Şuşa şəhər 1 nömrəli tam orta məktəbin yaradılmasının 185 illiyi qeyd edilib

21:43 19 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Şuşa şəhər 1 nömrəli tam orta məktəbin yaradılmasının 185 illiyi qeyd edilib.
Bununla əlaqədar keçirilən tədbirin iştirakçıları əvvəlcə məktəbin məzunu Rövşən Bayramovun və təhsil müəssisəsinin gənc rəssamlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirdə çıxış edərək məktəbin Prezident İlham Əliyevin Sərəncamı əsasında tikildiyini deyib, bütün şuşalılar adından dövlətimizin başçısına təşəkkürünü bildirib. O, məktəbin 360 yerlik müasir binasının bu ilin sentyabrında istifadəyə verildiyini xatırladıb.
Bayram Səfərov 1830-cu ildə ilk dünyəvi təhsil ocağının qədim tarixi ərazimiz olan Şuşada yaradıldığını və 19 şagirdlə fəaliyyətə başladığını bildirib. Qeyd edib ki, təhsil sahəsində həmişə öz ənənəsi ilə seçilən bu məktəb ölkəmizə böyük alimlər, görkəmli şəxsiyyətlər, dəyərli ziyalılar bəxş edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov dövlətimizin başçısının tapşırığı ilə “Ölkəmizi tanıyaq” layihəsinin davamı olaraq gələn il “Dostlaşmış məktəblər” layihəsinin həyata keçiriləcəyini və ilk təhsil ocağının Şuşa şəhər 1 nömrəli tam orta məktəbin olacağını bildirib.
Tədbirdə çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, deputat Elman Məmmədov, deputat Bəxtiyar Əliyev, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov və başqaları Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan danışıblar.
Şuşa şəhərinin baş memarı olmuş İlhami Fətəliyev şuşalıların sevincini bölüşüb.
Sonra tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət oxunub.
Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Susa_seher_1_nomreli_tam_orta_mektebin_yaradilmasinin_185_illiyi_qeyd_edilib-912773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR