"Səs Azərbaycan" jüri üzvləri necə seçilib? - MÜSAHİBƏ

"Səs Azərbaycan" jüri üzvləri necə seçilib? - MÜSAHİBƏ
18:12 18 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Televiziyasında nümayiş olunan son günlərin səs-küylü musiqi yarışması "Səs Azərbaycan"la bağlı sualları AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova cavablandırıb. 

Milli.Az teleqraf.com-a istinadən müashibəni təqdim edir.

- Xatirə xanım, ilk sualımız "Səs Azərbaycan"ın münsiflər heyəti barədə olacaq. Bu heyət hansı prinsiplər əsasında və necə seçilib? 

- Bildiyiniz kimi "Səs Azərbaycan"ın Feysbukda səhifəsi var. Biz layihənin hazırlıq mərhələsində sözügedən sosial şəbəkədə "münsiflər heyətində kimləri görmək istəyirsiniz" adlı bir sorğu təşkil etdik. O sorğuda populyar müğənnilərin siyahısını təqdim etmişdik. Ən çox səs yığan müğənnilər isə Mübariz Tağıyev, Faiq Ağayev, Manana Çaparizde və Tünzalə Ağayeva oldu. Sonra həmin siyahı "Talpa" beynəlxalq şirkətinə göndərildi. Onlar həmin şəxslərin nə qədər populyar olduğunu sosial şəbəkələr vasitəsilə özləri araşdırdılar və məşhur olduqlarına əmin olduqdan sonra siyahını təsdiq etdilər.  

- Həm sosial şəbəkələrdə, həm də mütəxəssislərlə söhbətimizdə yarışmaya yönəlik önəmli iradlardan biri də iştirakçıların daha çox əcnəbi mahnılar oxuması ilə bağlıdır. Repertuarı kimlər seçir?  

- Repertuarı, yəni oxuyacaqları musiqiləri ifaçılar özləri seçir. Bu məsələdə onlara müdaxilə edilmir. Bizdə çox demokratik atmosfer hökm sürür. Bu yarışma "Talpa" beynəlxalq şirkətinin lisenziyası əsasında gerçəkləşir. Və şərtləri beynəlxalq şirkət özü müəyyənləşdirir. Yəni bizim onlara nəyisə diqtə etməyə ixtiyarımız yoxdur. Aramızda müqavilə imzalamışıq və onun bütün şərtlərinə də əməl etməliyik.  

- O müqavilədə yerli və əcnəbi mahnıların hansı proporsiyalarla ifa olunması nəzərdə tutulur? 

- Bəli. Yerli və əcnəbi mahnılara neçə faiz yer verilməsi məsələsi də şərtlərdə öz əksini tapır. Amma "Rinq" mərhələsində Azərbaycan mahnıları 40 faiz təşkil edəcək.  

- O zaman bu, ifaçıların mahnı seçiminə də təsir edir.  

- Bu layihədə klassik estrada, pop, caz əsərləri ifa olunmalıdır. Burda başqa əsər, başqa janr olmamalıdır. Misal üçün, xalq mahnısı, muğam olmamalıdır. Çünki "Səs Azərbaycan" sırf estrada müsabiqəsidir. Bilirsiniz ki, bizdə Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildən bir muğam müsabiqəsi keçirilir. Yəni AzTV olaraq muğam və xalq mahnılarının təbliği ilə hər zaman məşğul oluruq.  

- Ümumi göstəricilərə baxanda Azərbaycan mahnıları həddən artıq az ifa olunur. Narahatlıq daha çox bununla bağlıdır. "O səs Türkiyə" yaxud digər yarışlarla müqayisə edəndə bu nəticəyə gəlmək olar... 

- "O səs Türkiyə" formatdan çıxıb. Amerika, Böyük Britaniya, Avstraliyada da "Voice" yarışması keçirilir. Bu yarışmaların hamısına baxmışıq. Sözümün canı odur ki, biz yalnız "O səs Türkiyə", yaxud Rusiyanın "Qolos"una baxmaqla kifayətlənməmişik. Bütün dünyada nümayiş olunan "Voice" yarışmalarına baxsanız, görərsiniz ki, hamısında eyni qaydalar mövcuddur. "Talpa"nın şərti budur.  Onu da deyim ki, bu, çox nəhəng proyektdir. Və eyni anda bir neçə yerdən çəkilişlər gedir. Biz proyekti həyata keçirmək üçün 200 nəfərə qədər beynəlxalq komandanı dəvət etmişik. Bu komandada "Voice" proyekti üzrə püxtələşmiş heyət çalışır. Ona görə orada hansısa tanışlıqdan, hansısa qeyri-peşəkarlıqdan söhbət gedə bilməz. Bundan başqa komandanın tərkibində kanalımızın əməkdaşları da yer alırlar. Bu, onlar üçün böyük şans və təcrübə deməkdir.  

- Xatirə xanım, "O səs Türkiyə"nin də yaradıcı heyəti burada yarışmanın seçmələrini həyata keçirdilər. Orada iştirak edən bir xanım iddia edirdi ki, "Səs Azərbaycan"a qatılıb, səsi bəyənilsə də, ondan 500 manat istənilib.

- Mən belə bir xəbərlə qarşılaşmamışam. Yenə deyirəm yarışmaya cəlb olunan beynəlxalq komanda ifaçıları qətiyyən tanımır. Ona görə belə bir hal ola bilməz. Bu böhtandan başqa bir şey deyil.  

- "Səs Azərbaycan"ın yaradıcı heyəti yarışmanın Feysbukdakı səhifəsində yazılan iradlara, təndiqlərə nə dərəcədə açıqdır. O iradları diqqətdə saxlayırsınızmı? 

- Biz hər bir fikrə hörmətlə yanaşan telekanalıq. Hərənin öz fikri var. Mən yarışma barədə yazılan fikirlərlə tanışam. Artıq birinə də münasibətimi bildirdim. Amma orada kiminsə "yarışmanı qeyri- peşəkarlar çəkirlər", "onların orijinal versiyadan xəbərləri yoxdur" kimi yazılarına rast gələndə Qriboyedovun "Ağıldan bəla" əsərində "Bəs hakimlər kimdir" məşhur kəlamı yadıma düşür. "Səs Azərbaycan"da beynəlxalq heyət çalışır, onlar peşəkar mütəxəssislərdir. Bir insan ki, o peşəkarların işini dəyərləndirə bilmir, mən elə adamın fikrinə münasibət bildirə bilmərəm. Onun heç tənqidini də qəbul edə bilmərəm. Çünki o təndiq özü peşəkarlıqdan kənardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/391347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR