Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Əsl" demokratiya belə olar: 1 mənzildə 178 adam!

"Əsl" demokratiya belə olar: 1 mənzildə 178 adam!

Date: 19 December 2015 11:37

Total saxtakarlıq şəraitində baş tutan referenduma ABŞ və Avropanın biganə münasibəti müxalifləri məyus edib 

Ermənistanda total saxtakarlıq şəraitində baş tutan referendumda diqqəti cəlb edən əsas məqamlardan biri də bu prosesə Qərb ölkələri, xüsusən də ABŞ tərəfindən verilən reaksiya oldu. Qərb dairələrinin çoxsaylı qanun pozuntularına loyal münasibət bəsləməsi isə ölkə müxalifətinin də hiddətinə yol açdı. Müxalif düşərgədə belə hesab edilir ki, Avropa, ABŞ belə mövqe sərgiləməklə Ermənistanda demokratiyanın yoxluğunda maraqlı tərəf kimi çıxış etdiklərini bir daha nümayiş etdirmiş olublar.

Məlumat üçün bildirək ki, referendumun gedişini cəmi 6 beynəlxalq təşkilatın 44 müşahidəçisi izləyib. Bəzi xarici ölkələrin mərkəzi seçki komitələrindən 33 müşahidəçinin referendumu izlədiyi bildirilir. Müşahidəçilərin böyük əksəriyyəti isə MDB ölkələrini təmsil edib. Hətta  Avropa Xalq Partiyasının bu ilin oktyabrında Madriddə keçirilmiş iclasında prezident Serj Sarkisyan bir çox Qərb  strukturlarını referendumu müşahidə etməyə dəvət etsə də, sonda Avropadan bura çox az müşahidəçi gəlib. ABŞ isə seçkilərə müşahidəçi göndərməyib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu referenduma ümumilikdə cəmi 4 ekspert göndərib. O da maraqlıdır ki, həmin şəxslərin  əsas işi referendumu müşahidə etmək yox, ümumi prosesə ekspert rəyi verməkdən ibarət olub. ATƏT-in Yerevan Ofisinin rəhbəri referendum kampaniyasını qiymətləndirməkdən imtina edib.
ABŞ və Avropanın saxta referenduma  dair neytral mövqe bildirməsi ölkə müxalifətini hiddətləndirir. "Joxovurd" qəzeti yazır ki, belə passiv mövqe hakimiyyəti növbəti saxtakarlıqlara da həvəsləndirir. Qeyd olunur ki, bununla Ermənistanda növbəti zorakılıqların, qanun pozuntularının yaşanmasına da Qərb ölkələri, ABŞ-ın, Avropanın Ermənistandakı nümayəndələri münbit şərait yaratmış olublar. Qərbin və onun müşahidə missiyalarının bu cür davranışı aydındır ki, Ermənistanda demokratik dəyərlər üçün yaxşı heç nə vəd etmir.
Sərhədsiz İnsan Hüquqları Təşkilatının direktoru Villi Fotren də Qərbin referenduma münasibətini sərt tənqid edir.  O bildirir ki, ənənəvi olaraq seçkiləri müşahidə edən beynəlxalq təşkilatlar tərəfindən göndərilən müşahidəçilərin sayı çox az olub. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu başqa hallarda bir qayda olaraq, müşahidə üçün yüzlərlə şəxs göndərməsinə baxmayaraq, bu qurum sözügedən referendumu izləmək üçün 4 ekspertlə kifayətlənib və referendumla bağlı hesabatını 2016-ci ilin fevralında yayacaq.
Villi Fotren onu da vurğulayır ki, referendum ciddi pozuntular şəraitində keçirilib. Misal üçün, Kasax kəndində 178 sakin bir mənzildə "qeydiyyatda olub" və onlar guya islahatların lehinə səs veriblər. Seçicilərin kütləvi şəkildə səsvermə məntəqələrinə daşınması, onlara təlimatların verilməsi və gizli səsvermə hüquqlarının pozulması, eləcə də səslərinin korrupsiya yolu ilə alınması halları bir sıra müxalif partiyalar və QHT-lərin nümayəndələri tərəfindən qeydə alınıb. 
Ermənistanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda iştirak faizi minimum səviyyədən yalnız 0,5 faiz artıq olub. Rəsmi məlumata görə, seçicilərin 63,35 faizi yeni konstitusiyanı dəstəkləmiş, lakin bu nəticə səsvermə hüququ olanların yalnız 31 faizini təşkil edir. Buna rəğmən, ABŞ başda olmaqla Qərbin sərgilədiyi passiv mövqe Ermənistan hakimiyyətinə öz niyyətini asanlıqla həyata keçirməyə imkan verir.  Təbii ki, bu da erməni müxalifətində Qərbə qarşı inamsızlığı daha da gücləndirir.
Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan da  qeyd edir ki, sərgilənən davranış Qərbin Ermənistanda demokratiya yoluna sədd çəkməsi kimi də qiymətləndirilə bilər. O, beynəlxalq dairələrdən dəstək gözləməyin əbəs olduğunu bildirərək ümidin yalnız xalqın özünə qaldığını vurğulayır.
Ümumiyyətlə, son vəziyyət erməni müxalifində Qərbə qarşı ciddi bir qəzəb yarandığını göstərir. Hesab edilir ki, ölkədə vəziyyətin indiki şəkil almasında hakimiyyətlə əməkdaşlıq edən ABŞ və Avropanın da günahı az deyil.  ABŞ və digərlərinin nəyə görə belə davranış sərgilədiklərini isə bundan əvvəl Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan belə izah edib ki, Qərbə Ermənistanda zəif hakimiyyət lazımdır, çünki belə hakimiyyəti ələ almaq asandır.
Bütün bunlar Ermənistanda ABŞ və digər Qərb ölkələrinə qarşı bir nifrət də formalaşdırır. Ümumiyyətlə, ermənilər hesab edirlər ki, yaşadıqları problemlərin əsas baiskarlarından biri də məhz ABŞ başda olmaqla Qərb dövlətləridir.
 
"Azərbaycan" qəzeti


Tags:  Əsl demokratiya belə olar mənzildə 178 adam

RƏYLƏR


Top news