Sverdlovsk vilayətinin qubernatoru Azərbaycanla əməkdaşlığın uğurlu olduğunu vurğulayıb

Sverdlovsk vilayətinin qubernatoru Azərbaycanla əməkdaşlığın uğurlu olduğunu vurğulayıb
21:03 18 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 18 dekabr, AZƏRTAC
“2015-ci il sadə olmayıb. Amma Sverdlovsk vilayəti beynəlxalq əmək bölgüsü sistemində öz yerini qoruyub saxlamağa, sınanılmış tərəfdaşlarla münasibətlərini davam etdirməyə və yeni tərəfdaşlar tapmağa müvəffəq olub. Özü də regionun ticari tərəfdaşları olan ölkələrin siyahısında əmtəə dövriyyəsinin həcminə görə ilk on yerdən səkkizini Sverdlovsk vilayətində nümayəndəliyi olan dövlətlər tutur”. Bu sözləri Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Yekaterinburqa akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri ilə ənənəvi Yeni il qabağı görüşündə söyləyib.
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, regionun başçısı beynəlxalq tədbirlər çərçivəsində fəal birgə fəaliyyətə görə təşəkkür edib, VI Rusiya-Azərbaycan regionlararası forumunu və Azərbaycan ilə uğurlu əməkdaşlığı xüsusi vurğulayıb. Qubernator qeyd edib ki, nümayəndəliklərin bu il Rusiya-Çin tərəfdaşlığı devizi ilə keçirilən “İNNOPROM” Beynəlxalq sənaye sərgisinə xarici tərəfdaşların dəvəti və onların səfərlərinin təşkili sahəsində Sverdlovsk hökuməti ilə birgə fəaliyyəti konstruktiv xarakter daşıyıb. O deyib: “Dünyanın 70 ölkəsindən 600-dən çox şirkət, iri rəsmi və işgüzar nümayəndə heyətləri sərgiyə gəliblər. Bu, regionun gələcək inkişafına güclü təkan verib. Ümidvaram ki, bu trend gələn il də saxlanılacaq”.
Region başçısının sözlərinə görə, Sverdlovsk vilayətində danışıqlar zamanı razılaşma əldə olunan birgə layihələrin irəlilədilməsi üzrə tərəfdaşlarla iş gələn il də davam etdiriləcək.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov Sverdlovsk vilayətində xarici nümayəndəliklərin fəaliyyətinə yaradılan əlverişli şəraitə görə qubernatora təşəkkür edib. O, vilayətin bütün sakinlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək deyib: “Sverdlovsk vilayətinin və şəxsən sizin bizə göstərdiyiniz səmimi münasibətə, fəaliyyətimizi hərtərəfli dəstəklədiyinizə görə bütün missiyalar adından təşəkkür etmək istəyirəm. Mən yeni ildə Rusiyaya, Sizə və bütün sverdlovsklulara xoşbəxtlik və firavanlıq arzu edirəm. Rusiya çox güclü ölkədir. O, zamanın bütün çağırışlarına həmişə uğurla sinə gərib. Həmişə də belə olacaq”.
Bu il Yevgeni Kuyvaşev diplomatlara Yeni il hədiyyələri kimi sağlamlıq imkanları məhdud olan hazırladıqları suvenirləri - mücrü və yolka oyuncaqları bağışlamaq ənənəsini davam etdirib. Bunu düzgün və təsirli ənənə adlandıran Fransanın Yekaterinburqdakı baş konsulu Erik Niyye deyib: “Bu hədiyyələri insanların öz əlləri ilə yaratmaları mənim çox xoşuma gəlir. Onlar bu suvenirlərə öz hərarətini və məhəbbətini bəxş ediblər. Bu yolla fiziki imkanları məhdud olan insanlar özlərini lazımlı və gərəkli hiss edirlər. Bu çox riqqət doğuran ənənədir”.
Rusiyadakı diplomatik missiyaların sayına görə Sverdlovsk vilayəti Moskva və Sankt-Peterburqdan sonra üçüncü yeri tutur. Yekaterinburqda xarici dövlətlərin təqribən 30 rəsmi nümayəndəliyi – konsul müəssisələri, ticarət missiyaları, fəxri konsul ofisləri akkreditə olunub.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sverdlovsk_vilayetinin_qubernatoru_Azerbaycanla_emekdasligin_ugurlu_oldugunu_vurgulayib-912557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR