Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“MTN işi” Naxçıvana da keçdi

“MTN işi” Naxçıvana da keçdi

Date: 21 December 2015 08:32

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərlərindən biri olmuş generalı Hilal Əsədov da, nəhayət, işdən çıxarılıb. Məlumata görə, H.Əsədov Eldar Mahmudovun əmri oxunan gündən (oktyabrın 17-si) düz iki ay sonra-dekabrın 17-də vəzifəsindən kənarlaşdırılıb.

Onun bir neçə dəfə işdən çıxarılması, hətta həbsi xəbəri yayılsa da, sonradan bu məlumatlar təsdiq edilməyib. Beləliklə, sabiq nazir Eldar Mahmudovun dörd müavinindən üçü  dekabrın 14-də yaradılan Dövlət Təhlükəsizliyi Xidmətində vəzifə tutmaq şanslarını itirib.

"Yeni Müsavat"ın məlumatına görə, general-mayor H. Əsədov  vaxtı ilə Nərimanov Rayon Polis İdarəsinin rəisi olub. İşdə yol verdiyi nöqsanlar səbəbindən vəzifəsindən azad edilib. Bir müddət sərəncamda qaldıqdan sonra Məhərrəm Əliyev onu  Bakı Şəhər Polis İdarəsinə şöbə rəisi təyin edib. Sonra isə Eldar Mahmudovun dəstəyi ilə MTN-ə gətirilib, nazir müavini postuna da yüksəlib.

İşdən uzaqlaşdırılan daha bir müavin-Əlimusa Əliyev isə ümumiyyətlə polis sistemində şöbə rəisinin müavini postunu belə tutmayıb. Ən yüksək vəzifəsi polis və vaxtilə OBXSS adlanan qurumda inspektor olub.

Sabir nazir Eldar Mahmudovun keçmiş müavinləri arasında yalnız nazir müavini Əli Şəfiyev Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini vəzifəsində saxlanıb. Əli Şəfiyev də vaxtı ilə DİN-də mərkəzi aparatda bölmə rəisi olub. Sonra isə aşağı vəzifəyə keçirilib, polisdə inspektor oldu. Əli Şəfiyev bundan sonra vaxtından əvvəl DİN-dən təqaüdə göndərilib. Bir neçə il təqaüddə olduqdan sonra E.Mahmudov onu da MTN-ə çağırıb idarə rəisi təyin edib. Tezliklə o da nazir müavini və general-mayor olub.

MTN-dəki "17 oktyabr" inqilabının bütün ölkədə doğurduğu şok effektinə baxmayaraq, bu proseslərdə  Naxçıvan MTN-in adı hallanmadı.  İddialara görə, Naxçıvan Ali Məclisinin sədri E.Mahmudovu heç vaxt naxçıvanlı hesab etməyib və təsadüfi deyil ki, bir neçə il əvvəl tərtib olunan "Naxçıvanın görkəmli şəxsiyyətləri" sırasında nə E.Mahmudov, nə də onun atası Əhməd Mahmudovun adı olub. Qeyd edək ki, E.Mahmudov işdən çıxarıldıqdan dərhal sonra Şərur rayonunda atasının abidəsi sökülüb. Bəzi iddialara görə, Eldar Mahmudovun kökəni Qazax rayonundandır.    

Dekabrın 17-də  Vasif Talıbov da Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvanda Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması barədə fərman imzalayıb.

V.Talıbovun sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Prezident İlham Əliyev 2014-cü ilin 17 martında Fazil Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilməsi barədə sərəncam imzalayıb. Gözlənilir ki, bu həftə F.Ələkbərova general rütbəsi veriləcək.
Milli.Az


Tags:  MTN işi Naxçıvana keçdi


RƏYLƏR


Top news