Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraş Riçard Dikonun sərgisi açılıb (FOTO)

Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraş Riçard Dikonun sərgisi açılıb (FOTO)
11:58 19 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov – Trend:

Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” (On the Other Side) adlı fərdi sərgisinin açılışı olub. Trend-in məlumatına görə, tədbirdə görkəmli ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, yaradıcı gənclər, əcnəbi qonaqlar iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ekspozisiyanın açılışında qonaqları salamlayıb və sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və R.Dikona minnətdarlığını bildirib.

A.Ələkbərov deyib: “Bu gün Riçard Dikonun, Heydər Əliyev Mərkəzinin kollektivinin bir neçə il ərzində üzərində işlədiyi sərgisini təqdim edirik. Ekspozisiyaya Riçard Dikonun 39 işi daxildir və sərgi gələn il iyulun 15-dək davam edəcək. Qeyd etmək istərdim ki, bu sərgi 10 il ərzində dünyanın bir çox ölkəsində nümayiş etdirilib. Bütün mədəniyyət və incəsənət sevərləri bu sərgiyə dəvət edirik. Başda Riçard Dikon olmaqla bu ekspozisiyanın təşkilində iştirak edən hər kəsə, eləcə də “Lesson Gallery”yə, sərginin dizayneri Ştumenqerə, Heydər Əliyev Mərkəzinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Bütün kollektivin adından bizi həmişə dəstəkləyən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova dərin minnətdarlığımı bildirirəm”.

Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarov qeyd edib ki, R.Dikon Rəssamlıq Akademiyasında olub və Elmi Şuranın qərarı ilə britaniyalı heykəltəraşa “Azərbaycan Rəssamlıq Akademiyasının Fəxri Doktoru” adı verilib. R.Dikona qonaqların alqış sədaları altında bu fəxri diplom təqdim edilib.

Ö.Eldarov deyib: “Heydər Əliyev Fondunun, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Leyla Əliyevanın sayəsində təsviri incəsənətin görkəmli ustalarının sərgilərini görmək imkanımız var”.

Ardından “Digər tərəfdən” layihəsi üzərində işləyən yaradıcı kollektiv səhnəyə dəvət edilib.

R.Dikon səmimi qəbula və sərginin Bakıda təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova, eləcə də layihə üzərində işləmiş bütün yaradıcı kollektivə minnətdarlığını ifadə edib: “İki il əvvəl Venesiya biennalesində Azərbaycanın pavilyonu ilə tanış oldum. Elə orada Bakıda sərgi keçirmək təklifi aldım. Bunun həyata keçməsinə görə xoşbəxtəm”.

Heykəltəraş bütün dünyanı özünün ilham mənbəyi adlandırır. R.Dikon həmişə israrla bildirir ki, ozünü klassik mənada heykəltəraş hesab etmir. O, özünü nələrisə uyduran biri kimi qələmə verir və buna görə də çox mürəkkəb əsərlərin üzərində işləyərkən ağac, yaxud metalla işləyən mütəxəssislərlə əməkdaşlıq edir.

Sərgidə ağac, metal və keramikadan hazırlanmış həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim edilir.
R.Dikon 1949-cu ildə Uelsin Banqor şəhərində anadan olub. 1987-ci ildə müasir incəsənət sahəsinin nüfuzlu “Törner” mükafatına layiq görülüb. 40 ildən artıq müddətdə yaradıcılıqla məşğul olan R.Dikon hazırda Londonda yaşayır və fəaliyyət göstərir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2471562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR