Zəvvarların sərhəddə ciddi yoxlanılmaması Azərbaycanda terror təhlükəsinə yol aça bilər

Zəvvarların sərhəddə ciddi yoxlanılmaması Azərbaycanda terror təhlükəsinə yol aça bilər
08:08 21 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Bir müddət öncə İranın Rəzəvi Xorasan əyalətinin Kaşmər şəhərində 4 ədəd partlayıcı maddə quraşdırılmış oyuncaq aşkarlanmışdı. Bu oyuncaqların Kərbəlada ziyarətdə olmuş şəxslər tərəfindən alınaraq ölkəyə gətirildiyi, hətta partlayıcı qurğular quraşdırılmış oyuncaqların zəvvarlara İraqda pulsuz verildiyi bildirilirdi.

Xatırladaq ki, İraq təhlükəsizlik qüvvələri bir müddət əvvəl İŞİD terror qruplaşmasının üzvlərini həbs etmiş və onlardan da içərisində partlayıcı maddə quraşdırılmış uşaq oyuncaqları müsadirə olunmuşdu.

Bu təhlükə təkcə İranda deyil, əksər ölkələrdə baş verə bilər. İraqa səfər edən zəvvarlar və digər şəxslər həmin ölkədən bu cür partlayıcıları bilərəkdən və bilməyərəkdən ala və öz ölkələrinə gətirə bilər.

Başqa ölkələr kimi, Azərbaycan da bu cür təhlükələrdən sığortalanmayıb. Kərbəla ziyarətinə hər il digər müsəlman ölkələri kimi, Azərbaycandan da xeyli zəvvarın getdiyini, təbii ki, zəvvarların da ziyarət zamanı həmin ölkənin istehsal etdiyi məhsulları almağa maraq göstərdiyini nəzərə alsaq, bu, İraqdan İŞİD qüvvələrinin təxribatlarının Azərbaycana da gəlməsinə səbəb ola bilər. Çünki İŞİD-in terror törətməkdə istəkli olduğu məqamını gözardı etməmək lazımdır. Sərhəd-nəzarət buraxılış məntəqələrindən ölkəyə partlayıcı maddələrin gətirilməsinə nail ola bilməyən terrorçu qüvvələr qeyri-qanuni yollarla bu məqsədlərinə cəhd edirlər. Bunun üçün də onlar azərbaycanlı zəvvarlara suvenirlər, hədiyyələr, oyuncaq və digər əşyalar bağışlamaqla və həmin malların içərisinə partlayıcı maddələr quraşdırmaqla təhlükəyə yol aça bilərlər.

Bir faktı da nəzərə alaq ki, son vaxtlarda İŞİD terror qruplaşmasının Azərbaycanda da tərəfdaşları var və həmin şəxslər daim bu qruplaşma ilə əlaqə yaradır, terror təşkilatının niyyətlərini ölkədə həyata keçirməyə cəhd edirlər. Son vaxtlar ölkədə İŞİD qruplaşmasına qoşulmağa cəhd edərkən bir neçə nəfərin saxlanılması, Rusiyadan Suriyaya getmək üçün Azəbaycana gələrkən sərhədçilər tərəfindən 1 nəfərin saxlanılması və sair faktlar buna sübutdur.

Bu halların qarşısının alınması üçün Azərbaycan tərəfi hansı tədbirlər görməlidir? Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən mallara qarşı mübarizə tədbirləri hansı istiqamətdə gücləndirilməlidir?

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev hesab edir ki, zəvvarların sərhəddən keçidi prosesində yoxlamalar yüksək səviyyədə olmalıdır, əks təqdirdə sərhəddən bu cür partlayıcı vasitələrin keçirilməsi qaçılmazdır: "Ümumiyyətlə, təcrübə göstərir ki, zəvvarlar ziyarətə gedib qayıdarkən sərhəddə onların yoxlanılması humanizm baxımından yüksək səviyyədə aparılmır. Bu, həm İraq-İran, həm də İran-Azərbaycan sərhədlərinə aiddir. Həmin zəvvarlar İran tərəfdən sərhədi keçəndə ciddi yoxlanılmır. Ona görə də bu cür hallar baş verə bilər".

Ekspert bu məsələ ilə bağlı daha bir məqama toxunub. Onun sözlərinə görə, sərhəddən kənar Azərbaycan ərazisinə və Azərbaycan ərazisindən tranzit yolla Şimali Qafqaza keçən bəzi zəvvarların avtomobillərinə baxış və şəxsi yoxlama prosesi də yüksək səviyyədə aparılmır: “Ciddi yoxlanış bir növ mentalitetimiz, müsəlmançılıq prinsipləri baxımından düzgün hesab edilmir və ehtiyac görülmür. Təbii ki, bu ziyarətə gedənlərin içərisində istər qaçaqmalçı, istər terrorçu, istərsə də digər radikal qrupdan olan şəxslər gizlənə bilər".

A.Nağıyev hesab edir ki, regionda baş verən hadisələri, son vaxtlar regionda dini radikalizmin daha da güclənməsini nəzərə alaraq, sərhəddə həmin şəxslər ciddi yoxlanılmalı və nəzarət gücləndirilməlidir: "Yəni, siyasətlə humanizm bir-birinə qarışmamalıdır. Hər bir şəxs öz işini yüksək səviyyədə yerinə yetirməlidir. Zəvvarların ziyarətdən qayıtmasına baxmayaraq, istənilən şəxs sərhəddə ciddi yoxlanılmalıdır. Bütün strukturlar öz işinə ciddi, məsuliyyətlə yanaşmalıdır”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2471443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR