"Qıza görə 10 min"in PƏRDƏARXASI

"Qıza görə 10 min"in PƏRDƏARXASI
10:52 19 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2-ci qıza görə 10 min manat verilməsi məsələsinə nazirlikdən reaksiya gəlib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda 2-ci qız övladının doğulmasına görə verilməsi nəzərdə tutulan 10 min manatla bağlı əhali arasında yaranan suallara aydınlıq gətirərkən mükafatlandırma sisteminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hazırlandığını və 2015-2020-ci illər üçün nəzərdə tutulan demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsinə dair Dövlət Proqramına salındığını deyib.

"10 min manat veriləcək" ifadəsi heç kimin dilindən çıxmayıb"

Milli.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev isə modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, həvəsləndirmənin hansı formada olacağını qəti demək tezdir: "Heç bir dövlət rəsmisinin dilindən "10 min manat veriləcək" ifadəsi çıxmayıb. Bu rəqəmi mətbuatın haradan tapdığı bilinmir. Sadəcə, bildirilib ki, müxtəlif variantlar var, onlardan biri də həvəsləndirmədir. Bunun hansı formada olacağını demək tezdir".

Nazirliyin sözçüsü qeyd edib ki, doğulanlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması məqsədi ilə hazırlanacaq fəaliyyət planında abort siyasətinə yenidən baxılması və bir sıra başqa məsələlər nəzərdə tutulub: "Proqramda hamiləliyin sonrakı dövrlərində ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda abortlara məhdudiyyətlərin qoyulması, həkimlərin məsuliyyətinin artırılması, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi, kontraseptiv vasitələrdən istifadə səviyyəsinin artırılması, qız uşaqları olan ailələrlə bağlı əlavə sosial proqramların hazırlanması və digər tədbirlərin nəzərdə tutulmasının zəruriliyi bildirilir".

Fevral ayında da bu məsələni Vüqar Bayramov gündəmə gətirdi

Amma maraqlı məqam odur ki, bu məsələ tez-tez gündəmə gəlir. Son olaraq bu ilin fevralında mediada ciddi müzakirə olundu. Həmin vaxt Azərbaycanda qız valideynlərinin mükafatlandırılması üçün yeni sistemin tətbiq olunacağını İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov açıqlamışdı. İqtisadçı bildirmişdi ki, ailədə ikinci qız dünyaya gəldikdə onun adına bankda 10 min manatlıq hesab açılacaq.

"Mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramına daxil edilib. Dövlət Proqramının layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək, müvafiq olaraq yaxın aylarda qüvvəyə minəcək", - deyən iqtisadçı əminlik ifadə edib, amma dəqiq tarixi açıqlamamışdı. Az keçmədən bu məsələ rəsmi səviyyədə təkzib olunsa da.

Azərbaycan və Ermənistanda... qız uşaqları doğulmadan məhv edilir

Milli.Az musavat.com-a istinadən bildirir ki, xəbər yayılandan sonra daha çox müzakirə olunan məsələ isə bu anonsun o qədər də inandırıcı olmaması, həyata keçirilməyəcəyi ilə bağlıdır. Halbuki Azərbaycan ailələrində qız uşaqlarının sayının azalması problem kimi özünü göstərməyə başlayıb. Orta məktəblərdə müəllimlər oğlanlarla eyni partada oturtmağa qız şagirdləri tapmırlar.

Bu yaxınlarda açıqlanmış bir araşdırma üzə çıxarıb ki, Azərbaycanda qızların 10%-i dünyaya göz açmadan məhv edilir. Amerikalı tədqiqatçıların araşdırmasından o da bəlli olub ki, Azərbaycan və Ermənistanda cinsə görə selektiv abort geniş yayılıb. Tədqiqat 3 postsovet ölkəsində - Ermənistan, Azərbaycan və Gürcüstanda 2005-2010-cu illərdə 100 qıza azı 116 oğlan düşdüyünü üzə çıxarıb. Bu rəqəmlər Çin və Hindistanla müqayisə olunur. Bənzər fenomenə başqa postsovet ölkələrində, məsələn, Qazaxıstan, Moldova və Ukraynada rast gəlinməyib.

Bu arada Milli Məclisə ultrasəs müayinəsi zamanı dölün cinsini açıqlamağın həkimlərə qadağan edilməsi ilə bağlı təklif verilib. Lakin ekspertlər hesab edir ki, bu qadağa tətbiq edilsə də, ona riayət etmək, mexanizmi tapmaq çətin olacaq: "Bu halda da ultrasəs müayinəsi ilə bağlı qara bazar yaranacaq. İnsanlar hansısa gizli yollarla bu üsuldan yararlanmağa çalışacaqlar. Nəticədə vəziyyət daha da pisləşəcək. Ona görə də qadağa tətbiq etmək yerinə təfəkkürlərdəki qüsuru aradan qaldırmaq lazımdır".

"Science" jurnalının araşdırmasına görə, dünyada təbii halda hər 100 qıza qarşılıq 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni şəkildə oğlanların xeyrinə dəyişdirilir. Məsələn, Çində hər 100 qıza 120-150, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə 115 oğlan dünyaya gəlir.

Qız uşaqlarının sevilməməsinin ilginc səbəbi

Sosioloqlar isə düşünürlər ki, adətən qız uşaqlarına olan istəksizlik inkişaf etməmiş, partriarxal cəmiyyətlərdə özünü göstərir. Buna səbəb isə ailələrin qızları zəif hesab etməsidir. Belə ki, bu sayaq cəmiyyətlərdə qadınların hüquqları daha çox pozulur. O səbəbdən heç bir ana öz yaşadıqlarını övladlarının təkrarən yaşamasını istəmir. Bu isə cəmiyyətin özünün zəifliyindən irəli gəlir. Cəmiyyət zəif olduğundan zəif hesab etdiyi qadını qəbul etmək istəmir, zəifdən utanır. Halbuki müasir cəmiyyətdə qadının rolu dəyişib, indi fiziki güc mühüm deyil. Bu cür halların qarşısını almaq lazımdır. Bu işlə hökumət də ciddi məşğul olmalıdır, əgər hökumət etmirsə, onda qeyri-hökumət təşkilatları, ziyalılar, media etməlidir.

Ginekoloqlar isə hesab edirlər ki, gələcək körpənin cinsini təyin etmək üçün istifadə olunan metodlardan ən dəqiqi implantasiyaönü perinatal diaqnostikadır - başqa sözlə, süni mayalandırma vasitəsilə embrionun cinsinin təyini. Bu zaman lazer sitometrlə lazımi xromosom dəstinin seçimi aparılır. Müvafiq xromosom tərkibli spermatozoidlə mayalandırılmış yumurta hüceyrəsi qadının uşaqlığına implantasiya edilir və bununla da süni mayalanma başa çatır. Bu üsulun dəqiqliyi 90% təşkil edir. Bu üsuldan ən zəruri hallarda, məsələn, ailədə irsi xəstəlik (hemofiliya, talassemiya və s.) olduğu zaman istifadə olunur. Belə ki, misal üçün, hemofiliya genlərinin daşıyıcısı qadın olduğu halda bu xəstəliyə yalnız oğlan uşaqları tutulur.

Çin qadağanı dayandırdı, dünya ölkələri güzəşt tətbiq edir

Bəs bu problemin əlində ancaq Azərbaycan əsir qalıb? Dünya ölkələrində də bu problemi yoluna qoymağın qəribə üsulları var.

Başlayaq Çindən. Çin doğuma nəzarəti təmin etmək məqsədi ilə 35 il boyunca "Bir ailə - bir uşaq" siyasətini həyata keçirib. Amma bu siyasətin dayandırılması barədə qərar Çin Xalq Respublikası (ÇXR) Kommunist Partiyası Mərkəzi Komitəsinin oktyabrın 29-da başa çatan plenar iclasında qəbul olunub. Bu qərarla bütün ailələrə ikinci uşağı dünyaya gətirməyə icazə verəcək. Bu, ölkədə demoqrafik inkişafı təmin etmək məqsədi daşıyır.

ÇXR-də doğuma nəzarət siyasəti 1970-ci illərin əvvəllərində başlayıb. İlk mərhələdə böyük şəhərlərdə yaşayan ailələrdə ikinci uşağın doğulması qadağan edilib. 1980-ci ildən isə Çin əhalisinin 92 faizini təşkil edən Xan milləti üçün bəzi istisnalar olmaqla, "Bir ailə - bir uşaq" siyasəti tətbiq olunub. Mütəxəssislərin hesablamalarına görə, əgər "Bir ailə - bir uşaq" siyasəti tətbiq edilməsəydi, hazırda ölkə əhalisinin sayı 1,7-1,8 milyard nəfərə çata bilərdi.


İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır.

Finlandiyada isə çoxuşaqlı ailələrə, təkvalideynli ailələrə hər hansı bir imtiyaz verilmir. Lakin müxtəlif səpkilərdə sosial müavinətlər verilir. Bunlardan biri "yeni doğulmuşlar üçün paket"dir. Bu paket bütün qadınlara şamil edilir və uşağın 1 yaşına qədər hər bir ehtiyacları ödənilir. Paketin məbləği 1 neçə yüz avro ilə ölçülür. Uşaqlar böyüdükcə, onların digər ehtiyacları da nəzərə alınaraq müəyyən güzəştlər verilir.

Polşada isə hazırda xüsusi meyar qəbul olunub. Əgər çoxuşaqlı ailələrdə adambaşına düşən gəlir 125 dollardan azdırsa, onda həmin ailəyə imtiyazlar verilir. Əgər ailədə əlil uşaq varsa, valideynlərdən biri işləmirsə, həmin uşağa qulluq göstərməklə məşğul olurlarsa, onda həmin məbləğ 2 dəfə artırılır. Çexiyada hər doğulan uşağa görə qadının təqaüd yaşı azaldılır.
Almaniyada "Gəlir vergisi haqqında" və "Uşaq müavinətləri" haqqında qanunlar qəbul olunub. 2 yaşına qədər hər uşaq üçün anaya ayda 300 avro verilir. Bundan əlavə, əgər ailədə 3 və daha çox uşaq varsa, hər uşağa 179 avro verilir.

Çoxlu uşağın olsun, sənə qoyun verək

Rusiyada 1992-ci ildə "Çoxuşaqlı ailələrə sosial yardımın edilməsi" haqqında Sərəncamda çoxuşaqlı ailələrə yardım 32 maddədə göstərilir. Onlardan biri çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilir. Rusiyada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir.

Rusiyanın Sibir regionunda yoxsul çoxuşaqlı ailələrə 1000-dək qoyun pulsuz paylanacaq. Plana əsasən, Kemerevo regional hökuməti yoxsul çoxuşaqlı ailələrə yardım proqramı çərçivəsində 500 belə ailədən hər birinə bir cüt qoyun hədiyyə edəcək. Regionun qubernatoru Aman Tuleyev bildirib ki, məqsəd çoxuşaqlı yoxsul ailələrin ərzaq təhlükəsizliyini təmin etməkdir.

Kemerovo vilayətində 3 və daha çox uşağı olan ailələr coxuşaqlı sayılır. Xəbərdə o da qeyd olunur ki, qoyunlar ailələrə paylanmazdan əvvəl həmin ailələlərin heyvan saxlamaq imkanları nəzərdən keçiriləcək, ilk növbədə, tövlənin olub-olmaması yoxlanacaq. Buna oxşar proqramlar keçmişdə Rusiyanın digər bölgələrində də həyata keçirilib.

2011-2014-cü illər arası yerli hökumətlər tərəfindən Buryatiya regionunda 550 yoxsul ailəyə, ötən il isə Şimali Osetiyada 30 çoxuşaqlı ailəyə inəklər hədiyyə edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR