Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliyalıların Milad adətləri

Date: 20 December 2015 11:53


Roma, 20 dekabr, AZƏRTAC
Milad bayramı İtaliyada ən çox sevilən bayramlardan biridir. Əksər ailələr bu bayramı sevdikləri insanlarla birlikdə evdə bir süfrə arxasında oturaraq qeyd etməyi üstün tuturlar. Bununla belə, İtaliyanın müxtəlif bölgələrində Milad adətləri fərqli olur.
Ümumiyyətlə İtaliyada Milad mövsümü dekabrın 8-dən start götürür və bir çox ailələr bayram hazırlıqlarına məhz bu vaxtdan başlayırlar. Belə ki, təmizlik və saflıq günü kimi qeyd olunan “L'İmmacolata concezione” (saflıq konsepsiyası) məhz dekabrın 8-i keçirilir. Milad bazarlığı, evlərin bu bayramın əhval-ruhiyyəsinə uyğun bəzədilməsi, hədiyyələrin seçilməsi, Milad menyusunun hazırlanması artıq dekabrın əvvəllərindən başlayır. Romada və digər böyük şəhərlərdə mərkəzi meydanlarda nəhəng yolkalar quraşdırılır, əyləncəli festivallar, paradlar təşkil olunur.
Dekabrın 13-də isə Müqəddəs Luçia festivalı keçirilir. Həmin gün gurultulu təbil sədalarının müşayiəti ilə parad təşkil olunur. Dekbarın 24-ü bütün İtaliyada “La Vigilia di Natale”, yəni Milad ərəfəsi kimi qeyd olunur. Küçələr, şəhərlərin görməli yerləri, müxtəlif tikililər gözqamaşdıran işıqlarla, Miladın əhval-ruhiyyəsini əks etdirən elementlərlə bəzədilir. İtaliyalılar dekabrın 25-də keçirilən Milad gününə hazırlaşmaq və saflaşmaq üçün Milad ərəfəsi günündə adətən daha az yeyərək balıq, tərəvəz kimi qidalara üstünlük verirlər. Ailəvi nahardan sonra italiyalılar gecəyarısı keçirilən kilsə mərasimlərinə qatılırlar. Milad günü bir çox ailələr dostlarını və qohumlarını günorta yeməyinə dəvət edirlər və bu zaman ənənəvi yeməklərə üstünlük verilir.
Milad mövsümü rəsmən yanvarın 6-da Epifania festivalı ilə (La Festa dell'Epifania) başa çatır. Rəvayətə görə, həmin gün ürəyiaçıq cadugər qadın müdrik insanların izinə düşərkən itir. Bu bayramda məhz bu inancdan irəli gələn və əsasən uşaqlar üçün əyləncəli tədbirlər təşkil olunur.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Tags:  İtaliyalıların Milad adətləri


RƏYLƏR


Top news