Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzər suitisi tükənirmi?

Xəzər suitisi tükənirmi?

Date: 20 December 2015 10:52

Xəzər suitisi (Pusa Caspica Gmelin) dənizin yeganə məməlisidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən biridir. O, yem zəncirinin başında dayanaraq həm də hövzənin ekoloji vəziyyətinin önəmli göstəricisi rolunu oynayır. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox idi. Növbəti yüz il ərzində tənzimlənməyən ov, çirklənmə və digər səbəblərdən rəqəm xeyli azalaraq 1996-cı ildə IUCN adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı siyahı"sına vəziyyəti "zəif" statusu ilə daxil olub. O zaman dənizin ümumi sahəsində hər 2 kvadratkilometrə 1 suiti düşürdü. 2008-ci ilin oktyabrında status dəyişərək "təhlükəli" yazısı ilə daha çox həyəcan doğuranda isə bu canlıların sayı cəmi 104 min idi və 4 kvadratkilometrə 1 suiti hesablanırdı. Bəs bugünkü vəziyyət necədir?

Bədbin statistika
 
Xəzər suitiləri dənizin şimalında qışda əmələ gələn buzlaqlarda balalayır. Hər ana ildə cəmi 1 bala verir ki, bu da onların ümumi sayını müəyyənləşdirməyə kömək edir. Lakin bu limit onların nəsil artımına ciddi əngəldir. Sözügedən məməlilər yetkinliyə və cütləşməyə 7-8 yaşında çatır, 50 ilə qədər ömür sürə bilirlər.
Şimaldan cənuba və geriyə il boyu səyahət edən suitilər 5 ölkəni payızın əvvəlinə qədər sahilbəsahil gəzirlər. Onlar əvvəlki dövrlərdə yaz və payızda dənizin hər yerində görünürdülər. Bu heyvanların müvəqqəti dayanacaq kimi əsas məskunlaşma yelərindən biri qartal başına bənzər Abşeron yarımadasının sahilləri və aralıdakı adalar idi. Yarımadanın lap qurtaracağında, qartalın dimdiyindən uzanmış dilə bənzəyən Şahdili ərazisi Abşeron arxipelağında suitilərin ən çox toplaşdığı yerlərdən idi. 1930-cu illərdə arxipelağın sahillərində hər il 10 minə qədər suiti dincəlirdi. Hətta 1935-1937-ci illərdə bu rəqəm 100 mindən 200 minə qədər olub. Əsrin sonuna qədər suitilərin sayı dramatik şəkildə azalıb və 1970-80-ci illərdə məlum olub ki, Şahdili və ətraf adalarda ildə cəmi 2 minə qədər suiti məskunlaşıb. Növbəti onillikdə bu heyvanların Azərbaycan sahillərində sayı qəfil azalıb və mini keçməyib. Alimlər burada sonuncu suiti məskəninə 2002-ci ilin martında rast gəliblər və təxminən 100 suiti görüblər. Bütün bu faktlar Azərbaycan Milli Elmlər Akademiyasının Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun son 44 ildə aparmış olduğu tədqiqat nəticəsində aydın olub.
Şahdilidə 1969-cu ildə ceyran və su quşlarının qorunması məqsədilə Abşeron Dövlət Təbiət Yasaqlığı yaradılmışdı. 2005-ci ilin fevralında canlıların daha səmərəli qorunması üçün Prezident İlham Əliyevin sərəncamı ilə bu ərazinin bazasında Abşeron Milli Parkı yaradılıb. Dövlət səviyyəsində mühafizə tədbirlərinə baxmayaraq, həmin ilin qışında burada sonuncu dəfə 2 diri suitiyə rast gəlinib. O vaxtdan indiyə qədər adıçəkilən ərazidə heç bir suiti görünməyib. Əvvəllər Abşeron arxipelağında il boyu müşahidə olunan suiti məskənləri artıq mövcud deyil.
Yarımadanın iki arxipelağından digəri 30-dan çox adası olan Bakı arxipelağıdır ki, XX əsrin əvvəllərində burada da xeyli suiti düşərgəsi var idi. XXI əsrdə bu adalarda suitiyə rast gəlinməyib. T.Eybatov son 20 ildə arxipelaqda yalnız Gil adası sahilində 2 diri suiti görüb.
 
Beynəlxalq həyəcan
 
1997-ci ildə 5 dövlətin sahillərində kütləvi tələfat baş verib. Cəsədlərdən götürülmüş nümunələrdə xlor üzvi birləşmələrinin (organochlorine - OCs) miqdarının yüksək olduğu müəyyən olunub. Sonra, 2000-ci il aprel-iyun aylarında şimalda başlamış növbəti kütləvi tələfat oktyabrda İrana çatıb. O vaxt təkcə Abşeronun 100 kilometrlik şimal sahilində 2210 ölü suiti tapılıb. İlk dəfə ingiltərəli professor Seamus Kenedi tələfatın əsas səbəbini CDV kimi tanınan it taunu xəstəliyi ilə diaqnozlaşdırıb. Qeyd olunan virus mədə-bağırsağı korlayır, göz yaşarması, burun axması, qusma, qızdırma və digər əlamətlərlə müşahidə olunur.
2001-ci ildə kütləvi tələfatın üçüncü dalğası baş verəndə çoxlu suiti cəsədini görən alimlər düşündülər ki, görəsən, hazırda Xəzərdə ümumən nə qədər suiti sağdır və hər il onlardan nə qədəri ölür. Bu məqsədlə "Xəzər suitilərinin mühafizəsi" layihəsi yaradılıb. Layihənin ilk seminarı 2006-cı ilin sentyabrında Bakıda keçirilib. Tədbir müddətində xarici alimlər T.Eybatovla birgə Bakı yaxınlığında adalara yollanıblar. Onlar gözlənilməz hal kimi heç bir suitiyə rast gəlməyiblər.
İsveç alimi Tero Harkonen yazır ki, 2005-ci ildə Xəzərdə suitilərin ümumi sayı 104 min idi. Bu, XIX əsrin sonundakı 1 milyonluq nəslin 10 faizini təşkil edirdi. Həmin ildə balaların sayı 19 min olub. Üç il sonra - "qırmızı siyahı"da vəziyyət "təhlükəli" yazılandan bir neçə ay əvvəl 6 min suiti doğulmuşdu. Bu rəqəmlə suitilərin ümumi sayını təsəvvür etmək çətin deyil.
 
Çirkli faktlar
 
Bir qrup alim suitilərin kütləvi qırılmalarının səbəbini dənizin xlor üzvi birləşmələri (organochloride - OCs) ilə çirklənməsində görürdü. Lakin digər qrup alimin məqalələrində göstərilir ki, Xəzərin neft istehsal edən böyük region olmasına baxmayaraq, karbohidrogen çirklənmələrini 1997-ci ildə yetkin suitilərdə xəstəliklərin, xüsusən də CDV-nin əsas səbəbi kimi müəyyən etmək mümkün olmayıb. Odur ki, virusun nədən əmələ gəldiyi hələ də naməlum qalır.
Suitilərin ümumi sayını müəyyən etmək üçün köməkçi faktorlardan biri də ölü heyvanları saymaqdır. Onlar ildən-ilə azalırsa, deməli, dirilər də azalır. Ona görə də sahilə çıxan cəsədlər çoxalanda alimlər üçün "pozitiv mesaj" olur.
 
Aman, ovçu...
 
Son 100 ildə Xəzər suitilərinin 90 faiz azalaraq 1 milyondan 100 minə düşməsi düzgün tənzimlənməyən kommersiya məqsədli ovlar ilə əlaqələndirilir. Dənizdə suiti ovunun dəqiq qeydiyyatı 1867-ci ildə başlanılıb və bu, onların ümumi sayının müəyyən olunmasına xeyli kömək edir. O zaman ümumən ovlanan suitilərin sayı ildə 30 mindən 110 minə qədər dəyişirdi. 1940-cı illərdə isə rəqəm 40 minə, daha sonra 20 minə enib. 1960-cı illərdə buzlaqlarda illik ov rəqəmləri lap azalaraq getdikcə balaların üzərində məhdudlaşmağa başlayıb. 2004-cü ildə rus ovçular hər il 3-4 min suiti ovlayırdı.
Rusiya Xəzərin ətrafında 5 dövlətdən ibarət Su Bioehtiyatları Komissiyasına rəhbərlik edir, lakin IUCN-in "qırmızı siyahı"sında "təhlükəli" statusunu və XSBTQ-nin tədqiqatlarının nəticələrini qəbul etmir. Şimal qonşu ölkə hesab edir ki, Xəzər suitiləri dənizin yığım məhsullarıdır və hər il 18 min suiti ovlanması normadır. Halbuki rus ovçular tapa bildikdə ilə cəmi bir neçə min bala ovlaya bilirlər.
Suitilərin sayca məhdudlaşmasının səbəbləri sırasında balıqların azalması və iqlim dəyişiklikləri də göstərilir.
 
Mübarizə tədbirləri və müasir vəziyyət
 
Vəziyyətlə mübarizə aparmaq üçün sahillərdəki ölkələrdə müxtəlif addımlar atılır. Azərbaycanda Şahdili xüsusi rejimlə qorunur, ictimaiyyətin maarifləndirilməsi üçün tədbirlər həyata keçirilir. Abşeron yarımadası və digər sahillərdə suların təmizlənməsi məqsədilə Prezident İlham Əliyev 20 iyun 2007-ci ildə Xəzər dənizinin çirklənmədən qorunması üzrə tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırılması və istifadəyə verilməsi üçün 3,5 milyon manat ayrılıb. Növbəti il iyunun 13-də bu məbləğ 2 milyon manat artırılaraq təmizləmə işləri daha da genişləndirilib. Qurğular artıq bəzi sahilyanı kənd və qəsəbələrdə quraşdırılıb və fəaliyyət göstərir. 2011-ci il aprelin 26-da AMEA-nın illik hesabat toplantısında akademik Akif Əlizadə Xəzəri öyrənən elmi-tədqiqat mərkəzinin yaradılması təklifini irəli sürüb. Üç gün sonra Azərbaycan Prezidenti Bakıda müştərək tədqiqatlar üçün Xəzər Elmi-Tədqiqat Mərkəzinin yaradılması barədə sərəncam imzalayıb.
2014-cü il noyabrın 18-də Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə suitilərin balaladığı dövrdə - 25 yanvardan 31 marta qədər, həmçinin buz örtüyünün əmələ gəldiyi vaxtda - 1 oktyabrdan 30 noyabra qədər ov qadağan edilib. Lakin sənəddə qadağanın həmin dövrlərdən sonrakı aylara şamil edilmədiyi xüsusi vurğulanır.
Qaldırılan həyəcan və görülən işlər vəziyyəti azacıq düzəldib. Belə ki, "qırmızı siyahı"da status dəyişdikdən sonrakı qış balaların sayı 6 mindən 19 minə qalxıb. 2011-2012-ci ilin qışında isə 16 min olub. T.Eybatov da son 7 ildə artım hiss edərək hesab edir ki, hazırda dənizdə ümumən 100 minə qədər suiti var. O, bu artımı ölü suitilərin sayındakı illik artımla əlaqələndirir. Onların artımını əvvəlki Abşeron məskənlərində antropogen səbəblərdən görmək çətindir. Rusiyanın Dağıstan Respublikasının təhsil üzrə hüquqşünası İlya Ermolin bu ilin martında Moskvada keçirilmiş Xəzər suitiləri ilə bağlı konfransda bildirib ki, Mahaçqaladan şimalda bu heyvanları ovlayan və məhsul kimi istifadə edən şirkətlər var.
Şotlandiyanın Suitilərin Mühafizəsi Cəmiyyəti 2011-ci ildə "Xəzər suitilərinin mühafizəsi" layihəsinin fəallarından biri, rusiyalı mütəxəssis Liliya Dmitriyevanın araşdırmalarına istinadən bildirib ki, dənizin şimalında hər il 12 min suiti qanunsuz ağbalıq ovu üçün qurulan torlara düşür və öldürülür. Bu, hazırda davam edən nəsil azalmasının ən ciddi faktorudur. Qazaxıstanda yerləşən Şimali Xəzər Əməliyyat Şirkəti (ŞXƏŞ) də suitilərlə bağlı apardığı tədqiqatların ən son nəticəsini 2013-cü ilin aprelində açıqlayaraq, onların azalmasına təsir edən amillər sırasında birinci olaraq ov torlarını göstərir.
T.Eybatov da həmkarları kimi düşünərək, Moskva konfransındakı çıxışında təkliflərin sırasında suitilərin ovlanmasına və torla tutulan qanunsuz balıq ovlarına nəzarətin artırılmasını ilk sıralarda sadalayıb. O, Çilov və ona yaxın adalarda suitilərin məhv edilməsinin qarşısının alınmasını da vacib hesab edib. Azərbaycan alimi ovların, çirklənmə və yem azlığının kompleks şəkildə təşkil etdiyi səbəbi daha güclü amil kimi qiymətləndirir.
Xəzər milyon illər ərzində iqlim və geoloji proseslərin təsirinə məruz qalaraq qapalı hala düşüb, bioloji aləmi ilə birgə təcrid həyatı yaşayır. Qapalı olduğuna görə suları yuyulmur, canlıları dünya okeanından artım dəstəyi ala bilmir. Suitilərin azalması dünya sularına çıxışı olan dənizlərdə də müşahidə olunur. Amma mühafizə tədbirləri nəticəsində yenidən artırlar. Xəzərin isə ümumi vəziyyəti, təəssüf ki, təbii və antropogen təsirlər qarşısında daha sürətlə ağırlaşır və gələcək üçün nikbin heç nə demir.

"Azərbaycan" qəzeti


Tags:  Xəzər suitisi tükənirmi


RƏYLƏR


Top news