Yeni dollar ajiotajı: İnsanlar valyutadəyişmə məntəqələrinə axışır - FOTO

Yeni dollar ajiotajı: İnsanlar valyutadəyişmə məntəqələrinə axışır - FOTO
15:05 20 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Neftin dünya bazarında getdikcə ucuzlaşması ilə bərabər, ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcələrini artırması manata növbəti zərbəni vurdu. Artıq ölkədə valyutadəyişmə məntəqələrində dollara tələbatın artdığı bildirilir. İnsanlar sonuncu dəfə avqust ayında olduğu kimi yenidən dollar almaq üçün "exchange"lərin qarşısında növbəyə düzülürlər. 

"Exchange"lər isə Mərkəzi Bankın açıqladığı məzənnədən maksimum baha sata biləcəkləri qədər dolların qiymətini qaldırıblar. Buna səbəb kimi isə dollara tələbatın çox olması əsas gətirilir. 
Musavat.com-un əməkdaşı Bakıda yerləşən "exchange"lərdə şahidi olub ki, daha çox insanlar olduğu yerlərdə dollar nisbətən baha satılır. Rəsmi məzənnə 1,0499 AZN təyin olunsa da, hazırda məntəqələrdə alış qiyməti olaraq 1.06, satış isə 1.07 AZN qeyd olunub.  

"Exchange"lərdə çalışanlar bildirirlər ki, onların rəsmi məzənnənin üzərinə 2 faiz qoyaraq, satmaq hüquqları var. Tələbat artıq olduğu üçün də onlar 1 dolları 1.07 AZN-ə satırlar. Həmçinin bildirilir ki, insanlar FES-in açıqlamasından sonra dollar almağa daha çox meyilləniblər. 

"Exchange"də çalışan Pərviz bildirdi: "Camaata deyirik ki, birinci günü gözləyin. Deyirlər ki, yox, bu gün bizə dollar satmalısız. Bu gün (20 dekabr) bazar günü olsa da, səhərdən dollar üçün xeyli sayda adam müraciət edib. İstirahət günləri Mərkəzi Bank işləmədiyi üçün əlimizdə dollar yoxdur. Elə insanlardan aldığımızı satırıq. Camaatda təlaş var, elə bil... Ötən həftə əlimizdə xeyli dollar qalırdı. Heç alan yox idi. Yenidən geri qaytarırdıq. Həmin vaxt dolları 1.056 AZN-ə satırdıq. İndi tələbat qiymətə də təsir edir".

Mövcud durumu və bundan sonra ölkə iqtisadiyyatını nə gözləməsini ekspert Rəşad Həsənovla da müzakirə etdik. R.Həsənov bildirdi ki, hazırkı situasiyanın bir neçə səbəbləri var: "FES uçot dərəcəsini artırdıqdan sonra dolların möhkəmlənməsi gözlənilən idi. Bunun nəticəsində Azərbaycanda da informasiyalı iş adamları bu istiqamətdə öz  mövqelərini möhkəmləndirməyə cəhd göstərirlər. Növbəti dövrlər üçün ödəniş və ya yığımlarını təcili şəkildə dollara çevirirlər. İkinci səbəb odur  ki, Neft Fondu faktiki olaraq, bazarda konversasiya həyata keçirmir. Buna görə də bazarda dollar qıtlığı yaranır. Üçüncü səbəb ondan ibarətdir ki, həftə sonları dolların məzənnəsində artım müşahidə olunur. Şənbə və bazar günləri Mərkəzi Bank bazarda iştirak etmədiyi  üçün müəyyən qədər artım olur. Çünki "exchange"lərdə olan dollar tələbata kifayət etmir. Növbəti səbəb isə budur ki, ümumiyyətlə, dekabr ayında dollar alışı sürətlənir. İdxalla məşğul olan böyük şirkətlər ilin sonu olduğu üçün xarici öhdəliklərini yerinə yetirməli, illik hesablaşmaları həyata keçirməlidirlər. Məhz bu səbəbdən də real sektorun dollara  tələbatı kəskin şəkildə artıb".

Ekspert bildirib ki, bütün bunların fonunda Mərkəzi Bank tərəfindən sürətli şəkildə intervensiya həyata keçirilir: "Böyük  məbləğlərlə ifadə olunan dollar bazara çıxarılır. Bu isə Mərkəzi Bankın ehtiyatlarının kəskin şəkildə azalmasına səbəb olur. Ümumiyyətlə, dekabr ayının göstəriciləri növbəti dövrlərdə məzənnə siyasətinin həyata keçirilməsi üçün önəmli olacaq. Bu ayın nəticələrinə görə, Mərkəzi Bankın intervensiya xərcləri təxminən 1.5-2 milyard arasında olacaq. Bunun nəticəsində bankın valyuta ehtiyatları təxminən 4.2 milyarda qədər azalacaq. Belə olduğu təqdirdə isə, bu, psixoloji hədd də hesab edilə bilər. Çünki növbəti dövrlərdə Mərkəzi Bankın artıq mövcud ehtiyatlar hesabına məzənnəni nə qədər müddətə qoruması, yaxud da qoruyacağı sual doğurur". 

R.Həsənov Mərkəzi Bankın proseslərlə bağlı hökumətlə müzakirələrə gedəcəyini söylədi: "Əminəm ki, hazırda da bu kimi müzakirələr ciddi şəkildə davam etdirilir. Çünki Mərkəzi Bank da vəziyyətin ürəkaçan olmadığı qənaətindədir. Bu zaman üçün bir neçə variant var ki, bunlardan biri də xarici borclanmaya getməkdir. Bu, həm hökumət, həm də Mərkəzi Bank tərəfindən düşünülən haldır. Çünki xarici borclanma ilə ölkəyə müəyyən qədər xarici valyuta gətiriləcək. Bu isə məzənnə sabitliyini qısa müddətli dövr üçün saxlamağa səbəb ola bilər. Neftin hazırkı qiymətləri fonunda bu addımın atılacağı ehtimalı isə nisbətən zəifləyir. Çünki müvəqqəti dövr üçün atılan addımlar, sonda ölkə üçün çox baha başa gəlir. Bu qərar veriləcəksə, devalvasiya, yaxud da "üzən məzənnə"yə keçidin bir ay gec, yaxud da tez olması əslində, borclanmanın qarşılığında ciddi arqument deyil. Buna görə də müəyyən qədər vəziyyət anlaşılan deyil. Real və bank sektoru növbəti dəyişiklik üçün davamlı deyil. Biz hələ birinci devalvasıyanın nəticələrini aradan qaldıra bilmirik. Məhz bu kimi səbəblərdən hələlik hökumətin hansı qərarı verəcəyini müəyyənləşdirmək çətindir. Ancaq bununla belə, Mərkəzi Bankın  bazarlarda məzənnənin sabitliyini qoruyub, saxlamaq imkanları kəskin şəkildə məhdudlaşır. Mərkəzi Bank bu siyasətini davam edərsə, qısa müddət sonra faktiki olaraq, bazarlarda əməliyyat funksiyasını itirə bilər. Çünki valyuta ehtiyatları sıfıra düşə bilər".

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/391700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR