“SOCAR Yay məktəbi-2015” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

“SOCAR Yay məktəbi-2015” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub
19:28 18 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) insan resursları departamentində “SOCAR Yay məktəbi-2015” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” neft və qazçıxarma idarəsinin 501 nömrəli özülündə və “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş qəzalar zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Departamentin rəisi Asif Bəkirli təhlükəsiz əmək şəraitinin SOCAR üçün vacib əhəmiyyət daşıdığını, şirkətdə işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları barədə təlimlər keçirildiyini vurğulayıb. Sonra SOCAR-ın yay məktəbi proqramının gənclərə verdiyi töhfələr, ölkə daxilində və dünyanın nüfuzlu universitetlərində təhsil alan gənclərin layihəyə marağının artması qeyd olunub. A.Bəkirli gəncləri dünyada baş verən proseslərin fonunda xaricdə və daxildə ölkəmizə qarşı yönəlmiş təxribatçı addımlara qarşı fəal mübarizə aparmağa, milli maraqlarımızın qorunmasını təmin etmək istiqamətində əllərindən gələni etməyi əsirgəməməyə, haqsız iradlara qarşı ədalətli mövqe sərgiləməyə çağırıb.
Yay məktəbi proqramının iştirakçıları isə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb və bu layihənin gənclərə müsbət təsirindən danışıblar. Qeyd edilib ki, layihə çərçivəsində SOCAR-ın müəssisə və təşkilatlarına təşkil edilən ekskursiyalar, Türkiyənin İzmir şəhərində yerləşən “Petkim” və “Star” neft emalı zavodlarına, “Petlim” limanına səfərlər və keçilən təcrübə, yay məktəbi layihəsində qazanılan biliklər, təqdimetmə və layihə idarəetməsi bacarıqları, gənclərin dünyagörüşünə və gələcəkdə yaxşı mütəxəssis kimi yetişmələrinə müsbət təsir edib.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_Yay_mektebi_2015_layihesinin_istirakchilarina_sertifikatlar_teqdim_olunub-912527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR