AMEA Direktorlar Şurasının növbəti iclasında il ərzində görülmüş işlərdən danışılıb

17:13 19 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi müəssisələrinin Direktorlar Şurasının növbəti iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrinin direktorları, AMEA rəyasət heyəti aparatının idarə və şöbə rəisləri iştirak ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə olan məsələlərlə bağlı məlumat verib. Bu ilin yekunlarına dair görülmüş işlərə toxunan akademik bildirib ki, 2015-ci il AMEA üçün kifayət qədər uğurlu, səmərəli və məhsuldar il olub. Akademik A.Əlizadə il ərzində akademiyanın 26-sı beynəlxalq olmaqla, 60-a yaxın mötəbər tədbir keçirdiyini diqqətə çatdırıb.
Elmin İnkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət proqramının icrasına dair görülən işlər haqqında məlumat verən akademik Akif Əlizadə qeyd edib ki, bu strategiyanın uğurla həyata keçirilməsi elmi tədqiqatların istiqamətlərini ölkənin mühüm ictimai-mədəni məsələlərin həllinə, eləcə də dünya elminin prioritet istiqamətlərinə uyğun müəyyənləşdirilməsinə, elmdə idarəetmə sisteminin modernləşdirilməsinə, elm və təhsilin inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına və s. müsbət təsir göstərib.
Sonra AMEA-nın təsərrüfat subyektlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələri, doktoranturaya qəbul prosesinin gedişi, doktorantlar arasında sosioloji sorğunun keçirilməsi, akademiyanın magistraturasında qış imtahan sessiyasına hazırlıq məsələləri, AMEA və Belarus Milli Elmlər Akademiyası arasındakı elmi texniki əməkdaşlıq və “Nature Publishing Group” və “Palgrave Macmillan” nəşriyyatları ilə əlaqələrin yaradılmasına dair təkliflər haqqında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, akademiyanın rəyasət heyəti aparatının elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov, beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev və digər natiqlərin çıxışları dinlənilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_Direktorlar_Surasinin_novbeti_iclasinda_il_erzinde_gorulmus_islerden_danisilib-912710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR