"SOCAR Trading"-in "neft Oskarı" - uğurlu strategiyanın bəhrəsi

"SOCAR Trading"-in "neft Oskarı" - uğurlu strategiyanın bəhrəsi
00:57 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Gərgin keçən 2015-ci il başa çatır. Siyasi qalmaqallarla, iqtisadi gərginliklərlə, problemlərin ətrafında hərbi əməliyyatlar gedən Azərbaycanın ərazisinə sıçramaq təhlükəsi ilə dolu bir il...
“Günəşi” yatağındakı 10-cu özüldə baş vermiş faciə də bu ilə ağırlıq mənasında öz damğasını vurdu. Fəlakət ciddi zərbə oldu: neftçilər həlak oldu. Onların çoxu hələ də itkin düşmüş sayılır. Fırtınalı Xəzərdən yalnız bəziləri çıxarılıb dəfn olundu. “Günəşli”də ölənlərə Allah rəhmət eləsin.
Allaha şükür ki, neftçi və xilasedicilər sayəsində fəlakətin miqyasının böyüməsinin qarşısı alındı. Yanğın söndürüldü. Onlarla neftçi xilas olundu. Neft o qədər də böyük əraziyə yayılmadı, ekoloji fəlakətin qarşısı alındı. Bizcə, yaxın vaxtlarda hökumətin iclası olacaq və prezident orada bütün bu işlərə yekun vuracaq. Faciənin əsl səbəblərini onda biləcəyik.
Şübhəsiz ki, günahkarların da adlarını onda biləcəyik.
Bir daha deyək ki, bu, Azərbaycan xalqının üzləşdiyi böyük faciə idi. Həm “Günəşli” yanğını, həm də “Neft daşları”nda fırtınanın köşk qarışıq dənizə atdığı neftçilərin faciəsi yaddaşlarda hələ uzun müddət qalacaq.
Lakin necə deyərlər, xeyirlə şər qardaşdır. Və bəzən elə olur ki, bir hadisə o birini gölgədə qoyur. “Günəşli” faciəsində də elə oldu. Azərbaycan neftçilərinin son illərdə qazandığı ən böyük nailiyyətlərdən biri sanki gölgədə qaldı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi kimi fəaliyyət göstərən “SOCAR Trading” şirkəti energetika sektorunda “Oskar”a bərabər tutulan “Platts Global Energy Awards” kimi nüfuzlu mükafata layiq görüldü. Şirkət bu mükafatı Maltada həyata keçirdiyi LNG layihəsinə görə “İlin strateji anlaşması” nominasiyasında aldı.
Bu layihənin texniki təfərrüatlarına varmadan yalnız onu deyək ki, “SOCAR Trading”in uğurları həqiqətən də böyükdür. Bütün menecmenti qabaqcıl Qərb standartları əsasında qurulan “SOCAR Trading” doğrudan da böyük və qabaqcıl şirkətdir. Şirkətin əməkdaşları əldə olunan uğurları onun təsisçilərindən və keçmiş səhmdarlarından biri olan Anar Əlizadənin işgüzar qabiliyyətləri ilə bağlayır. Bu azərbaycanlı sahibkar məhz “SOCAR Trading” kimi şirkət yarada bilməsi sayəsində işgüzar dünyanın artıq gənc və bacarıqlı nümayəndələrindən birinə çevrilib.
Anar Əlizadə artıq erkən yaşlarından sahibkarlığa başlayıb və 37 yaşında işgüzar qabiliyyətləri hesabına böyük nüfuz qazanıb. Onun bir tərəfdaş və investor kimi qabiliyyətini hər kəs lazımınca qiymətləndirir. O, BƏƏ ilə Azərbaycan arasında bu gün də inkişaf edən ticarət əlaqələrinin inkişafına təkan verən ilk sahibkarlardan olub. A.Əlizadənin neft sektoruna marağı məhz bu ölkədə yaranıb. O, bu ölkədə neft sahəsinə dair bir neçə şirkət qurur və bu ərəb ölkəsinin səmərəli təcrübəsini Azərbaycana gətirməyə başlayır.
Anar Əlizadə neft avadanlıqlarının ticarəti və yerli neft şirkətlərinə texniki xidmət göstərilməsi ilə məşğul olan “Grand” MMC şirkətini təsis etməklə SOCAR-ın ən etibarlı tərəfdaşlarından birinə çevrilib.
Lakin o, bununla da kifayətlənməyib və dünyanın ən şəffaf ölkələrindən sayılan Sinqapurda yeni “Union Grand Energy PTE” şirkətini yaradıb, bütün firmalarını onun çətiri altına yığır. O bu barədə Bakını da məlumatlandırır və öz ölkəsinin burada nümayəndəliyini açır. Beləliklə, Anar Əliyev ölkəsinə xaricdə qazandığı pullardan böyük məbləğdə vergi ödəyən ilk azərbaycanlı biznesmenə çevrilir.
Bununla belə A.Əlizadəni bir sual narahat edirdi: Azərbaycan neftini nəyə görə xarici treyder şirkətləri satmalıdır? Bu sual cavab axtarışları onu belə nəticəyə gətirir: bu vəziyyət ölkənin həm neft ixracından gəlirlərini azaldır, həm də Azərbaycan neftini brendə çevirməyi çətinləşdirir.
O, bu qənaətini SOCAR-la da bölüşür. Nəticədə “SOCAR Trading SA” şirkəti yaranır. Bu şirkətin fəaliyyəti nəticəsində isə dünya yeni brendi tanıyır - “Azeri Light”.
“SOCAR Trading” şirkətinin fəaliyyəti dünyada məşhur olan və iri şirkətlərin fəaliyyətinə peşəkar qiymət verən “Boston Consulting Group” (BCG) və “Wood Mackenzie” konsaltinq şirkətlərinin diqqətini cəlb edir. Və onlar indiyədək heç kəsin açıqlamadığı rəqəmləri açıqlayırlar: “SOCAR Trading” şirkətinin marketinq fəaliyyəti Azərbaycana neft ixracından təkcə 2008-2013-cü illərdə əlavə olaraq 1,7-1,8 milyard dollar xalis gəlir gətirib. Bunun üstünə “Azeri Laight” premiumunu, yeni ideyaları, Azərbaycan neftinin yeni fəlsəfəsini də gəlin...
“SOCAR Trading” ölkəyə həm də üçüncü tərəflərlə treydinq biznesini inkişaf etdirmək yolu ilə əlavə gəlirlər gətirir. “SOCAR Trading” 2010-cu ildən etibarən dünya bazarlarına hər il 70 milyon barrel Türkmənistan, Qazaxıstan, Rusiya nefti çıxarır.
BCG və “Wood Mackenzie” onu da təsdiqləyib ki, “SOCAR Trading” xam neft satışı üzrə daha çevik və aktiv sistem qura bilib və bu sistem bazarın imkanlarının qısamüddətli dəyişikliklərə məruz qalmasına da asan adaptasiya olunur.
Anar Əlizadə özünün “SOCAR Trading” şirkətindəki bütün səhmlərini 2012-ci ildə SOCAR-a satsa da onun uğurlu strategiyası hələ də öz bəhrəsini verir. Bunun əyani sübutu odur ki, şirkət nüfuzlu “Platts Global Energy Awards” mükafatına layiq görülüb. Bu da qənaətbəxş haldır ki, dünya bazarında neftin qiymətinin düşdüyü bir vaxtda əksər məşhur şirkətlər böyük çətinlik və itki ilə üzləşsə də “SOCAR Trading”in adı hələ də öncül şirkətlər arasında çəkilir.
virtualaz.org

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-trading-in-neft-oskari-ugurlu-strategiyanin-behresi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR