Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ölkənin "it cənnəti": 15 min adam artıq "feyziyab" olub - FOTO

Ölkənin "it cənnəti": 15 min adam artıq "feyziyab" olub - FOTO

Date: 19 December 2015 15:27

Bakının sahibsiz itlər problemi bitmir. Xüsusilə də Bakıətrafı qəsəbələrdə sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib. Bu hal paytaxtın bir çox ərazilərində müşahidə olunur.

Suraxanı rayonu, Bülbülə qəsəbəsində son bir ayda 10-a yaxın sakini it dişləyib. Bu barədə Bülbülə qəsəbəsi, Samir Əliyev massivinin sakinləri tərəfindən virtualaz.org saytına ünvanlanan müraciətdə deyilir.

Sakinlərin sözlərinə görə, sahibsiz itlərin qorxusundan uşaqları məktəbə buraxmırlar: "Məktəb yaşayış massivindən kilometrlərlə uzaqda yerləşir. Amma uşaqlar məktəbə piyada gedirlər. İndi sahibsiz itlərin qorxusundan uşaqları məktəbə də göndərə bilmirik. Sahibsiz itlər bu günlərdə işdən qayıdan qadına hücum eləmişdilər. Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi isə müraciətlərimizə cavab vermir".

Zığ qəsəbəsinin sakinləri isə sahibsiz itlərin sayəsində səhərə kimi rahat yatmağı unudublar.

Qəsəbə sakini Gülnar Məmmədova deyir ki, gecə səhərə kimi itlərin səsi kəsilmir: "Hava soyuyan kimi itlər binaların bloklarına doluşurlar. Səhərə kimi səs-küydən yata bilmirik".

Nizami rayonu, 8-ci kilometr qəsəbəsinin ("Vosmoy bazarı"nın ətrafı) sakinləri də sahibsiz itlərdən şikayətçidirlər.

Cəmşid Naxçıvanski küçəsi, 40-da yaşayan Arif Həmidov söyləyir ki, axşamlar bazarın yaxınlığından keçmək mümkün deyil: "İtlər sürü ilə gəzir. Axşamlar bazarın yaxınlığından keçə bilmirik, dərhal hücum edirlər. Quduzluq və ya digər infeksion xəstəliklərin yayılması bir yana, uşaqlar qorxudan xəstəlik tapıblar. Axı yaşlılar, qocalar, uşaqlar var. Müvafiq dövlət qurumları hara baxır?"

Xətai rayonu, Məhəmməd Hadi küçəsinin sakinləri isə sahibsiz itlərdən çox, bu sahəyə nəzarət edən qurumlardan narazıdırlar: "Sahibsiz itlər sübh tezdən və axşama doğru binaların həyətinə hücum çəkirlər. Dəfələrlə JEK-ə şikayət etmişik, tədbir görülməsini istəmişik. Amma nəticəsi olmayıb".

Qeyd edək ki, Ramana, Balaxanı, Zabrat, Suraxanı, Köhnə və Yeni Günəşli qəsəbələri, habelə Babək prospekti ("Maşın bazarı" tərəf), Keşlə qəsəbəsi sahibsiz itlərin oylağına çevrilib.

Onu da xatırladaq ki, Avropa Oyunları ərəfəsində sahibsiz heyvanların şəhərdən yığışdırılması səs-küyə səbəb olmuşdu. Heyvansevərlər buna qarşı çıxmışdılar.

Bəs problem necə həll edilməlidir?

Bu suala cavab axtarmadan əvvəl statistikaya nəzər salaq. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva virtualaz.org saytına açıqlamasında deyir ki, bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib: "Qeydiyyata alınanların 12 min 918 nəfəri it dişləməsi səbəbindən xəstəxanalara müraciət edib. Digərləri siçovul, pişik dişləmələri olub".

E.Əliyeva onu da deyir ki, küçələrdə sahibsiz itlərin hücumuna məruz qalma və dişləmə halları ilə bağlı müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz artıb.

Bəs sahibsiz heyvanların çoxalmasının səbəbləri nədir?

Təbii ki, biz itlərin 6 aydan bir 7-8 bala verməsini nəzərdə tutmuruq. Sahibsiz heyvanları Bakının mərkəz küçələrinədək gətirən səbəblərdən danışırıq. Hansı ki, bu səbəbləri Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və ona tabe qurumlar, məsələn, rayon icra hakimiyyətləri, Mənzil-Kommunal Təsərrüfatı Departamenti, mənzil istismar sahələri də bilirlər.

Biz də həmin səbəbləri yenidən xatırlatmaqla əlaqədar qurumların nəzərinə çatdırmaq istəyirik. Sahibsiz itlər özlərinə əsasən natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır.

Məsələn, Nizami rayonu, "8-ci kilometr bazarı"nın ətrafındakı zibil tullantıları vaxtlı-vaxtında daşınmır. Üfunət iyi, ət və ət məhsulları tullantılarının ətrafa atılması sahibsiz heyvanları buralara maqnit kimi cəlb edir.

Səbəblərdən biri də küçələrdə, yol kənarlarındakı qanunsuz sallaqxanalardır. Bakı kəndlərində, qəsəbələrdə, yol kənarlarında onlarla belə sallaqxana var. Kəsilən heyvanın qanı birbaşa küçəyə axıdılır, içalatı küçəyə atılır. Bu da ki, sahibsiz heyvanlardan ötrü "cənnət" yaratmaq deməkdir.

Halbuki həm BŞİH, həm də Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) qanunsuz sallaqxanaların fəaliyyətini qadağan edib. Meriya hətta qanunsuz küçə ticarətinin qarşısını almağa yönəlmiş tədbirlərlə bağlı da əmr imzalayıb. Bu əmrin tətbiqi isə beynəlxalq tədbirlər və ya hansısa ərazilərin təmizlənməsi zamanı yada düşür.

Məlumata görə, ət dükanları və sallaqxanalar sahə müvəkkilləri və rayon icra hakimiyyətlərinin himayəsində olurlar. Buna görə də məsələn, RGEM-in həmin sallaqxanaların ləğvi ilə bağlı qərarı yerinə yetirilmir.

Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Məsələn, Suraxanı rayonu, Zığ qəsəbəsində zibil qutuları yaşayış binalarının həyətində, daha doğrusu, düz blokların qarşısındadır. Çünki ərazi qarış-qarış satıldığından zibil qutularına yer tapılmır. Günün müxtəlif saatlarında bu qutuların yanında siçovul, it, pişik, hətta inək və eşşəyə də rast gəlinir.

Ərazidə sahibsiz heyvanların sayı o qədər çox olur ki, tullantıların qutuya atılmasına da ehtiyac qalmır. Atılan zibillər sahibsiz heyvanlar tərəfindən binanın həyətinə, oradan bloklara, sonra isə az qala mənzillərə geri qayıdır. Sadaladığımız səbəblərin aradan qaldırılması qeyri-mümkün deyil.

Sahibsiz heyvanlarla mübarizəyə gəldikdə isə bu işi BŞİH-in Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi həyata keçirir.

İdarənin virtualaz.org saytının sualını cavablandıran əməkdaşı sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirildiyini dedi: "Vətəndaşlar zəng vurub ünvanı söyləyirlər. Bizim əməkdaşlar da əraziyə gedib itləri əllə tuturlar. Sonra tutulan heyvanlıar idarənin həyətinə gətirilir".

Bəs idarəyə gətirilən itlərin taleyi necə olur, onlar sonradan hara aparılır, harada yerləşdirilir?

İdarənin özünü təqdim etmək istəməyən əməkdaşı bu sualı cavablandırmaq səlahiyyətində olmadığını dedi: "Buna yalnız rəhbər işçilər cavab verməlidir. İtlərin sonra hara aparıldığını yalnız onlar deyə bilərlər".

Rəhbər işçiləri isə iki gün ərzində işdə tapa bilmədiyimizdən suallarımız da cavabsız qaldı.

İdarə rəhbərləri sussa da edilən müraciətlər, gördüklərimiz və statistika çox şeydən xəbər verir. Belə görünür ki, problem də hamı görür, amma onun həllinə hansısa səbəblərdən çalışmır. Ya bacarmır, ya da istəmir.

Və görünən həm də odur ki, problemi deyəsən, buna məsul qurumlar və səlahiyyətli şəxslər yox, ictimai təşkilatlar həll edəcək. Belə ki, məlum olduğu kimi, İDEA İctimai Birliyi Bakı şəhərinin Qaradağ rayonunda Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzi inşa etdirir. Burada sahibsiz heyvanlar üçün sığınacaq, baytarlıq klinikası və digər şəraitin yaradılması nəzərdə tutulur. Ümid deyəsən, bu mərkəzə qalır...

Milli.Az


















Tags:  Ölkənin it cənnəti 15 min adam feyziyab olub FOTO


RƏYLƏR


Top news