Çilovun sərvəti

Çilovun sərvəti
13:32 19 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Xəzərin cənub-şərqində torpaqlarına hər tərəfdən coşqun dalğalar çırpılan bir ada var - Çilov adası. Əvvəllər Bakının Xəzər rayonunun ərazi vahidi idi. Bir neçə ildir təzə yaradılmış Pirallahı rayonunun tərkibinə daxil olub. Pirallahı demişkən, buradan Çilova qədər vertolyotla cəmi 8-10 dəqiqəlik hava, sürətli gəmi ilə isə 2-2,5 saatlıq dəniz yolu uzanır.

Adada salınmış qəsəbə neftçilərin məskənidir. Digər yaşayış məntəqələrindən adaya işləməyə gələnlər hər ayın yarısını burada qalırlar. Qəsəbənin daimi sakinləri də var. Onların da əksəriyyəti mədənlərdə çalışır.
Çilov həm də yaşı onilliklərlə ölçülən neft yatağıdır. Yerləşdiyi ada ilə adaş olan "Çilov" yatağını "28 May" Neft və Qazçıxarma İdarəsi istismar edir. "Çilov" dünyanın o nadir yataqlarındandır ki, onların həm dənizdə, həm də quruda yerləşən hissələri var. Yəni, Çilov neftçiləri ada torpaqlarında, eyni zamanda, Xəzərin qoynunda neft və qaz hasil edirlər.
"Çilov" köhnə yataq sayılır. Burada çalışan mütəxəssislərin sözlərinə görə, keçən əsrin ortalarından istismar olunmağa başlayıb. Məlum olduğu kimi, belə yataqlarda hasilatı nəinki artırmaq, hətta sabit saxlamaq çətin olur. Çünki yataq "yaşa dolduqca" layların təzyiqi düşür, sulaşma çoxalır, ümumiyyətlə, hasilat zamanı bir sıra problemlər ortaya çıxır. Lakin çilovlular öz əməksevərlikləri ilə, fədakarlıqları ilə, eləcə də yeni texnika və texnologiyalardan bacarıqla istifadə etməklə torpağın təkindən və dənizin dibindən bol məhsul əldə edə bilirlər. Çilovun bir sərvəti də elə bu yorulmaz insanların özüdür.
Təbiət bu insanlardan öz səxavətini əsirgəməyib. Yataq istismar olunduqca "yoxsullaşmır", onun ehtiyatlarının hələ tükənmədiyi üzə çıxır. Elə burada yeni özül quraşdırmaq fikri də həmin ehtiyatların mövcudluğuna əsaslanır. Belə ki, "Çilov" üçün yeni stasionar dəniz özülünün inşası nəzərdə tutulub. Özülü "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında baş podratçı - SOCAR-ın "Neftqaztikinti" tresti inşa edəcək.
Yeni özül dənizin 5-6 metr dərinliyində quraşdırılacaq və buradan 10 istismar quyusunun qazılması mümkün olacaq. Qurğu ən müasir qazma avadanlığı və kranla, yanğından mühafizə və fontana qarşı sistemlərlə təchiz ediləcək. Özülün 80 kubmetrlik içməli su və 50 kubmetrlik yanacaq çənləri, xilasedici qayıqları və digər zəruri avadanlıqları olacaq. Burada 40 nəfər işçinin yaşaması üçün hər cür şəraiti olan blok yerləşəcək. Özüldə eləcə də elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə 5 dizel elektrik generatoru quraşdırılacaq. Bir sözlə, yeni qurğu neftçilərə ətraf mühitin və əməyin mühafizəsinin bütün müasir norma və tələblərinə uyğun şəkildə işləməyə imkan verəcək.
İlkin hesablamalara görə, özüldən qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcək. Bu, Çilovda yaşayanların və işləyənlərin məşğulluğu, xoş güzəranı deməkdir. Bunlar varsa, deməli, Çilov hələ uzun illər xalqımıza, iqtisadiyyatımıza xidmət edəcək.
 
"Azərbaycan" qəzeti


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR