Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” sərhəd zastavası kompleksinin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov iştirak edib.
Xidmətdən Lent.az-a verilən məlumata görə, 2005-ci ilin oktyabr ayının 12-də şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili ilə tanış olarkən sərhəd zastavasının yerləşdiyi ərazidəki Keşikçi dağının ən uca zirvəsinə qalxması, cənab Ali Baş Komandanın qalxdığı yüksəklikdə sərhədçilər tərəfindən sonsuz ehtiramın və sədaqətin ifadəsi olaraq abidə ucaldılması və həmin zirvənin “İlham Əliyev zirvəsi” adlandırılması açılış mərasimində böyük qürur hissi ilə vurğulanıb. “Keşikçi dağ” sərhəd zastavası Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazilərində xidmətin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son iki ay ərzində istifadəyə verilən dördüncü yeni sərhəd zastavası kompleksi olması qeyd edilib.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar. Müasir tələblərə cavab verən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Müasir tələblərə cavab verən sərhəd zastavasında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifadəsinə verilib. Sərhəd zastavasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadanlıqlarla tam təmin edilib.