Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Amerika nefti açdı

Amerika nefti açdı

Date: 21 December 2015 08:05

ABŞ Konqresinin hər iki palatası 1973-cü ildəki qlobal enerji böhranından bəri ölkədə qüvvə olan neft ixracına embarqonun ləğvini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Ağ Ev sənəddən narazı qalsa da, ABŞ prezidenti Barak Obamanın sənədi imzalayacağı şübhəsizdir.
Qanun qəbulunu respublikaçılar və Birləşmiş Ştatların ən böyük neft şirkətləri istəyirdilər. 
"Amerika nefti açdı, qiymətlər çox ucuzlaşacaq" deyənlərin tam əksinə olaraq, bu qərar qlobal miqyasda "qara qızıl"ın qiymətlərinə təsir edən deyil.
Xatırladım ki, 1973-cü ildə OPEC ölkələri "Məşhər Günü savaşı"nda ABŞ-ı İsrailə dəstək verməkdə suçlayaraq Birləşmiş Ştatlara neft satışlarını dayandırmışdılar. Karbohidrogen qıtlığı yarandığından ABŞ neft ixracatından tam imtina etmiş, strateji neft ehtiyatı yaratmışdı. 40 illik embarqo ərzində amerikalılar 714 milyon barrel həcmində, dünyanın ən böyük neft ehtiyatını yaratdılar.

Bu illər ərzində embarqo ABŞ-dan neft məhsullarının ixracatına şamil olunmurdu.
ABŞ prezidenti Barak Obamanın İran üzərinə qoyulmuş əksər sanksiyaları qaldırması ehtimalı olduğunu bildirməsinə baxmayaraq, İranın embarqo qoyulmuş xam neftinin qlobal bazarlara qayıtması heç də yaxın görünmür.
Obama hələ aprelin 17-də bildirib ki, İranla nüvə proqramı ilə bağlı razılıq əldə edilməsi üçün "yaradıcı danışıqlara" ehtiyac var. Obama İranın razılaşmadakı öhdəliklərini pozduğu halda "sanksiyaları necə geri qaytara biləcəkləri" haqqında düşünür. Ağ Ev rəsmilərindən birinin sözlərinə görə, mövqeyini dəyişməyən Obama, sadəcə, lazım gələrsə, sanksiyaların bərpa edilməsi imkanının əhəmiyyətini vurğulayıb.
İran və dünya liderlərinin ölkənin ixracına qoyulan məhdudiyyətləri azaldacaq bir çərçivə razılaşması istiqamətində çalışdıqlarını bildirmələrindən sonra qlobal neft göstəricisinin qiyməti xeyli aşağı düşüb.
"Bizim burda əsas narahatlığımız İran razılaşmaya əməl etmədiyi halda dərhal sanksiyaları bərpa etmək üçün tələsməyəcəyimizdən əmin olmaqdır. Sanksiyaların necə yüngülləşdirildiyi, müqavilə pozulduğu halda sanksiyaları necə geri qaytaracağımız - bütün bunlar üçün müxtəlif mexanizm və üsullar var", - Obama demişdi.
ABŞ-ın Enerji Departamentinin katibi Ernest Moniz administrasiyanın mövqeyini bir daha müdafiə edib. O, bildirib ki, İranın sanksiyaların yüngülləşdirilməsini təmin etmək üçün müqavilənin şərtlərini yerinə yetirməsinin ən azı altı il çəkəcəyini düşünür.

"UBS" maliyyə şirkətinin proqnozuna görə, razılaşma əldə edilsə belə, İran ixracının gələn ilə qədər canlanması ehtimalı çox azdır. ABŞ mövqeyi neft qiymətlərinə ciddi təsir etsə də, İranın dünya bazarına daha çox neft çıxaracağı gün yaxınlaşdıqca neft ticarəti ilə məşğul olanlar, böyük ehtimal, ABŞ və İranın verdiyi siqnallara daha həssas yanaşmağa başlayacaqlar.
Dünya bazarlarında ABŞ-ın mövqelərini zəiflətməyə çalışan və neftin ucuzluğuna rəğmən, hasilatı azaltmayaraq amerikalıların şist nefti satışlarını zəiflətməyə, "qara qızıl" diktatı rıçaqlarının əldən çıxmasına imkan verməməyə can atan Səudiyyə Ərəbistanının siyasəti ilə davranışı da dəyişməkdədir.
Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi isə sakitlliyini qoruyur. Ancaq yenə də o, həmişə olduğu kimi üç qitədə gedən konfranslarda iştirak edirdi. Sentyabr ayının ortalarından noyabr ayının ortalarına qədər isə etalon növlü xam neft qiymətləri 21 faiz azalaraq dörd ildə görünmüş ən aşağı səviyyəyə düşdü. Naimi isə ictimaiyyət qarşısında bununla bağlı bir kəlmə belə demədi.

Beynəlxaq neft bazarı təklif və qiymətlərin hansı yerlərdə yüksəldiyini bilmək üçün 20 il Naiminin hər bir hecasını təhlil edib. 1998-ci il Asiya maliyyə böhranı və 10 il sonra baş verən qlobal böhran olmaqla iki dəfə OPEC üzvləri arasında istehsalı azaltmaqla neft qiymətlərinin düşməsinin qarşısını alan Naimi bu səfər isə gizlənməyi seçdi.

Kartelin yarımillik iclasında Naimi daha cəsarətli bir strategiyanın lehinə 12 üzv ölkənin dəstəklədiyi, istehsalın azaldılması təklifini rədd etdi. Onun strategiyası isə neft çıxarılmasına davam edərək aşağı qiymətlərin yüksək xərcli tədarükçüləri bazardan çıxmağa vadar etməsini gözləmək idi. Neft qiyməti növbəti günün sonuna qədər 10 faiz də azaldı. 2011-ci ildən 2014-cü ilin ortalarına qədər bir barreli 110 dollar olan neftin qiyməti yanvar ayında 50 dollardan da aşağı düşdü.

Mətbuata bağlı şəkildə keçirilən iclasda müzakirələri 79 yaşlı Naimi idarə edirdi. O, OPEC təşkilatından olan həmkarlarına bildirib ki, bazar payını ABŞ-ın bazara getdikcə daha çox çıxardığı şist neftindən qorumaq üçün istehsalı olduğu səviyyədə saxlamalıdırlar. Dekabr ayında verdiyi müsahibələrdən birində, demək olar, eyni şeyləri təkrarlayan Naimi Səudiyyə Ərəbistanı kimi aşağı xərcli istehsalçıların bazarda balans yaratmaq üçün istehsalı azaltmalarının məntiqə uyğun olmadığını iddia edib.

Naimi və digər Səudiyyə liderlərinin illərlə əsas qayğıları iqlim dəyişikliyi və xam neft qiymətlərinin enerji səmərəliliyini artıracağı, bərpa olunan enerji mənbələrini qoruyacağı və təbii qaz kimi alternativ yanacaqlara keçidi sürətləndirəcəyi olub. Onlar görürlər ki, bəlkə də, krallığın böyük sərvətini yaradan və səhra qumları altında hələ də bol olan neftə tələbat necə zirvəyə yaxınlaşır. Karbon emisssiyaları haqqında qlobal narahatlıq olduğunu və qalıq yanacaqlardan asılılığın azaldılması üçün cəhdlər göstərildiyini nəzərə alan Əli əl-Naimi bu mövzunu açıq şəkildə müzakirə etməsə də, tendensiyanı qəbul edir. Belə ki, o, üç il əvvəl Qətərdə müxbirlərə bildirib ki, tələb təklifi olduqca üstələyəcək. Əgər neft istehlakında artım olduğu səviyyədə qalarsa, ümumi daxili məhsulunun yarıya qədərini neft ixracından götürən Səudiyyə Ərəbistanının vəziyyəti çətin olacaq. Naimi bildirib ki, qalıq yanacaqlarından istifadəni məhdudlaşdırmaq üçün beynəlxalq razılıqlar əldə etmək istəyənlər var. Bunun gerçəkləşməsi neft istehsalçılarının maraqlarına uzunmüddətli zərər vuracaq.

"WikiLeaks" tərəfindən yerləşdirilən məlumatlar göstərir ki, səudiyyəlilərin neftdən asılılığı uzatmaq maraqlarının on ilə yaxın tarixi var. 2006-cı ildə səfirlik nümayəndəsinin məlumatına görə, Naimi həmkarları və ABŞ diplomatları ilə söhbət zamanı Amerikanın "təklif təminatı" istəyinə Səudiyyənin "tələb təminatı" ehtiyacı ilə qarşılıq verib.

Heç şübhəsiz, səudiyyəlilər neft hasilatının zirvəyə çatacağı haqda heç vaxt çox düşünməyiblər. Qlobal bazara çıxarılan xam neftin artmasının dayanacağı və tələblə ayaqlaşa bilməyəcəyi, sadəcə, bir təxmin idi. Bu arqument əsrin əvvəlində aparılan müzakirələr zamanı bir qrup geoloq və ekoloq tərəfindən irəli sürülmüşdü. 2005-ci ildə isə neft analitiki Metyu Simmons Səudiyyənin neft hasilatının azalması ilə qlobal neft təchizatının da zəifləyəcəyi proqnozunu vermiş, Naimi isə bu iddialara önəm verməmiş və istehsalın daha da artacağına söz vermişdi. Bu müzakirədə elə o qalib gəldi. Belə ki, səudiyyəlilər bu gün on il əvvəl olduğundan daha çox neft çıxarırlar. ABŞ-da da beş il əvvəl bir günə 6 milyon barrel olan neft hasilatı 2014-cü ilin sonunda günə 9 milyon barrelə çatıb.

Ötən il neft qiymətləri düşməzdən əvvəl Səudiyyə rəsmiləri özlərini qlobal tələbin 2025-ci ilə qədər eyni səviyyədə qalacağına hazırlayırdılar. Bəlkə də, onlar qiymətlərin düşməsinə imkan verməklə zaman qazanmağa çalışıblar. Qiymətlərin bir barrel üçün 60-70 dollar olması tələbin ən yüksək səviyyəyə çatacağı vaxtı beş il də irəli atır. Belə olduğu halda, bərpa olunan enerji şirkətləri üçün xəbərlərin yaxşı olduğunu demək olmaz.

Xam neft qiymətlərinin bir barrel üçün 100 dollar olması tələbin zirvəyə çatmasını yaxınlaşdırırdı. Səudiyyə rəsmilərindən biri bildirib ki, ötən dörd il enerji üzrə bazar payı baxımından neft istehsalçıları üçün olduqca çətin və ağır keçib. Getdikcə daha məhsuldar olan yeni iqtisadiyyatlar enerji mənbələrini çoxaldırlar. Bu da mütləq şəkildə neft istehsalına öz təsirini göstərib.

Bir yandan aşağı xərcli yanacaqların əvəzlənməsi də zərər vurur. Çindən idxal edilən dizel yanacağına tələbat on il müddətinə orta hesabla bir il üçün 8 faiz qalxdıqdan sonra 2013 və 2014-cü illərdə aşağı düşdü. Bunun səbəblərindən birinin ölkədə təbii qazla işləyən nəqliyyat vasitələrinin sürətlə artması olduğu söylənilir. Bu il Çinin neftə tələbatının bir gün üçün 10,6 milyon barrelə çatması gözlənilir.

