Vüsalə Mahirqızı: “Örnək qadın simvollarının cəmiyyətə təqdimatı lazımdır”

Vüsalə Mahirqızı: “Örnək qadın simvollarının cəmiyyətə təqdimatı lazımdır”
17:19 18 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

Bu gün Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində “Gender bərabərliyi və media” mövzusunda sessiya keçirilib.

 

APA-nın məlumatına görə, sessiyada “Azərbaycanda gender bərabərliyi və media” mövzusunda çıxış edən “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı deyib ki, mövzuya Azərbaycan mediasında gender balansının qorunması və medianın cəmiyyətdə gender balansının qorunmasındakı rolu baxımından yanaşmaq mümkündür.

 

V. Mahirqızı qeyd edib ki, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı və “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası” ilə birgə başlatdığı “Etik Jurnalistika Təşəbbüsləri Azərbaycan” layihəsi çərçivəsində 90 redaksiyanın 200 nəfər media təmsilçisi arasında sorğu keçirilib. Sorğu nəticəsində bəlli olub ki, ümumrespublika yayımlı telekanalların əməkdaşlarının təqribən 40-45 faizi, regional telekanalların əməkdaşlarının təqribən 25-30 faizi, ümumrespublika yayımlı qəzetlərin əməkdaşlarının təqribən 30-35 faizi, regional qəzetlərin əməkdaşlarının təqribən 20-25 faizini qadınlar təşkil edirlər. Müqayisə üçün bu rəqəm inkişaf etmiş Avropa ölkələrində də 30-35 faizdən artıq deyil.

 

Qadınların rəhbərlikdə təmsil olunma faktı isə azdır. Belə ki, sorğunun keçirildiyi 90 redaksiyadan yalnız 10-nun, ölkədəki 15 məşhur jurnalist təşkilatından isə yalnız birinin rəhbəri qadındır. Mətbuat Şurasının İdarə Heyətinin əsas heyətində yalnız bir, əvəzedici heyətində isə bir qadın təmsil olunur.

 

V. Mahirqızı qadınların media idarəçiliyində təmsil olunmamasının səbəbləri sırasında isə mental dəyərlər-ailə və cəmiyyətdəki baxış və təşəbbüskarlığın olmamasını qeyd edib.

 

Medianın cəmiyyətdə gender balansının qorunması istiqamətindəki fəaliyyətindən söz açan V. Mahirqızı bildirib ki, media gender məsələsinə ümumən balanslı yanaşmağa çalışır. Azərbaycanda məhz qadın olduğu üçün inzibati idarəetmədə və iş yerində diskriminasiyaya məruz qalma faktları o qədər də populyar deyil: "Bu məsələ populyar olmadığı üçün mediada da işıqlandırmada xüsusilə bununla bağlı qabarıq faktlara rast gəlinmir. Amma bəzi məqamlarda medianın yanaşmasında gender balansının pozulmasına rast gəlinir. Bu məqamlara ailə-məişət münasibətləri ilə bağlı xəbər və yazılarda, sosial media müzakirələrində qadın obrazına seksual predimet kimi yanaşmada, peşə bölgüsü ilə bağlı cəmiyyətdə formalaşmış streotiplərin mediada da siyasət etməsində, mediada, xüsusilə onlayn mediada cinsi ayrı-seçkilik meyllərində rast gəlinir. Bu sırada qadınların öz hüquqlarını bilməməsindən doğan problemlərin işıqlandırılmasındakı məqamları və qadınlarla bağlı gizlilik, şəxsi həyatın toxunulmazlığı prinsipinin pozulmasını da əlavə etmək lazımdır".

 

Problemin aradan qaldırılması yollarına gəlincə, “APA Holding”in rəhbəri bildirib ki, gender mövzusundan yazan jurnalistlər üçün treninqlər keçirilməsi,  mövzuya heç bir halda cinsi ayrı-seçkiliklə yanaşmamaq, yalnız sosial yönünün araşdırmaq, qadın təşkilatlarının və müvafiq komitənin ümumilikdə cəmiyyətdə gender balansının qorunması istiqamətindəki maarifçilik tədbirlərinin sayının artırılması, medianın gender bərabərliyi istiqamətində mütəmadi olaraq maarifçi materiallarla çıxış etməsi və örnək qadın simvollarının cəmiyyətə təqdimatı lazımdır.

 

“Jurnalistikada gender balansı” mövzusunda çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) sədri Müşfiq Ələsgərli deyib ki, mental məqamlar regionlarda xüsusən xanımların media sahəsində çalışmasına müəyyən maneələr var: "Qərarverici orqanlarda xanımların daha az təmsil olunmasının səbəbi isə onların ailə və karyera seçimində ailəyə üstünlük vermələridir. Bu xanımlar ailədə övladlarının tərbiyə olunmasına, sağlam gənc nəslin yetişməsinə töhfə verirlər. Bunu da xüsusi qiymətləndirmək və alqışlamaq lazımdır".

 

O bildirib ki, araşdırmalar zamanı dünya ölkələrində əməyin qiymətləndirilməsində ciddi fərqlərə rast gəlinib: "Bəzi ölkələrdə bu, qanunlarda da əksini tapıb. Hətta bəzi Avropa ölkələrində də jurnalist qadının əməkhaqqısı kişi həmkarından azdır”.

 

M. Ələsgərli Azərbaycan Konstitusiyası və qanunlarında kişi və qadınların əməklərinin bərabər şəkildə tənzimlənməsinin əksini tapdığını nəzərə çatdırıb.

 

O bildirib ki, qadın jurnalistlərin mediada təmsilçiliyi 35 faiz olsa da, onların qərarverici qismində qadınların çəkisi 10 faizdir: "Dünya ölkələrinə baxılsa, qadın jurnalistlərin jurnalistikada ümumi çəkisi baxımından 35 faiz pis göstərici deyil. Avropaya baxsaq, Rusiya və Skandinaviyada jurnalistikada qadın jurnalistlərin sayı 57 faizdir, ancaq qərarverici səviyyəsində qadınların təmsilçiliyi bu ölkələrdə də 20 faizi keçmir”.

 

M. Ələsgərli Azərbaycan qanunvericiliyinin qadınların karyera qurmasına bütün imkanları yaratdığını, ancaq karyera, mental məsələlər, ailə ilə bağlı seçimin qadına məxsus olduğunu vurğulayıb.

 

Tədbir müzakirələrlə davam edib.





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR