Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının mədəniyyət, ədəbiyyat, mənəviyyat abidəsidir

“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının mədəniyyət, ədəbiyyat, mənəviyyat abidəsidir

Date: 18 December 2015 18:48


Lənkəran, 18 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş elmi-konfransda dastanın türk dünyasının şifahi xalq yaradıcılığında oynadığı roldan söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, elmi-konfrans Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən Lənkəran Şəhər İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Şəhər icra hakimiyyəti başçısının müavini Rasilə Əliyeva çıxış edərək bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanının geniş təbliği, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirir. Dövlətimizin başçısının dastanın alman dilində nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncam göstərir ki, milli mənəvi dəyərlər dövlət siyasətinin əsas mahiyyətini təşkil edir.
Elmi konfransda Lənkəran Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, dossent, folklorşünas alim Yədulla Ağazadə çıxış edərək diqqətə çatdırıb ki, hər bir azərbaycanlı “Kitabi-Dədə Qorqud” dastanının məzmununu, mənasını məktəbdən başlayaraq bilməlidir. İnsanlar bütün bunları nə qədər çox bilsələr, millətini, xalqını, Vətənini bir o qədər çox sevəcək. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının ən qədim mədəniyyət, ədəbiyyat, mənəviyyat abidəsi kimi həmişə aktualdır.
Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad çıxışında bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanı bir məkanla məhdudlaşmır. Dastan təkcə türk xalqlarının deyil, dünya miqyasında mühüm abidədir. “Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beynəlxalq aləmdə təbliğidir.
Konfransda çıxış edənlər dastanla bağlı həyata keçirilən layihələrin davamlı olmasını, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz mövqedən danışıb, qorqudşünaslığın tarixi və gələcəyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün dünyada silsilə tədbirlərin keçirilməsinin vacibliyini bildiriblər.
Sonda tədbir iştirakçıları “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” mövzusunda sənədli filmə baxıblar.


Tags:  Kitabi-Dədə Qorqud dastanı Azərbaycan xalqının mədəniyyət ədəbiyyat mənəviyyat abidəsidir


RƏYLƏR


Top news