Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zemfiraya intim təklif, Bilaldan yalançılıq dərsi, Aygün və Tolikin "mehribançılığı", kaskadyor Nisə - HƏFTƏBECƏR

Zemfiraya intim təklif, Bilaldan yalançılıq dərsi, Aygün və Tolikin "mehribançılığı", kaskadyor Nisə - HƏFTƏBECƏR

Date: 21 December 2015 09:42

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (58-ci say) təqdim edir.

İl başa çatmaqda olsa da, şou əhlinin "nömrələri" davam edir. Ancaq onlar arasında sərvət qədər dəyərli olanları da var. Məsələn, xalq artisti Bilal Əliyev yerüstü sərvətdir, intəhası biz hələ onun dəyərini bilməmişik. Adam jurnalistlərə deyirdi ki, bir milyona toya gedirəm, ondan bir qəpik aşağı versələr, ayağımın çeçələ barmağını da toyxanadan içəri buraxmaram. O gün vergi söhbəti ortaya çıxandan sonra açıqlama verib ki, ayda 485 manat gəlirim var. Yəni toya-zada getmirəm. Bax gənc nəsil niyə beləsindən görüb götürməsin ki? Kişi sözünü bir dəqiqənin içində necə dəyişər, hansı formada söhbəti fırladar, hamısını Bilal Əliyevdən öyrənmək lazımdır. Kim istəsə, nömrəsini verə bilərəm.

Şou aləmi elə bir məkandır ki, buradan baş açmaq mümkün deyil. Əlini atıb kiminsə cibindən bir qutu siqaret oğurlamaq istəyirsən, əlin geri qayıdınca barmağından brilliant qaşlı üzüyünü oğurlayırlar. Dünən ağız-ağıza öpüşən iki dost bu gün düşmən olur. Məsələn, prodüser Tarix Əliyev müəllim (Tolik) 4-5 ay əvvəl Natəvanın haqqında danışmadığı söz qoymamışdı. Məhkəmə sübut etdi ki, bu iddialar boş və əsassızdır. Şübhəsiz ki, bütün bunları o, həm də Aygün Kazımovaya görə edirdi. Nəysə, sözüm onda yox. Bu günlərdə isə Tolik xalq artistini ağ yuyub, qara sərib. Deyib ki, bezdim üzümə gülüb, arxamca danışmağından. Ətraflı saytların arxivindən tapıb oxuya bilərsiniz.

Ötən həftə aparıcı Vüsalə intim təkliflər barədə danışmışdı, bu həftə isə Zemfira Adıgözəlovanın "bəxti açılıb". Aparıcı deyib ki, həri, mənə də intim təkliflər gəlir. Ardınca əlavə edib ki, məşhursansa, o təkliflər gəlir. Bir haşiyə: baxır necə məşhur? Davamını özünüz oxuyun. Orada bir cümlə nəsə məni heç açmadı:

"Oooo... Təbii ki, mənə də intim təkliflər gəlir. Məşhursansa, o təkliflər gəlir. Səhnədə olan insansansa, bu təkliflər sənə gələcək. Artistlik etmək lazım deyil. Düzünü deyirəm. Hər şeyə normal baxıram. Ancaq mən bu təkliflərə "stop" demişəm. Hərdən elə adamlarla adım birgə hallanır ki, bəlkə də həyatda yox, heç saytda da şəklini görməmişəm".

"Stop" demişəm" nə demək idi? Yəni qəbul etmişəm, indi stoplamışam? Bax bunu açıqlamayıb təəssüf ki.

Xalq artisti Nisə Qasımova son illər qazandığı nüfuzu xərcləməklə məşğuldur. Bu, mənim subyektiv fikrimdir, kimsə razılaşmaya da bilər. Sənətkarlar əllini keçəndən sonra sanballarına sanbal qatırlar. Bu, həm ifaya, həm davranışlara aiddir təbii ki. Nisə xanım da durub özünü qoca vaxtında Sofi Loren, Bricit Bardo, Merilin Monro, Elizabet Teylorla müqayisə edib. Çox gülməlidir, deyilmi?

Deyib ki, vaxtında mənə dəstək olsaydı, Hollivudda 20-28 yaşlı qızın rolunu oynayardım:

"Hətta kaskadyor olardım. Mənə bu sənətdə heç kim dəstək olmayıb. Əksinə, vurdular, yıxdılar, dayandım. Sən demə, əksinə olarmış. İnsan tənqid atəşinə tutular da, döyülər də, amma əyilməz. Əksinə, çalışıb, irəli gedər. İndi peşmanam. Niyə mən 25 yaşımda deyəcəyim sözü indi söyləyirəm? Niyə 30 yaşımda oxuyacağım mahnını indi səsləndirirəm?"

Ancaq mən eşitdiyimə görə, çox məşhur bir xanım sənətkarımız Nisə Qasımovaya dəstək olmaq üçün onu bir bəstəkarın yanına aparır. Bu bəstəkar da ancaq həmin sənətkara mahnılar yazırmış. Nəysə, sənətkar bir də ayılır ki, bəstəkar ancaq Nisə Qasımova üçün işləyir. Elə bəlkə Nisə xanım "vurdular, yıxdılar" deyəndə bunları nəzərdə tuturmuş? Nə deyim vallah...

Milli.Az


Tags:  Zemfiraya intim təklif Bilaldan yalançılıq dərsi Aygün Tolikin mehribançılığı kaskadyor Nisə HƏFTƏBECƏR


RƏYLƏR


Top news