​Parlament "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini təsdiq edib

18:17 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.
Kənd təsərrüfatı kooperasiyası - kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən öz maddi və sosial tələbatlarının ödənilməsi məqsədilə həyata keçirilən könüllü birgə fəaliyyət, kənd təsərrüfatı kooperativi- kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub, iştirakçılarının maddi və sosial tələbatlarının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədi ilə yaradılan hüquqi şəxsdir.
Qanuna əsasən, illik istehsalın 60%-dən az olmayan hissəsini bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı və su bioresurslarından, o cümlədən onların məhsullarının emalından əldə edən kooperativ kənd təsərrüfatı kooperativinə aid edilir.
Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətlərinə kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi, kooperativlərə və kənd sakinlərinə göstərilən maliyyə-kredit xidmətlərinin genişləndirilməsi, kooperativlərin güzəştli şərtlərlə kreditləşməsinin təmin edilməsi, kooperativlərin istehsal vasitələrinə olan tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi, kooperativlərə torpaq sahələrinin, gələcək məhsulların və tikinti obyektlərinin girov qoyulması yolu ilə kredit ayrılması və kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması daxildir.
Kooperativlər dövlət və bələdiyyə orqanları və hüquqi şəxslərlə birlikdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış bazarlarının təşkilində iştirak edə və ya belə bazarları təşkil edə bilərlər.Kənd təsərrüfatı məhsulları bazarlarında kooperativlərə ticarət yerlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/parlament-kend-teserrufati-kooperasiyasi-haqqinda-qanun-layihesini-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR