Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qubada Azərbaycan və Türkiyə həkimləri təcrübə mübadiləsi aparıblar

Qubada Azərbaycan və Türkiyə həkimləri təcrübə mübadiləsi aparıblar

Date: 21 December 2015 01:08


Quba, 21 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 18-19-da Qubada keçirilən 5-ci Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Qubadakı Heydər Əliyev Mərkəzində keçirilən konfransa Türkiyədən gələn 40-a yaxın alim və həkim, eləcə də ölkəmizin şimal rayonlarından olan tibb mütəxəssisləri qatılıb.
Əvvəlcə tədbir iştirakçılarına Azərbaycanda tibb sahəsinin inkişafı istiqamətində aparılan işlər, yeni tikilən və əsaslı təmir olunan tibb müəssisələri barədə ətraflı məlumat verilib.
Tədbirdə çıxış edənlər iki qardaş ölkə həkimlərinin birgə əməkdaşlığının əhəmiyyətindən danışıblar.
Konfrans zamanı Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı rayonlarından olan tibb işçiləri Türkiyənin Ankara, İstanbul, İzmir və başqa şəhərlərindən gələn alim-uzman həkimlərlə gastreonteloji, ağciyər, böyrək xəstəlikləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Konfrans çərçivəsində iştirakçılar şimal bölgəsinin bir sıra xəstəxana və tibb müəssisələrində olub, burada çalışan həkimlərlə təcrübə mübadiləsi aparıblar.
Konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı da ziyarət ediblər. Onlara ermənilərin ötən əsrin əvvəllərində törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, Qubadakı kütləvi məzarlıq 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları kütləvi məzarlıqda geniş tədqiqat işləri aparıblar. Tədqiqatlar zamanı müəyyən olunub ki, məzarlıqda erməni cəlladlarının 1918-ci ildə yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının qurbanları basdırılıb.
Konfrans iştirakçılarına məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışı 2013-cü il sentyabrın 18-də olub.
Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, habelə o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar nümayiş etdirilir. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ötən əsrdə respublikamızın müxtəlif bölgələrində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı aktları barədə bir neçə dildə məlumat yer alıb.
Qeyd edək ki, ATXƏM-lə TGV bundan öncə Bakı, Gəncə, Naxçıvan şəhərlərində, eləcə də Qarabağ bölgəsində eyni mövzuda beynəlxalq konfranslar təşkil edib.


Tags:  Qubada Azərbaycan Türkiyə həkimləri təcrübə mübadiləsi aparıblar


RƏYLƏR


Top news