Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Litva musiqiçilərinin Romada möhtəşəm uğuru

Azərbaycan və Litva musiqiçilərinin Romada möhtəşəm uğuru

Date: 18 December 2015 18:08


Roma, 18 dekabr, AZƏRTAC 
Romada “Avropanın yolları” adlı 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın və Litvanın İtaliyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə konsert keçirilib.
Konsertin tamaşaçıları arasında İtaliyanın mədəniyyət və incəsənət xadimləri, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, musiqisevərlər, Romada təhsil alan azərbaycanlı tələbələr və başqaları olublar.
Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev konsertdən əvvəl çıxış edərək bildirib ki, müxtəlif mədəniyyətlərin bir arada təqdim olunduğu bu cür tədbirlər musiqisevərlərə böyük zövq yaşadır. Son zamanlar İtaliyada Azərbaycanla bağlı bir sıra mədəni tədbirlər keçirilir. Bu da Azərbaycan incəsənətinin, zəngin mədəniyyətinin bu ölkədə tanıdılmasına gözəl imkan yaradır. Müxtəlif ölkələri təmsil edən səfirliklərin birgə təşkil etdikləri bu kimi tədbirlər böyük əhəmiyyət kəsb edir.
Litvanın İtaliyadakı səfiri Jolanta Balçiuniene çıxış edərək Azərbaycan və Litva musiqiçilərinin bir arada təqdim edəcəkləri möhtəşəm sənət əsərlərinin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini bildirib. O, əməkdaşlıq üçün Azərbaycan səfirliyinə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, konsert proqramında çıxış edən gənc musiqiçilər müxtəlif ölkələri və mədəniyyətləri təmsil edərək musiqiyə olan bəşəri sevgini tədbir iştirakçıları ilə bölüşəcəklər.
Klassik musiqi gecəsində ölkəmizi beynəlxalq festivallarda uğurla təmsil edən, gənc və istedadlı skripka ifaçısı Ümidə Abasova, bir sıra önəmli beynəlxalq müsabiqələrin mükafatçısı, pianoçu Zülfiyyə Sadıqova və Litvadan olan opera ifaçısı Vera Talerko, piano ifaçısı Gintare Elena Macijauskaite öz ifaları ilə musiqisevərlərə möhtəşəm gecə yaşadıblar.
Konsertdə Cövdət Hacıyevin, Adil Bəbirovun, Frederik Şopenin, Fikrət Əmirovun, Pyotr Çaykovskinin və digər dahi bəstəkarların əsərləri ifa edilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma



Tags:  Azərbaycan Litva musiqiçilərinin Romada möhtəşəm uğuru


RƏYLƏR


Top news