“Vətəndaşların müraciətləri haqqında” Qanunun icrasından irəli gələn vəzifələr Nəsimi rayonunda müzakirə edilib

13:53 19 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun icrasından irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyətində müzakirə olunub.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Azərbaycan xalqının rifahının daha da yaxşılaşmasına və ölkəmizin qüdrətinin artmasına yönəlmiş çoxşaxəli tədbirlərin tərkib hissəsi olaraq, yeni imzalanmış “Vətəndaşların müraciətləri haqqında” Qanun qanunvericiliyin təkmilləşdirilməsinin, insanların hüquq və azadlıqlarının təmin edilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara qayğı, diqqət gündən-günə artırılır, onların Konstitutsiya hüquqlarını daha yaxşı təmin etmək məqsədilə müstəqillik illərində formalaşmış qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir.
Bildirilib ki, Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən yeni Qanunun əsas müddəalarına şərh verilib.
Tədbirdə çıxış edənlər Qanunun həm vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında, həm də müraciətlərə baxılması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Sonra icra hakimiyyətinin başçısı sakinlərin müraciətləri əsasında Nəsimi rayonunda abadlıq və quruculuq işlərinin aparıldığını, yaşayış binalarının, məhəllələrin, yolların, park və istirahət yerlərinin, kommunikasiya xətlərinin əsaslı təmir olunduğunu və yenidən qurulduğunu söyləyib. O, yeni Qanunun müddəalarından irəli gələn vəzifələrlə bağlı dövlət qulluqçularının, xidmət sahələrində çalışan şəxslərin məsuliyyətinin artdığını bildirib, vətəndaşların müraciətlərinə baxılmasının, onların qəbulunun və sənədlərlə işin daha da yaxşılaşdırılmasının ümdə vəzifə olduğunu qeyd edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vetendaslarin_muracietleri_haqqinda_Qanunun_icrasindan_ireli_gelen_vezifeler_Nesimi_rayonunda_muzakire_edilib-912660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR