Mövlana təbirincə "olmaq" və "görünmək"

Mövlana təbirincə "olmaq" və "görünmək"
19:17 20 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Kamil insan ney kimidir. Qupquru qurumuş, sinəsi qızmar şişlə dəlik-dəlik açılmış qamışdan düzəlmiş ney onu üfürənin istədiyi səsi çıxardığı kimi, kamil insan da onu yaradanın istəyindən özgə bir səs çixarmaz. (Mövlana)

"Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!"- Konyanın üfüqündən dünyaya ucalan sevgi günəşi, şəfqət sultanı Mövlana Cəlaləddin Rumi Həzrətlərinin zamanları aşan, nəsil-nəsil insanların ürəyini işıqlandıraraq gələcəyə axan bir çağırısı, nəsihətidir bu sözlər. Mənasını açıqlamağa girişsən, ən azı bir kitab çıxar ortaya. Əsərlərindən bəzi seçmələrdən başqa, bir şey oxumamış insanımız nə yazıq ki, bu ürfan ərbabı olan Mövlanamızı yetərincə tanıya, dəyərləndirə, sevə bilmir. Bəzən bir şeyin tez-tez təkrarlanması təfəkkürdə yeni kəşflərin açılmasına əngəl olur. Elə yazının əvvəlində söylədiyimiz, hər kəsin bildiyi, tez-tez təkrar etdiyi bu söz çoxumuz tərəfindən elə ilk səsləndiyi kimi adi, sadə anlamında qəbul olunur və daha bu çağırışın dərin qatlarına enmək, dibindəki mirvarini, incini axtarmaq ağlımıza gəlmir. Halbuki ikiüzlülüyün, riyakarlığın, nifaqın həm qaynağı, həm də müalicəsi bü sözdə gizlidir. Dilə rahat yatması və deyilişi nə yazıq ki, onun asan anlaşılmasına və yaşana bilməsinə yardım etmir. Bir düsturu öz həyatına tətbiq eləmək üçün gərək öncə onu yaxşı anlayasan. Mövlananın bu sözü əslində hər dəfə ilk eşidilirmiş kimi qəbul edilərsə və mövzuya könül gözü ilə baxılarsa, oradakı mətləblər pərdə-pərdə açılar, duyan könüllər üçün yeni anlamlar doğurar.

İç və çöl eyniliyini əsas tutan bu misilsiz Mövləvi öyüd əslində Məhəmmədi nəsihətlər silsiləsindəndir. Hər cür nifaqı və riyanı rədd edən, doğruluğu və ixlas düşüncəsini əmr edən bütün hədisi-şəriflərin məzmunundan ilhamlanaraq söylənmiş bir sözdür bu: "Ya göründüyün kimi ol, ya da olduğun kimi görün". Qəbul etməmək, razılaşmamaq mümkün deyil. Bu sözün ünvanlandığı iki şəxs var:

Həqiqi möminə deyir: Olduğun kimi görün. Yaradılış qayəsinə, fitrətinə uyğun olan saleh əməllər işlə. Amandır, olmadığın və düşməli olmadığın sifətlərə düşmə, kafir, müşrik və münafiq sifəti ilə görünmə.

Həqiqi qeyri-müslimə deyir: Nəyə inanırsansa, inandığın kimi ol və elə görün! Müsəlman deyilsən, münafiqlik etmə!

Əgər bu söz tək ünvana yönəlmiş olsaydı, onda da bu iki məna anlaşılardı:

İstər mömin ol, istər kafir, içi-çölü bir insan ol. Nəsənsə, o ol; Nə deyilsənsə, o cür görünmə. Möminsənsə, dosdoğru mömin ol, kafirlərə və ya müşriklərə bənzəmə. Kafirsənsə, dosdoğru kafir ol, küfrünü gizləyən münafiq olma!

İkinci məna bir qədər ziddiyyətlidir. Belə ki, hesaba çəkilən vicdanlı bir ağıl deyə bilər: Əgər Mövlananın sözünə əməl edib olduğumuz kimi görünsək, görünüşümüz necə olardı görəsən? Ruh dünyamızdakı bu qədər çirkabı, üfunəti, zir-zibili üzümüzə çıxarsaq, ətrafımızda o üfunətə tab gətirən, dözən neçə insan qalardı? "Göründüyün kimi ol!" deyir. Yəni bəzi insanlarda olduğu kimi, göründüyümüz kimi olsaq, zahiri çirkinliyimiz içimizdə əks olunsa, küfr zülməti ruhumuzu bürüsə, nə qədər vicdan, iman qalardı içimizdə? Əksər hallarda biz qəlbi imanlı, qəlbi çamurlu bəndənin vəziyyətində oluruq. "Ya göründüyün kimi ol, ya da olduğun kimi görün!" deməkdənsə, bəlkə "Olmalı olduğun kimi ol və ya olmağa çalış ki, könlün kimi görüntün də gözəl olsun və kamilləşsin" demək daha yaxşı olardı. Əgər insan gerçək özü ilə görüntüsü arasında get-gəl vəziyyətində qalarsa, həm doğrunu, həm də yalanı yaşamalı olacaq və əgər əcəl onu qəflət anında yaxalarsa, vay halına. Tövhid duyğusu, gerçək iman üzrə ölənlər qurtuluşa qovuşarlar.