Beş ildir yoldaşlarına vəzifədən getməyə hazır olduğunu söyləyən Naimi daha bir kəskin bazar dəyişikliyi qarşısında ciddi risklərlə üzləşir. Onun bazarda balans yaratmaq üçün bazara çıxarılan neftin həcmini azaldaraq Səudiyyə Ərəbistanı ilə OPEC-in yenidən sabitləşdirici istehsalçı rolunu götürmələrini rədd etməsi qiymətlərin bərpa edilməsinə ən çox ehtiyac duyan, iqtisadi cəhətdən çətin vəziyyətdə olan üzv dövlətlərə zərər verir. İqtisadiyyatın sarsıldığı və xarici valyuta ehtiyatlarının tükəndiyi Venesuelada neftin tənəzzülü dövlət büdcəsində daha böyük boşluq yaradır və böhranı gücləndirir. İxracatı məhdudlaşdıran sanksiyaların təsirini azaltmaq üçün qiymətlərin yüksək olmasına ehtiyac duyan iran Səudiyyənin strategiyasının əleyhinə olub. Xarici işlər nazirinin müavini yanvar ayında bildirib ki, körfəz ölkələri qiymətlərin düşməsini dayandırmaq üçün tədbir görməlidirlər.

Neft qiymətləri bir neçə il də aşağı qalarsa, ehtiyatda 700 milyard dolları olan Səudiyyə Ərəbistanı belə maddi çətinliklə üzləşə bilər. Təxminən 30 milyon əhalisi olan krallıq daxili proqramlar və xarici yardım üzrə çoxlu xərc çəkir. Kral Abdullahın ölümündən sonra taxta çıxan Kral Salman ilk çıxışında təhsili inkişaf etdirəcəyi və səhiyyə xidmətini genişləndirəcəyinə söz vermişdi. 2014-cü ildə neft qiymətləri yüksək olsa da, Səudiyyə Ərəbistanının dövlət büdcəsində kəsir olub.

Naimi isə noyabr ayındakı iclasdan bəri qiymətlərin aşağı olmasının davam edib-etməyəcəyini bilmədiyini, ən əsas məqsədlərinin neftdən gələn gəlirlərdən həddən artıq asılı olmalarının aradan qaldırılması olduğunu deyib.

Səudiyyə Ərəbistanının neft əsrinin bitməsinə daha nə qədər hazırlanmalıdır? Bu, qismən qiymətlərin aşağı olduğu vaxtda alternativlərin necə işləyəcəyindən asılıdır. Külək turbinləri və günəş panellərinin satışı davamlı olacaqmı? Yoxsa, Böyük Böhranda olduğu kimi nəzarətdən çıxacaqmı? Bəs elektrik mühərriklərinin satışı benzin qiymətləri düşsə belə, yüksəlməyə davam edəcəkmi?

ABŞ-da Enerji üzrə İnformasiya Administrasiyasının rəhbəri Adam Siminski yanvar ayının sonunda Vaşinqtonda keçirilən forumda bildirib ki, xam neft qiymətlərinin aşağı olması külək və günəş enerjisindən istifadəni zəiflətməyəcək, çünki bu sahədə neftlə birbaşa rəqabət, demək olar, yoxdur.

Neftə tələbatın ən yüksək səviyyəyə çatıb-çatmayacağı ilə bağlı fikir bildirməyən Əli əl-Naimi bununla bağlı müsahibə götürmək istəyən müxbirlərə də cavab verməyib. Ancaq o açıq şəkildə bildirib ki, xam neft bazarı alternativ enerji mənbələrinin təsirləri nəzərə alınmadan başa düşülə bilməz. O bildirib ki, realist olmaq lazımdır. Neft yox, enerji bazarında gələcəkdə qiymətlərin necə olacağını müəyyənləşdirəcək bir çox faktor var. Bütün düyada istər qeyri-üzvi yanacaqların tədqiqi, istərsə də səmərəliliyinin artırılması və istifadəsində çoxlu səy göstərilir.

1935-ci ildə Səudiyyə Ərəbistanının neftlə zəngin Şərq Əyalətində anadan olan Əli bin İbrahim əl-Naimi uşaqlığının ilk illərində səhrada köçəri həyat keçirir. 8 yaşında isə anası onu Dammamda atası ilə yaşamağa göndərir. O, burda ərəblərlə amerikalıların birgə işlətdiyi Aramco neft şirkətinin nəzarətində olan məktəbə getməyə başlayır. 12 yaşında isə qardaşının qəfil ölümündən sonra onun işini təhvil alaraq, bu şirkətdə poçtalyon kimi işləyməyə başlayır və tezliklə makinaçı kimi də burda ulduzu parıldayır. Bir gün isə amerikalı direktor onu saxlayıb həyatıyla bağlı məqsədinin nə olduğunu soruşanda bu cavabı alır: "Sizin vəzifənizdə işləmək istəyərdim, cənab". Amerikalı isə qarşılığında "Deməli belə, onda sən təhsil almalısan" deyir.

Aramco şirkəti əvvəlcə onu Beyrutda məktəbə, daha sonra isə Pensilvaniya ştatında yerləşən Lehigh univeristetinə və Kaliforniyada geologiya üzrə magistr təhsili aldığı Stanford universitetinə göndərir. Burda o, ətrafındakı insanlarda özü ilə bağlı yaxşı fikirlər formalaşdırır. Əsas tədqiqat layihəsini 1962-ci ildə müdafiə edir. Səudiyyə Ərəbistanına qayıtdıqdan sonra Aramco şirkətində neft istehsalı üzrə bir sıra icraçı vəzifələri araşdıraraq 1984-cü ildə şirkətin ilk səudiyyəli prezidenti, dörd il sonra isə icraçı direktor vəzifəsinə qədər yüksəlir. Naimi 1995-ci ildə neft naziri vəzifəsinə gəlib.

Onun vəzifə gəldiyi vaxt çətin bir dövrə təsadüf edib. Çində tələbin artması ilə o, OPEC təşkilatını 1997-ci ildə istehsalı artırmağa razı salıb. Növbəti iki il ərzində də neft qiymətləri 50 faiz düşüb.

O, eyni zamanda Səudiyyə Ərəbistanının Qərbdəki neft şirkətlərinə krallığın təbii qaz ehtiyatlarını artırmağa kömək təklifini düzgün idarə etməyib. 1980-ci ilə qədər o vaxtkı vəliəhd Abdullah elektrik enerjisi istehsalı, suyun duzsuzlaşdırılması və neft-kimya kimi sahələr üzrə layihələr üçün Səudiyyə Ərəbistanından qaz nəqli ilə bağlı xarici şirkətləri geri çəkməyə çalışır, Naimi isə ən yaxşı qaz yataqlarını Aramco şirkəti üçün saxlayır, Exxon Mobil və başqa bir çox şirkətə qaz yataqları ilə bağlı təkliflər verirdi.

Exxon Mobil şirkəti ilə danışıqlar 2003-cü ildə uğursuzluqla nəticələndi. Belə ki, şirkətin o vaxtkı direktoru Li Reymond Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feyzal və Nəimi bildirdi ki, onların təklif etdikləri qaz yatağında qoyulan investisiyaya zəmanət verəcək qədər qaz yoxdur. Naimi isə şirkət mütəxəssislərinin razılaşmanı öz xeyirlərinə həll etmək üçün yatağın potensialının əhəmiyyətini az göstərdiklərini demiş, Reymond da insanlarının dürüstlüyünü sorğuladığına görə Naimiyə hiddətlənərək razılaşmanı birdəfəlik ləğv etmişdi.

Naimi zaman keçdikcə açıqsözlü və qlobal bazarda fərasətli biri kimi nüfuz qazandı. Səudiyyəlilərin 2003-cü ildə prezident Corc Buşa İraqı işğal etməməsi ilə bağlı ciddi xəbərdarlıqlar etmələrinə baxmayaq, Naimi müharibə dövründə daha çox neft çıxarmaq vədini verərək bazarlarda stabilliyi qorudu. 2008-ci ildə neft qiymətləri bir barreli 147 dollar olmaqla rekord səviyyəyə çatdığından Naimi istehsalı yenidən artırmaqla bağlı ABŞ-ın göstərdiyi təzyiqə müqavimət göstərdi. Bazar şəraitinin beş il əvvəlkindən çox fərqli olduğunu görən Naimi amerikalı rəsmilərlə gərgin keçən bir neçə görüşdə bazara kifayət qədər neft çıxarıldığını və maliyyə möhtəkilərinin qiymətlərin artmasına səbəb olduqlarıni bildirirdi.

2011-ci ilin may ayında Liviyada üsyan baş verərkən ABŞ rəsmiləri Səudiyyə Ərəbistanına gələrək itirilən Liviya istehsalını əvəzləmək üçün Naimidən kömək istədilər. Ancaq OPEC təşkilatı istehsalı artırmaqla razılaşmadı. İran başda olmaqla, etiraz edən üzv ölkələr potensialları az olduğuna görə razılaşmaq istəmədi və etirazlarında satmaq üçün ehtiyat nefti olan ölkələrin yalnız ən varlı üzvlər - Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri olduğunu bildirdilər.

İnadkar diplomatiyadan sonra OPEC növbəti iclasında kvotanı yüksəltdi. Ərəb baharı dövründə neft qiymətlərində kəskin artım oldu, 2011-ci ildə isə qiymətlər düşdü.

Ötən ilin noyabr ayında OPEC nazirlərinin keçirdiyi görüşdə Naimi anlaşılmaz hərəkətləri ilə seçilib. İclas keçiriləcəyi gün səhər otelin arxa qapısından çıxan Naiminin bu səhər gəzintisində müxbirlərlə fikirlərini bölüşəcəyi düşünülsə də, o, bir kəlmə belə deməyib. Bir az sonra isə OPEC təşkilatının mərkəzində jurnalistlərin qıcıqlandırıcı sualları qarşısında qəzəblənən Naimi onlara rədd olub getmələrini söyləyib.

Mətbuata bağlı şəkildə keçən iclası Rafael Ramirez OPEC, Rusiya və Meksikanın istehsalı birgə şəkildə azaltmaları təklifi ilə açıb. Naimi isə nazirlərə bu sahədə 60 il keçirdiyini və Rusiyanın etibarlı olmadığını bildirib. 2008-ci ildə Rusiya maliyyə çətinliyi olarkən istehsalı azaltmaqda OPEC-ə qoşulacağı vədini versə də, bunu heç vaxt etməyib. Nazir daha sonra isə yalnız OPEC istehsalçıları tərəfindən istehsalın beş faiz azaldılması üçün Əlcəzairdən gələn təklifi rədd edib. O bildirib ki, bu, bu gün qiymətləri artıra bilər, lakin OPEC-in şist neft istehsalçıları və tələb artımının zəif olması ilə bağlı uzunmüddətli problemini həll etməyəcək.

Naimi kral Abdullah onun vəzifədə qalmağını istədiyinə görə, təqaüdə çıxmağı təxirə saldı. Yanvarın 23-də kral vəfat etdikdən sonra isə kral Salman Naimini neft naziri vəzifəsində saxladı ki, keçid dövründə Səudiyyənin siyasətində davamlılıq olduğunu göstərsin. Belə görünür, Naimi hələ çox vəzifədə qalıb universitetinə və ölkəsi üçün təsəvvür etdiyi sənaye və texnoloji dəyişikliyə vaxtını həsr edəcək. Əvvəl Aramco şirkətinin direktoru, sonra isə neft üzrə böyük diplomat olan Naimi Qərblə krallıq arasındakı fikir ayrılıqlarını azaldıb və Səudiyyənin elmlə tərəqqinin hərəkətverici bir qüvvəsi olan sahəsini nəzarəti altında saxlayıb.
Bütün bunlara rəğmən Səudiyyə Ərəbistanı artıq nə OPEC, nə də dünya bazarlarında neft qiymətlərinə əvvəlki təki nəzarət edə bilmir. Əksinə, ABŞ Konqresinin ölkənin neft ixracına icazə verməsindən sonra "qara qızıl"ın qiymətlərinin daha da ucuzlaşacağı gözlənilir.

Orxan Hun
Milli.Az


Tags:  Amerika nefti açdı

RƏYLƏR


Top news