Düşünənlər üçün Mələklər sənə baş əymiş...

Düşünənlər üçün Mələklər sənə baş əymiş...
20:17 20 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

İnsana dəyər verən də, insanı dəyərdən salan da elə özüdür.

Allah-Təala (c.c.) ilk insanı yaradanda bütün cinlərə və mələklərə əmr elədi ki, ona  baş əysinlər, baş əyməyəni də lənətləyib uca dərgahından qovdu. İnsanı yer üzünə xəlifə təyin elədi Uca Yaradan. Günəşi, Ayı lampa kimi yandırıb başının üstündən asdı insanın. Ağaclar bitirdi, üstü çeşid-çeşid, dadbadad meyvələr, hamısı da insan üçün. Heyvanlar yaratdı, bəzisi ruzisi, bəzisi də miniyi olsun deyə insanın.

Hər gün gözümüzün qarşısından o tərəf-bu tərəfə keçən inəyə baxanda bir dəfə də onun yaradılış hikmətini düşünsənə! Canlı süd fabrikidir, hələ desən əti də yeyilir. Otu yeyir, yediyini mədəsindən məməsinə qədər südə çevirir. Dünyada hələ elə bir texnologiya kəşf olunmayıb ki, otdan süd ala bilsin.

Arı bizə bal hazırlamaq üçündür, at bizi belində gəzdirmək üçün...

Bizi sultan qılıb bu yer üzünə, ətrafımızdakı hər şeyi də əmrimizə verib Uca Yaradan. Buyurur ki, nəyə ehtiyacınız varsa, halallıq çərçivəsində yararlanın. Amma israfı heç sevmir, çünki israf, Yaradanın yaratdığını hörmətsiz tutmaqla yanaşı, həm də özündən sonra gələn ehtiyac sahiblərini düşünməməkdir.

Sənin əmrinə verilmiş hər məxluq, ağac da, ot da, balıq da, quş da öz dilində Yaradanı zikr edir. Amma Allah-Təala hər məxluqdan daha öncə insanlardan və cinlərdən gözləyir Ona ibadət etməyi. İbadətlə mükəlləf olanlar iradə sahibləridir demək.

Sən yer üzündə Allahın xəlifəsisən. Kəlmeyi-şəhadət Allah-Təalanın Varlığına, Birliyinə, Həzrət Məhəmmədin də Onun qulu və Rəsulu olduğuna şahid olmaqla yanaşı, həm də insanın özünü təsdiqidir. Yəni "mən şahid oluram ki"... Əslində mənim şahid olub-olmamağımla bir şey dəyişmir, dəyişən elə mən özüməm. Mənim şahid olmağımla mən dəyər qazanmış oluram, rəngim, yerim, cinahım, istiqamətim bəlli olur, Allah-Təalanın mənim üçün ayırdığı o şərəfli yerə sahib oluram.

Özünü dəyərsiz hesab eləmə, sənə dəyəri Allah-Təalanın Özü verib, mələkləri, cinləri sənə baş əydirib. Sən Allah-Təalanın xəlifəsisən, sənin çox böyük şərəfin var. Amma bütün bunları bir tərəfə qoyub, inəyə tapınacaqsansa, bütlərə sığınacaqsansa, Aya, Günəşə səcdə edəcəksənsə, onda bizi bağışla, sən olmaqdansa, inək olmaq daha dəyərlidir.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR