Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanı ermənilərə satan İran generalı...

Azərbaycanı ermənilərə satan İran generalı...

Date: 19 December 2015 11:27

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya müsahibəsində İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, general Mənsur Həqiqətpurla bağlı ilginc faktlar açıqlayıb.

S.Novruzov bildirib ki, Mənsur Həqiqətpurla bağlı Azərbaycanda cinayət işi qaldırılıb və o, bizim ölkənin ərazisinə daxil olduğu halda həbs ediləcək.

Sitat: "O bizim hərbi hissələrə gedərək Azərbaycana aid hərbi məntəqələrin yerlərini müəyyənləşdirib və gizli ermənilərə ötürüb. Bununla bağlı 1994-cü ildə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində cinayət işi qaldırılıb. Ona görə də Həqiqətpur Azərbaycana gələ bilmir, çünki gəldiyi təqdirdə həbs olunacaq. Azərbaycan Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyi onu maşınla da təmin edib. Həqiqətpur o vaxt İranın burada səlahiyyətli hərbi nümayəndəsi olub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı, peşəkar kəşfiyyatçıdır. Həqiqətpurgil Bakının "8-ci kilometr" ərazisində Naxçıvani küçəsi, ev 38 a, mənzil 36-nı 1992-ci il mayın 27-dən kirayələyib, məlumatları da oradan ötürüblər. "QAZ 31" və "Niva" markalı, c 01 57 az nömrəli maşında gəziblər. Onunla işləyən adamlar həbs olunublar, ifadələri məndədir. Bu işin, bu dəstənin də başında İran ordusunun generalı Həqiqətpur dayanıb.

O vaxt onunla çalışan insanların izahatları da var, xeyli fakt toplanıb. Onların arasında Azərbaycanın bəzi regionundan, o cümlədən Nardarandan olanlar da var. Onları özü ilə İrana aparıb-gətirirmiş. Həmin şəxslər özləri də etiraf edirlər ki, o vaxt Həqiqətpurun dəstəsi İranda onlara təlim keçəndə o təlimlərdə ermənilər də iştirak ediblər. Təlimlər isə Azərbaycana qarşı təxribatlar həyata keçirməkdən ibarət olub. İranda indi də bəziləri Nardarandakı inanclı insanları müxtəlif yolla təsir altına salmaq istəyirlər".

Məsələ ilə bağlı musavat.com-a milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər danışıb. O bildirib ki, çalışdığı zamanda bir nəfər İran diplomatı uğurlu əməliyyat nəticəsində saxlanılmışdı: "Bu, o dövrə təsadüf edirdi ki, həmin vaxt Füzuli rayonunda vəziyyət çox ağır idi. İş elə gətirdi ki, Füzuliyə getməli oldum. Həmin əməliyyatı rəhbərliyimlə tabeliyimdə olan idarə həyata keçirirdi. Ancaq Füzulidə olduğum zaman eşitdim ki, diplomatik toxunulmazlığı olduğu üçün çox təəssüf ki, həmin şəxsi buraxıblar. Adətən kəşfiyyatda əməkdaşı qorumaq üçün ona diplomatik toxunulmazlıq verirlər. O, hərbçi idi. Sonradan bəlli oldu ki, toxunulmazlığı var. Əməliyyat elə peşəkarlıqla həyata keçirilmişdi ki, məlumat ötürülən şəxs elə kompüterin arxasındaca yaxalanmışdı. Heç imkan tapıb kompüteri söndürə də bilməmişdi. Ötürdüyü  informasiya da ekranda qalmışdı. O zamanlar bu cür hadisələr baş verirdi. Bizim dövrümüzdə bir nəfər İran diplomatı saxlanılıb. İndi tam olaraq xatırlamıram  həmin şəxs Mənsur Həqiqətpur idi, yoxsa başqa birisi".

S.Əkbər İran diplomatlarının hazırda Azərbaycana təsir imkanlarından da danışaraq bildirib: "Azərbaycan müstəqillik qazandığı ilk gündən, yəni sərhədlər açılan  andan İranın hərbi və dini kəşfiyyatı ölkəmizdə çox aktiv fəaliyyət göstərir. Təxminlərimə görə, hazırda da onların Azərbaycan üzrə çox güclü şəbəkələri var. Bu şəbəkələrin isə ən güclü olduğu yerlərdən, bəlkə də, birincisi Nardarandır".

Milli.Az


Tags:  Azərbaycanı ermənilərə satan İran generalı



RƏYLƏR


Top news