Qəribə koalisiya, yaxud “İŞİD-lə mübarizə” oyunu

Qəribə koalisiya, yaxud “İŞİD-lə mübarizə” oyunu
20:27 20 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda dünya mətbuatında bir məlumat dolaşmağa başladı ki, Səudiyyə rejimi müsəlman ölkələrini bir yerə toplayıb, terrorçulara qarşı koalisiya yaratmaq fikrinə düşüb. Bu ideyanın səsləndirilməsi çox maraqlı və cəlbedicidir. Və hətta demək olar ki, müsəlman ölkələrinin uzun əsrlərdən bəri birləşməyə meylli olmamalarını nəzərə alsaq, bu ideyanı çox maraqlı ideyalardan biri kimi qeyd etmək olardı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Səudiyyənin dəliqanlı cavan xarici işlər nazirinin belə bir ideya ilə ortaya çıxması, yəqin ki, bölgədəki bir çox müsəlman ölkələrinin heyrətinə də səbəb olub. Təəcübləndirən məqamlardan biri də budur ki, bundan qabaq az qala 50 ilə yaxın təcrübəsi olan sabiq xarici işlər nazirinin belə ideyalar ağlına niyə gəlmirdi? Buna oxşar sualları çox vermək olar. Amma, məsələnin əsas məğzinə keçmək istəyirik.
 
Beləliklə bu cavan nazirin təklif etdiyi terrora qarşı koalisiyada aşağıdakı müsəlman ölkələrinin adları qeyd olunub. Mətbuatda da artıq bu ölkələrin Səudiyyənin paytaxtında birgə toplantısının olduğu bildirildi.

Beləliklə siyahı: Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Sierra Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor Adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv Adaları Respublikası, Mali, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən. Görünür, bu ölkələrin siyahıda olması ömür boyu uzun-uzadı arzulara dalan Səudiyə rejiminin növbəti xülyası imiş. Sən demə Pakistan, Livan, Oman kimi ölkələr daha çox təəcübləniblərmiş. Çünki, ilin-günün bu vaxtında Səudiyyənin Yəmənə, Suriyaya, İraqa İŞİD kimi terrorçuları ixrac etdiyi vaxtda, belə bir addım atması məntiqlə daban-dabana ziddir.
 
Bu üç ölkə dərhal açılama verərək, belə bir koalisiyadan xəbərlərinin olmadığını bəyan etmişlər. Necə deyərlər, "qız evində toydur, oğlan evinin xəbəri yox". Digər tərəfdən, Səudiyyə belə bir haqqı haradan mənimsəyə bilər axı? İndiyə qədər müsəlman dünyasında hansı nümunələri ilə üstünlük təşkil edib? Bəlkə normal seçkilər keçirərək, prezident seçiblər özlərinə? Bəlkə Səudiyyə rejimi yarandığı gündən indiyə qədər qadınlara seçki hüququnu vermədiyinə görə üstünlük təşkil edir?! (Qeyd: Səudiyyə ilk dəfə olaraq 2015-ci ilin dekabırında qadınların seçkilərdə iştirakına icazə vermişdir). Bəlkə Türkiyədən, İrandan, Pakistandan daha çox şəffaf seçkilər keçirdiyi üçün müsəlman dünyasında öndərliyə iddialıdır? Ən acınacaqlısı odur ki, demokratiya ideallarını öndə tutan Qərb və qərbpərəstlər Səudiyyədə baş verənlərlə bağlı, yuxarıdakı nöqsanlarla əlaqəli kral sülaləsinə heç bir irad bildirmirlər. Nəinki irad bildirmirlər - Səudiyyə rejimi ilə sıx iqtisadi, siyasi əlaqələrə malikdirlər.
 
Bu azmış kimi, Türkiyə və Azərbaycanın da orada olmasını istəyirlər. Bu, lap gülməli oldu. Uzun illərdir demokratik seçkilər keçirən Türkiyə, nədən Səudiyyənin rəhbərliyi altındakı koalisiyada, türklər demişkən növbə "beklemeli?". Yuxarıda adları qeyd edilən ölkələrin sırasında hansını göstərə bilərsiniz ki, o ölkədə demokratik seçkilər keçirilsin? Hansında qadınlar seçkilərdə azad iştirak edə bilirlər? Bu sual cavabsızdır. Çünki, nəhəng müsəlman ölkələri arasında Türkiyə, İran və Pakistandan başqa normal seçkilərin keçirilməsini demək bir az çətindir. Bu üç ölkədə ən azından xalq arasında seçki təbliğatları, rəqiblər arasında qızğın polemikaların davam etdiyi bir seçki prosesini hiss etmək olur. Bu vəziyyətdə Səudiyyənin bu ölkələrdən hansı üstünlüyünü deyə bilərsiniz?
 
Başqa bir nüans. Adı çəkilən koalisiyada qeyd olunan müsəlman ölkələrinin əksəriyyətinin Səudiyyə rejimindən müəyyən qədər asılılığı vardır. Başda Türkiyə olmaqla, bir çox bölgə ölkələri Səudiyyənin ya neft damcılarına möhtacdır, ya da ABŞ-dan aldığı son model silahlarla onlara dayaq olduğunu hiss elətdirilməkdədir.
 
Buna sübut kimi Bəhreyndə baş qaldıran xalq etirazlarına Səudiyyədən gedən tankları qeyd etmək olar. Digər sübut isə bir neçə il qabaq dünyada iqtisadi böhran yarananda Rəcəb Ərdoğanın Səudiyyə kralından küllü miqdarda pul aldığını qeyd etmək olar (Türkiyə mediasına əsasən). Digər müsəlman ölkələri də həmçinin. Yəni, Səudiyyə bu ölkələrin də xəbəri olmadan adlarını bu siyahıya salmasında heç bir tərəddüd etməmişdir. Çünki, müəyyən asılılığın olduğunu yaxşı bilirlər.
 
Sonda onu qeyd etmək olarki, bölgədə gedən proseslər onsuz da öz axarı ilə davam edəcək. Əsas odur ki bu proseslərə gözübağlı baxılmasın. Xüsusilə də ən yaxın müsəlman ölkəsinin belə, sabah digər qardaş müsəlman ölkəsinə hücum etməsini qınamağa cəsarət olmalıdır. Əks halda özünü siyasətçi, analitik və s. adlandıranlar bugünkü kimi məntiqsiz açıqlamalar verməklə, gülməli bir duruma düşə bilərlər.
 
Eyni zamanda həm Səudiyyənin kral rejiminin yanında, həm də, demokratiyanın beşiyi hesab etdiyiniz Amerikanın yanında olmaqla hansı vəziyyətin yarandığını anlamaq lazımdır. Inşaallah, dünya müsəlmanlarının həqiqi dəyərlər ətrafında yeni bir koalisiyasının yaranması ümidilə.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR