Əlil müəllim: "Ayaqlarımı görən ev sahibləri qaçdılar, evi kirayə vermədilər" - FOTO

Əlil müəllim: "Ayaqlarımı görən ev sahibləri qaçdılar, evi kirayə vermədilər" - FOTO
23:47 20 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Müsahibimin o qədər problemi var ki, hansından başlayacağımı bilmirəm. İlk olaraq onu deyim ki, şikayətçim 58  yaşlı Allahyar Nəcəfov Zığ qəsəbəsi, Həzi Aslanov küçəsində yaşayır. Onun ailəsi 5 nəfərdən ibarətdir. Özü 1-ci qrup əlildir, həyat yoldaşı şizofreniyadan əziyyət çəkir, bir oğlu isə uzun illərdir xəstədir.

Allahyar Nəcəfov 6 ildir ki, Limfostaz xəstəliyinə tutulub. Bu xəstəlik Limfa sistemində yaranan problemdən əmələ gəlir. Limfanın normal dövr etməsi orqanizm üçün çox vacibdir. Lakin müxtəlif səbəblərə görə bu proses pozula bilər ki, nəticədə insanda limfostaz xəstəliyi inkişaf edir. El arasında bu xəstəlik "fil xəstəliyi" adlandırılır. Əksər hallarda limfostaz ayaq və qollarda, bəzən cinsiyyət orqanlarında, süd vəzilərdə, üz nahiyəsində inkişaf edə bilər. Limfostaz anadangəlmə və qazanılmış ola bilər. Hansı ki, A.Nəcəfov da bu xəstəliyi dayanacaqda işlədiyi zamanlarda qazanıb.

Qazanılmış limfostaz adətən birtərəfli olur - məsələn, bir qolda və ya bir ayaqda inkişaf edir. Zədələnmiş ətrafın dərisi solur, dəri tədricən qalınlaşmağa başlayır, dərialtı damarlar daha az görünən olur, şişkinlik yavaş-yavaş artır.

A.Nəcəfov uzun illər Rafiq Babayev adına 25 saylı Uşaq Musiqi Məktəbində işləyib. Sonradan isə işdən ayrılıb və müxtəlif yerlərdə çalışıb. Ən sonda isə avtomobil dayanacağında nəzarətçi olaraq işləyib. Bundan sonra ayağında başlayan kəskin ağrılar onu bu hala salıb.

Lakin A.Nəcəfovun şikayəti başqadır. O, evinin qəzalı olmasından narahatdır:"Bura mənim dədə-baba yurdumdur. Amma kasıb həyatı yaşadığım üçün normal təmir etməyə imkanım olmayıb. İndi isə ərazidə sürüşmə gedir. Evim uçulur. Hər an ölüm qorxusu ilə yaşayırıq. Təmirlə də düzələn şey deyil. Çünki ərazidən yeraltı sular axır. Bu, təmirlə düzələn şey deyil. Dəfələrlə şikayət məktubları göndərmişəm. Bu xəstə ayağımla BŞİH-nə də getmişəm. Hər dəfə deyirlər ki, "Sizin şikayətinizə dövlət səviyyəsində baxılacaq". Amma heç bir qərar çıxmayıb. Dəfələrlə İcra Hakimiyyətindən, icra nümayəndəliyindən adam gəlib deyib ki, "Evdən çıxın". Deyirəm ki, "Mən çıxım hara gedim? Özüm xəstə, yoldaşım xəstə, oğlum xəstə. Üstəlik digər iki övladım da işsizdir. Mənə şərait yaradın, gedim". Bir dəfə 250 manat pul verdilər. Onunla kirayə ev axtardıq. Amma ayaqlarımı görən ev sahibləri qaçdılar. Evi kirayə vermədilər.

Mənim istəyim budur ki, dövlət torpaq sahəsi, kompensasiya versin. Gedib bir yerdə koma tikərik, ya da ev versin, yaşayaq. Heç olmasa ömrümün son illərini bu vəziyyətdə keçirməyim".

Müsahibim deyir ki, ayağında olan ağrılar evin nəm olmasına görə daha da ağırlaşır: "Müəllim işləyirdim. Bir dəfə yeni gələn müdir dedi ki, "Şagirdlərdən pul yığ". Mən də dedim ki, "Mən bunu edə bilmərəm. Utanaram. Mən şagirdlərdən pul alsam, sonra onların üzünə necə baxaram?" Buna görə də, işdən çıxdım. Orada-burada işlədim. Sonda dayanacaqda çalışmağa başladım. Soyuq havada küçədə dayanmaq asan deyil. Ev nəm, küçə nəm... Ona görə də, bu xəstəliyə yoluxdum. Ayaqlarım şişib, hər tərəfi açıq yaradır. Gecələr ağrılar tutur. Dərmanlar da fayda vermir. Ev nəm olduğu üçün vəziyyətim daha da pisləşir. Heç olmasa bu vəziyyətimizə yazıqları gəlsin".

musavat.com

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR