Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnsan görmək istədiyini görür

İnsan görmək istədiyini görür

Date: 20 December 2015 20:57

Hər dəfə niyyət haqqında düşünəndə Mövlana ilə bağlı bir söhbət yadıma düşür. Deyirlər ki, bir dəfə Mövlana Konyada gəzərkən həyat qadınlarının toplandığı binanın qarşısından keçir. Qadınlar Mövlananın yoldan keçdiyini görəndə öz ehtiramlarını bildirmək üçün özlərini yığışdırır və ədəblə salam verirlər. Təbii ki, Mövlana kimi bir könül adamı da o qadınların hörmətini daha üstün bir ehtiramla qarşılayacaqdı. Qarşıladı da və görün onlara nə dedi:

- Ey mənim günahkar bacılarım, əgər siz olmasaydınız, azğın kişilər iffətli xanımlara müsəllət olar, onlara zərər verərdilər.

O cavabı o anda ancaq Mövlana kimi geniş üfüqlü, zirvə şəxsiyyət düşünə bilərdi. Əsas məsələ niyyətdədir, hər şey niyyətdə həll olunur. Əgər baxdığın yerdə xoş bir şey görmək istəsən, axtardığını tapacaqsan. Yox, əgər qüsur, eyib görmək istəyirsənsə, elə onu da görəcəksən.

Adam var, nə desən, ağız büzür, hər şeydə bir "əmma" axtarır. Baxdığı hər yerdə bir qüsur, bir eybəcərlik axtarır, elə çox vaxt axtardığını tapır da. Sənin heç fərqinə varmadığın mənzərədə əlli mikin "defekt" görür. Bu dünyada min-min xeyir qapısı açıq ikən oturub gözləyir ki, kimsə onun qeybətini eləyib, günahını alsın. Dinib-tərpənəndə də "haqqımı halal eləmirəm" deyir. Nə üz-gözünün qırışığı açılır, nə də bir "oxxay" dediyini görürsən. Elə bil varlığı, adamlar arasında dolaşıb, onun-bunun əyər-əskiyini qurdalamaq üçündür.

Yay günü qumsal yerlərdə bir böcək olur, konusvari bir "quyu" qazır, özü də o quyunun dibində gizlənib ovunu gözləyir. Bir tərəfdən baxanda haqlıdır, onun yuvasında sənin nə işin vardı ki, o da səni tutub yesin. Adətən balaca qarışqalar duşur o böcəyin "quyu"suna, düşən kimi də başlayır çapalamağa, yəni üzü yuxarı dırmanmağa. Amma nə qədər dırmansa da, hər dəfə sürüşüb "quyu"nun dibinə düşür. Qarışqa yorulub əldən düşəndə böcək fəaliyyətə başlayır, onun ayağından yapışır və torpağın altına çəkir. Torpağın altında da o böcəyin öz savaş texnikası var və qarışqa onun üçün çox asan ovdan başqa bir şey deyil.

Hərdən özümü o qarışqanın günündə görürəm və onu da görürəm ki, bu dünyada "quyu"sunu qazıb dibində gizlənmiş və mənim kimi zavallıların yolunu gözləyən o qədər "böcəklər" var ki. Əlimdə-ovcumda bir şey aparırdım. Aparırdım ki, ailəmi, balalarımı sevindirim, amma bircə yol çaşdım, bircə yol ayağım sürüşdü, düz yoldan azdım və gördüm ki, bir böcəyin ağzındayam. Böcəkdən imdad dilənməz ki... Böcəyin mərhəməti olsaydı, gedib özünə başqa peşə tapardı, daha yol üstündə "quyu" qazıb, şikar gözləməzdi ki... Bir səhvlə bəzən hər şeyimizi əldən vermiş oluruq, yaxşı nəyimiz varsa, əlimizdən gedir, hələ bu yetməzmiş kimi başqasının günahlarını da boynumuza götürürük. Tədbir, tədbir, tədbir... Yolumuzun üstündəki hər quyu bir xəbərdarlıqdır, bir ibrət "çuxuru"dur, kimlərinsə torpağın üstündə açıq qalmış niyyətidir. 

Adamlar cürbəcür olur; kimi ölmüş itin ağzındakı dişlərin simmetriyasına valeh olur, kimi də gülü görmür, amma yanındakı tikanı görür. Hər kəs niyyətinin gözüylə baxır bu dünyaya və gördüyü də elə niyyətindən başqa bir şey deyil.

Sədi Şirazinin belə bir sözü var: "Əgər bir adamın niyyəti qüsur görməkdirsə, tovuz quşuna da baxsa,  onun çirkin ayaqlarından başqa bir şey görməz".

Öz aramısdı, kim nə deyir-desin, tovuz quşu quşlar gözəlidir də. Elə bil Yaradan bu quşu qarşısına qoyub nə gözəl rənglərlə bəzəyib, süsləyib, boyayıb. Gözəlliyi göz oxşayır, o qədər gözəldir ki, onda qüsur axtarmaq adamın heç ağlına da gəlmir. Lələklərinin simmetriyası, gözoxşayan naxışları, yelpik kimi duran quyruğu, bir sözlə, bu quşdakı hər görüntü adamı heyran qoyur və bu qədər gözəlliyinin qarşısında əgər sən əyilib onun ayaqlarını axtarırsansa, əlbəttə, gözünə görünən çirkinlik olacaq. Həqiqətən də, gördüyün bu qədər gözəllik gözünü doyurmadı ki, hələ bir əyilib altından da baxırsan? Niyyətin təmizdirsə, gördüyün gözəllik qarşısında valeh olmalıydın. Əslində heç tovuz quşunun yerişi görünmür də, su kimi burdan ora, ordan bura axır, su üzündə sona kimi süzür, o ayaqlara baxmaq marağı səndə hardandı belə?

İslamiyyət də o tovuz quşu kimi gözəldir və bəzi qaraniyyətlilər, insan şeytanları, cin şeytanları məsələləri bilərəkdən qabardaraq başqalarını çaşdırmağa çalışar, təsəvvürlərdə yanlış qənaətlər doğurmaq istəyərlər. Hikmətini bilməyənlər islamiyyətdə qüsur axtararlar, halbuki orada qüsur yoxdur, insan oğlu Haqqa təslim olmayıbsa, anlamadığını qüsur kimi görər.

Məsələyə başqa tərəfdən baxaq: Bir sarayın min qapısı var, 999-u açıq, 1-i bağlı. Sən o saraya girmək istəyirsənsə, niyə girmirsən, niyə inad edirsən, niyə məhz o bağlı qapını açmaq üçün çırpınırsan, 999 qapı sənə bəs eləmir?

Bir də bilirsən nə var, əslinə qalanda heç tovuz quşunun ayaqları da çirkin deyil, çirkin olan sənin niyyətindir, vəssalam.
"Zaman Azərbaycan"


Tags:  İnsan görmək istədiyini görür


RƏYLƏR


Top news