Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Min bir dərdin dərmanı zəli - REPORTAJ

Min bir dərdin dərmanı zəli - REPORTAJ

Date: 18 December 2015 18:39

Azərbaycanın cənub bölgəsində əhalinin uzun illərdən bəri məşğul olduğu sahələrdən biri də zəliçilikdir.

 

APA TV-nin Cənub bürosunun məlumatına görə, bir sıra xəstəliklərin dərmanı sayılan zəliyə olan tələbatın gündən-günə çoxalması və satış probleminin olmaması bu sahəyə marağı xeyli artırıb.

 

Masallı rayonunun Mollaoba kənd sakini Nicat Nəzərov 10 ildən artıqdır həyətyanı sahəsində zəli yetişdirməklə məşğuldur. Uzunluğu 20-25, eni 8-10 metr olan göldə o, əsasən yerli qara zəli növü yetişdirir. Nicat həmçinin respublikanın ayrı-ayrı rayonlarından gətirdiyi zəliləri də çoxaldaraq inkişaf etdirir: "Bunlar Azərbaycanın İmişli, Biləsuvar, Cəlilabad rayonlarından yığılan zəlilərdir. Bunlarsa öz yerli zəlilərimizdir. Başqa ölkələrin zəliləri ilə müqayisədə bizim yerli zəliləri saxlamaq daha effektlidir. Bu zəliyə tələbat böyükdür. Masallı, Lənkəran, hətta Bakıdan da zənglər gəlir, bizdən zəli istəyirlər".

 

Nicat Nəzərovun sözlərinə görə, zəli xüsusi şəraitdə saxlanılmalıdır. Əsasən əkin sahələrinə yaxın, çöllük ərazilərdə bəslənilən zəli dərinliyi 30 santimetr olan suda olmalı və mütəmadi olaraq həmin yerin suyu dəyişdirilməlidir. Çünki təmiz su zəlinin yaxşı inkişaf etməsinə şərait yaradır: "Bu, çömçəqutamla qidalanır. Başqa hüceyrələr də var. Zəli onlarla qidalanır. Hətta qamışın dibində olan mayaları, maddələri də sovurmaqla qidalanır".

 

Cənub bölgəsinə sonuncu dəfə düşən intensiv yağıntılar nəticəsində gələn sel suları Nicat Nəzərovun zəli sahəsinə də ciddi ziyan vurub. Həyətyanı sahəyə dolan su 15 min ədəddən çox zəlini yuyaraq aparıb. Hazırda bu sahənin yenidən dirçəldilməsində çətinlik çəkən Nicat dövlətin onlara dəstək olmasını zəruri sayır: "Aşağı faizlə kredit verilsə, biz bu sahəni inkişaf etdirə bilərik. Buna tələbat da var. Artıra bilərik. Hətta bunun üçün şəraitimiz də var".

 

Qeyd edək ki, zəlidən müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Cənub rayonlarında isə zəli daha çox bölgə üçün xarakterik olan revmatizm, damarların genişlənməsi, qan dövranı kimi xəstəliklərin sağaldılmasında əvəzsiz rol oynayır.

 

Mütəxəssis Fərid Aslanov: "Zəli insandan qanı sovurmaq üçün, qanı durultmaq üçün “hirudin” deyilən bir ferment buraxır ki, qan durulsun və o, rahat qanı çəkə bilsin. Bu da hirudini insanın orqanizminə ötürmüş olur. Zəlinin müalicəsi onun buraxdığı hirudin fermentidir".

 

Hazırda satışı əsasən daxili bazarda təşkil olunan zəlinin bir ədədinin qiyməti 40-50 qəpikdir.

 


Tags:  Min dərdin dərmanı zəli REPORTAJ

RƏYLƏR


Top news