Tövhid birlik deməkdir, iç ilə çölün birliyi. Allah birdir, bəndələrini də birliyə çağırır, ikiliyi və ikiləşməyi rədd edir. "Elə onun üçün sən tövhidə (birliyə) dəvət et və sənə əmr olunan kimi dosdoğru ol!" (Şura, 42/15; Hud, 11/112). El arasında bir söz var: özü-sözü bir olmaq. Qurani-Kərimdən gətirilən misalda da elə olmaq əmr edilir. Çöl görünəndir, iç gerçək. İki üzlü olmaq münafiqlikdir. Nifaq üzrə ölməmək üçün vaxt keçirmədən iki üzdən birini seçmək lazımdır. Təbii ki, mənfi üzü tərk edib müsbət olanı seçmək ən doğru olandır. Amma bir də "içi-çölü bir olanların" elə bir dərəcəsi var ki, nifaqın həmin məqamını sahibi özü belə fərq edə bilməz. Bu adamların içi ilə çölünün fərqi zülmət bir gecədə qara daş üstündə gedən qara qarışqanın görünən rəngi ilə daşın rəngi arasındakı fərq qədərdir. Əgər bu insan çölünü və içini müsbət yöndə eyniləşdirməyə çalışırsa, ixlas ruhu qazanacağı və əbədi səadətə qovuşacağı ehtimalı çox böyükdür.

Quran və Sünnədə bildirilir ki, insanın əsl dəyəri "göründüyü deyil, olduğu"dur, yəni çöl deyil, içdir. Amma burda bir incə məqam da var ki, əgər insanın zahiri dəyəri, yəni görüntüsü Allah rizası üçündürsə, bu niyyətlə gözəl görünməyə çalışırsa, onda onun bu cəhdi səmimiyyəti, ixlas düşüncəsi ölçüsündə dua yerinə keçər və Allah-Təaladan onu qəbul etməsi ümid edilər. Əgər zahiri görüntüsü dünya nemətləri üçündürsə, sahibi nifaq damğası ilə damğalanar, çölü müsəlman, içi imansız adamların cərgəsinə daxil edilər. Mömin olsa da, iman zəifliyi ucbatından əməldə nifaqa düşən neçələri var ki, öz iradələrini səfərbər edərək imanlarını saleh əməllərlə gücləndirməsələr, bəd əməllərlə imanı zəiflədə-zəiflədə elə bir hala gətirərlər ki, bir gün o inanc çəyirdəyini, rüşeymini də itirərlər. Unutmayaq ki, hər günahda küfrə gedən bir yol var.

Sözün özü, özün sözü budur ki, həm xalq dostu, həm də Haqq dostu Mövlana Cəlaləddin Həzrətləri kimi istər Xaliqlə, istərsə də xalqla həqiqət özlü haqq dostluqlar qura bilmək və Allah qatında gerçək dost ola bilmək üçün iç və çöl gözəlliklərini birləşdirmək, yox, əgər hər iki tərəfdə çirkinlik üstünsə, öncə onlardan birini təmizləməyə, sonra da o birini əvvəlkinin ardınca göndərməyə çalışmaq lazımdır. Bəzi ayələrdə buyurulduğu kimi insan hər zaman əmr olunduğu  kimi, olmağa qeyrət göstərməli, ruhunu, iradəsini bu istiqamətdə səfərbər etməlidir. Bütün səmimiyyəti ilə içini və çölünü müsbət yöndə birləşdirməyə can atan insan arada qalan fərqi də göz yaşlarının müşayiətilə Haqqa ünvanlanmış dualarla doldurmağa çalışmalıdır ki, mükəmməllik örnəyi, gülüşündə güllər açan Gül Nəbinin dilindən süzülən: "Allahım, surətimi gözəl yaratdığın kimi, sirətimi (daxili hal, əxlaq) də gözəlləşdir" duasında ərz olunduğu kimi muradına yetişə.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR