsın. Ölüsünü basdırmaq istəyən vətəndaş qanunla 63 manat dövlət rüsumu ödəməli oluğu halda bu məbləğ nəinki 100, hətta 1000 manatları belə keçir. Demək olar ki, paytaxtda qəbir yerinin qiyməti 800-1000 manatdan ucuz deyil.

Təkcə Biləcəri qəbiristanlığında məzar üçün yer 400-500 manat arasında dəyişir. Ən bahalı yer “Qurd qapısı” (2000-3000), nisbətən ucuz isə Hövsan qəbiristanlığıdır (150-300 manat).



Amma iş ancaq qəbir almaqla bitmir. Dəfn mərasimlərinin icrası üçün mövcud qiymətlər isə heç də hamının cibinə uyğun deyil. Dəfələrlə ölüsünü basdırmaq istəyən şəxsin imkansızlıqdan hətta borca girib yaxınını dəfn etməli olduğunun da şahidi olmuşuq. Bu vəsait həm qəbir yerinin alınmasına, həm ehsanın verilməsinə, həm də məzarın düzəldilməsi-baş daşına sərf edilir. Son mərhələ xərclər ən azı 3-5 min manatı belə keçir.

Bu israfçılıq isə nə qanuni tərəfdən doğru addımdır, nə də dində yolveriləndir. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahinin sözlərinə görə, qəbir yeri sadə olmalıdır.

"Təmtəraqlı, dəbdəbəli məzar yerləri əslində ölüyə hörməti ifadə etmir. Ona yüzlüklərin, minliklərin xərclənməsi israfçılıq, büdcəyə ziyandan başqa bir şey deyil. Ona görə də qəbir yerləri ilə bağlı bir qanun tez bir zamanda qüvvəyə minməlidir. Heç şübhəsiz ki, bu addım və güzəştlər sadə vətəndaşların xeyrinə hesablanacaq. Çünki ölkədə kifayət qədər aztəminatlı ailələr var"


Hacı Şahin - QMİ nümayəndəsi

Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı da bir müddət öncə verdiyi müsahibəsində ölkədə qəbiristanlıqlar və dəfn mərasimləri ilə bağlı sahənin hüquqi tənzimlənməsində müəyyən problemlər olduğunu etiraf edib. O, deyib ki, bununla bağlı qanun layihəsi üzərində iş yekunlaşmaq üzrədir. Dövlət Komitəsi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə “Qəbiristanlıqların yaradılması, onların idarə olunması və dəfn və məzarların qeydiyyatı haqqında” qanun layihəsi hazırlayıb. Layihə Nazirlər Kabinetinə təqdim olunub. Orada müəyyən düzəliş və təkliflər irəli sürülüb, daha sonra Prezident Administrasiyasının müvafiq şöbəsində hüquqi ekspertizadan keçib.

Qanun layihəsində məzarlıqlar, dəfn mərasimləri, qəbiristanlıqların yerləşməsi, qəbirlərin ölçüsü, müvafiq dinlərə uyğun qəbirlərin hazırlanması və digər məsələlər yer alıb.

Rəsmilər hələlik bu sahədə nəzarətin necə həyata keçirləcəyi məsələsinə isə tam aydınlıq gətirmyiblər. Bu sahədə qonşu ölkələrin təcrübəsində də faydalanmaq mümkündür. Məsələn, əksər adət-ənənələrimizin eyni olduğu Türkiyədə qəbir yerləri ərazi qiymətlərinə görə dəyişsə də, qanunla imkansız əhali üçün xüsusi yerlər müəyyən olunub. Məsələn, Türkiyədə qəbirin qazılması, meyitin yuyulub dəfn olunması işlərini İstanbul bələdiyyəsinin müvafiq qurumu pulsuz həyata keçirir. Hətta ölən şəxs Türkiyənin başqa bir bölgəsində dəfn olunmalıdırsa, yenə də hökumət onu pulsuz lazımi yerə çatdırılmasını təşkil edir. Əgər ölənin kimsəsi yoxdursa və yaxud yoxsuldursa, qəbir yerinin alınması xərclərini də bələdiyyə ödəyir.


İstanbulda qəbiristanlıq

Rusiya Federasiyasında isə 1996-cı ildə bu sahə ilə bağlı ayrıca qanun qəbul olunub. Qanunun müvafiq maddəsində dəfn yerləri və dəfn mərasiminin yerli idarəetmə orqanlarına tapşırılması öz əksini tapıb. Rusiya dövlətinin vətəndaşı üçün federasiya ərazisində məzar yerinin pulsuz ayrıldığı da qeyd olunur. Bu qanuna görə, tabut, cənazənin daşınması, dəfn mərasimi və bütün xidmətlərin haqqı, ölümün sənədləşməsi dövlət hesabına aparılır.


Rus qəbiristanlığı

Tarixə nəzər salsaq görərik ki, müsəlman qəbirlərləri çox sadə olub. Qəbir daşları bir qarış (təqribən 20 sm) hündürlüyündə olub, üzərində isə heç bir şəkil, yazı əks olunmurdu. Sadəcə qəbirstanlıqda qəbir çox olardısa qarışıq salmamaq üçün daşın üzərinə ölünün adı yazılırdı. Qiymətə gəlincə torpağa görə heç bir haqq alınmırdı.

Allah qarşısında vəzifəsindən asılı olmayaraq, insanlar cərgədə dayanıb namaz qıldıqları kimi, qəbirləri də cəmiyyətdə tutduğu mövqeyindən və vəzifəsindən asılı olmayaraq eyni olmalıdır. Bunu isə tək qanun yox, elə cəmiyyət, insanlar özləri dəyişməlidir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR