Alman cihadçı Avropaya dəhşətli xəbərlə qayıtdı

Alman cihadçı Avropaya dəhşətli xəbərlə qayıtdı
14:17 20 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Onlar elə bir şey etmək istəyirlər ki, hər yerdə eyni vaxtda baş versin. 

Milli.Az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bunu milliyyətcə alman olan Harri S. deyib.

Harri deyib ki, o, cihad sıralarını insanların başlarının kəsilməsini gördükdən sonra tərk etməyi qərara alıb və qaçaq düşüb.
"The İndependent" qəzeti yazır ki, 27 yaşlı keçmiş cihadçı özü ilə Avropaya dəhşətli xəbərlər gətirib. O deyir ki, İŞİD bütün Avropa boyunca böyük terror hücumuna hazırlaşır.
Harrinin sözlərinə görə, hazırda bu əməliyyatın həyata keçirilməsi üçün avropalı cihadçılarla söhbətlər aparılır. İŞİD əmr edir ki, "onlar cihadı özləri ilə evlərinə" aparsınlar.
Harri S. həmçinin qədim Palmira şəhəri İŞİD tərəfindən zəbt olunduqdan sonra həyata keçirilən qətliamlardan danışıb.

Maraqlı sual doğur: bütün bunları keçmiş cihadçı, alman Harri harda və kimə deyib?
Məsələ burasındadır ki, gənc alman artıq vətəninə - Almaniyaya qayıda bilib və hazırda həbsxanada saxlanır. O, polis tərəfindən dindirilir.
Elə bu arada ölkənin nüfuzlu "Der Spiegel" məcmuəsinə də Harri S. ilə söhbət etmək imkanı veriblər.
Harri israr edir ki, İŞİD-i cəmi üç aydan sonra tərk etməsinə səbəb qrupun Suriyada törətdiyi qansızlıqları görməsi olub.

İŞİD-in Merkelə qanlı mesajı

"The İndependent" yazır ki, keçmiş döyüşçü hələ cihadçı olan vaxtlarında İŞİD-in təbliiğat videosuna "düşüb".
Bu hadisə ötən il may ayında Palmirada baş verib. Həmin videoda Harrinin əynində hərbi forma, əlində "İslam Dövləti" adlanan təşkilatın bayrağı var.
Bu videoda almandilli döyüşçülər dünya boyunca İŞİD tərəfdarlarını yaşadıqları yerlərdə cihada çağırırlar.
"Səndən tələb olunan budur ki, böyük bir bıçaq götürüb küçələrə düşəsən və qarşına çıxan bütün kafirləri qətlə yetirəsən", - deyilirdi videoda.
Həmin videoya belə bir ad verilmişdi: "Xilafət şirlərinin Angela Merkelə qanla yazılmış mesajı".
Bu videoda məşhur Avstriya islamçısı Məhəmməd Mahmud da görünür. O, Avstriyada indi qadağan olunmuş sələfi təşkilatı "Millatu İbrahimi" yaratmışdı.

Harri S. deyir ki, hər həftə Rəqqada moizələr oxuyan M.Mahmud kütləvi edamlara şəxsən rəhbərlik edirdi.
M.Mahmudun və keçmiş Berlin reperi, "Əbu Talha əl-Almani" adlı Denis Caspertin hava zərbələri zamanı öldürüldükləri Almaniya hökuməti tərəfindən rəsmən təsdiq edilməyib.
Harri S. deyir ki, onları ilk dəfə Suriyada görüb. O güman edir ki, onların hər ikisini böyük bir ehtimalla həbsxanada alman islamçı Rene Mark Sepac radikallaşdırıb. Renenin özü həbsxanada soyğunçuluq ittihamı ilə cəza çəkirdi.

"Der Spiegel" yazır ki, Harri 2014-cü ildə İŞİD-ə qoşulmağa cəhd edərkən Türkiyə polisi tərəfindən həbs edilmişdi. Türklər onu Almaniyaya, Bremenə qaytarmışdılar. O, burada həftədə iki dəfə polis qeydiyyatından keçməli idi.
Buna baxmayaraq Harri bu ilin yazında başqa adla Suriyaya qaça bilib və İŞİD-ə qoşulub. Burada ona intiharçı bomba partlayışı törətməyi öyrədirdilər. O, ilk "əməliyyata" göndərilməsi ərəfəsində İŞİD-dən qaçaq düşüb.
İndi Harrini terrorçu təşkilata üzv olmaqda ittiham edirlər və onu uzunmüddətli həbsxana cəzası gözləyir.
Lakin onun vəkili Udo Vürtz deyir ki, müştərisi təqsirsizdir.
"O, İŞİD təbliğatı tərəfindən və özü tərəfindən aldadılmış lakeydir" - deyib vəkil.
Almaniya kəşfiyyatının məlumatına görə, hazırda Suriya və İraqda İŞİD-in sıralarına qoşulmuş 700 almaniyalı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR