Mübariz Əhmədoğlu: ABŞ konqresi Uorlik və ermənilər üçün qeyri-ciddi qurumdur

Mübariz Əhmədoğlu: ABŞ konqresi Uorlik və ermənilər üçün qeyri-ciddi qurumdur
11:08 21 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ konqresinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kontekstində indiki aktivliyi 28 il bundan qabaq başlanmış aktivliklə müqayisə oluna bilər. ABŞ konqresinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində dəyişiklik yoxdur, sanki donub. Bu donma halı Arktika və ya Antarktidadakı buzlaqlarla müqayisə oluna bilər.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinə hansı mövqe nümayiş etdiribsə, indi də həmin mövqedədir: "BMT TŞ-nin 4 qətnaməsi, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində vacib ölkəyə çevrilməsi, borc axtaran dövlətdən donor dövlətə çevrilməsi, kosmik dövlətlər sırasına qoşulması ABŞ konqresi tərəfindən qeydə alınmayıb. Azərbaycanın neft və qaz kəmərləri mövzusu konqresə tanışdır; Bir qrup konqresmen Azərbaycanın neft qaz kəmərlərinin Gürcüstandan deyil, Ermənistandan keçməsini təklif etdilər. Azərbaycan razılaşdı, amma əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini bildirdi".

Politoloq deyib ki, Azərbaycanın bəzi kosmik layihələrinin ABŞ-da reallaşdırılması mövzusu da konqresə tanışdır: "Bu sadaladıqlarımız SSRİ dağıdıldıqdan sonra Cənubi Qafqazın real vəziyyətidir. Əgər ABŞ konqresi bunları görmək istəmirsə, regionda nəyi görmək istəyir? Ermənistanın müstəqil olanda dövlət büdcəsində 7-8 milyard dollar pulu var idi. İndi 7-8 milyard dollar borcu olan dövlətə çevrilib. Konqres əgər bunu görürsə, niyə reaksiya vermir?! Cənubi Qafqaz regionunda baş verənləri görməməsi ABŞ-ın heç bir konqresmeninə baş ucalığı gətirmir. Başqa mənbə lazım deyil. ABŞ konqresmenləri 1989-cu ilin iyul və noyabr ayında qəbul etdiyi qətnamələrin mətni ilə tanış olsun. Sonradan bu mətni müasir reallıqlarla müqayisə etsin. Azərbaycan nə vaxtsa Gürcüstanı blokadaya almaq niyyətində olubmu? Hələ SSRİ tərkibində olarkən Azərbaycan Xəzərdəki neft-qaz ehtiyatlarına ABŞ-ın maraq göstərməsi barədə məlumatlı idi".

M.Əhmədoğlu qeyd edib ki, Gürcüstanda əhalinin təxminən 10 faizi azərbaycanlıdır: "Abxaziya və Acarıstan regionları dini və etnik baxımdan Azərbaycana daha yaxındır. Tarixin heç bir zamanında Azərbaycan və Gürcüstan bir-biri ilə münasibətləri korlamaq barədə heç düşünməyiblər. ABŞ konqresmenləri Dağlıq Qarabağda nə vaxtsa hətta bir nəfər yəhudinin yaşadığı barədə fakt qoya bilməz.
Çar Rusiyasının erməniləri Dağlıq Qarabağa köçürməsi təkzib olunmaz faktdır. Dağlıq Qarabağ torpağının gəlmə ermənilərə qətiyyən aidiyyətı yoxdur. Dağlıq Qarabağ erməniləri separatizm ideyalarını daşımaqla hökmən antiazərbaycan olmalı idilər".

Mərkəz rəhbəri bildirib ki, “Qarabağ komitəsi” və “Krunk” erməni separatizminin daşıyıcıları idi: "ABŞ konqresmenləri bütün bu faktları çox asanlıqla yoxlaya bilərlər. Ermənilər ABŞ konqresini axmaq yerinə qoyublar. Çünki belə açıq yalanları ciddi qurumun qarşısına qoya bilməzdilər. Ermənilər ABŞ konqresini qeyri-ciddi qurum hesab edib axmaq yerinə qoyduqları üçün, ona ermənilər belə yalanlar sırımışdılar. Amma görünür ermənilər ABŞ konqresmenlərini yaxşı tanıyırmış. 28 il keçməsinə baxmayaraq konqresmenlər savadlanmaq istəmirlər. Konqresə hörmətsizlik edən ikinci obyekt ABŞ-ın ATƏT MQ-dəki həmsədri C.Uorlikdir. C.Uorlik bir tərəfdən konqresdə ““Artsaxın” müstəqilliyinin qeyd olunmasına” etiraz etmədiyini bildirir, digər tərəfdən ABŞ-ın Dağlıq Qarabağın müstəqilliyinin tanımadığını bəyan edir. Uorlik ABŞ-ın Dağlıq Qarabağa müstəqilliyinin tanımadığı bəyanatını ABŞ konqresində Dağlıq Qarabağın müstəqilliyinin qeyd olunmasına dair tədbir keçirdikdən sonra bildirdi. Uorlikin fikrində ziddiyyət var. Əgər ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımırsa və konqres Dağlıq Qarabağın müstəqilliyini qeyd edirsə, deməli konqres ABŞ-a aid qurum deyil və ya ABŞ konqresi ABŞ-ın rəsmi dövlət mövqeyinin əleyhinə gedir. Əgər konqresmenlər və Uorlik özlərini “Artsax” və “Dağlıq Qarabağ” terminlərinin müxtəlifliyi ilə aldadırlarsa o zaman daha bir sual meydana çıxır. Əgər 1989-cu ildə Dağlıq Qarabağ ermənilərə məxsus idisə, indi ermənilər niyə “Dağlıq Qarabağ” terminindən imtina edib onu “Artsax” termini ilə əvəzləyirlər? Qoşunların təmas xəttində snayperlərin geri çəkilməsi, müşahidəçilərin sayının artırılması, xüsusi qurğuların yerləşdirilməsi ideyası da ermənilərin vaxtı ilə konqresdə sırıdığı yalanların davamıdır. ABŞ konqresi savadlanmayana, Cənubi Qafqazdakı həqiqətləri bilməyənə qədər ermənilər onları ələ salacaqdır".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2471902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR