Bakıda yaz havası

Bakıda yaz havası
18:41 20 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 9-12° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Qərb bölgəsi: Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər dağlarda duman, çiskin olacaq. Gündüz mülayim Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 9-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Ümumiyyətlə, dekabrın 28-ə kimi Bakıda və Abşeronda hava mövsüm normasından yüksək olacaq, paytaxt bir növ yaz günləri yaşayacaq. Maraqlıdır, Azərbaycanda havaların mülayim keçməsinə baxmayaraq, ölkəmizin yaxın qonşularında kəskin soyuqlar müşahidə edilir. Məsələn, Moskvada bu gecə Rusiya üçün normal olan 8 dərəcə şaxta olmasına baxmayaraq küləyin sürətinin 12-17 m/saniyəyə qalxması şəhər rəhbərliyini həyəcan təbili çalmağa məcbur edib.


Moskvada küləkli qar

Azərbaycana çox yaxın yerləşən bir ərzidə - Türkiyənin Kiçik Qafqaz dağlarının ətəyində yerləşən Ərdəhan vilayətinin Gölə rayonunda isə ötən gecə 31 dərəcə şaxta qeydə alınmışdı. Həmin gün Türkiyənin bütün şərq vilayətlərində mənfi temperatur qeydə alınıb. Əsasən azərbaycanlıların yaşadığı bölgənin Sarıqamış qəsəbəsində 20 dərəcə, Çıldır qəsəbəsində 13 dərəcə, Qars şəhərində isə 11 dərəcə şaxta olmuşdu.



Dünyanın ən soyuq məntəqəsi isə Rusiyanın Saxa Respublikasında yerləşən Oymakon dərəsindədir. Qeyri-rəsmi məlumatlara görə, 1938-ci ildə bu qəsəbədə 78 dərəcə şaxta olub. 45 dərəcə şaxtada Saxa Respublikasında məktəblərdə dərs dayandırılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367633

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR