Bakı Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir

Bakı Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir
11:38 21 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar həmin universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilir. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.
BANM-dən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbə Heriot-Vatt Universitetindən ezam edilmiş mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak Klaf Kevin, kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin, fakültənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel, fakültənin professoru Qreym Vayt Böyük Britaniyada tərtib olunmuş imtahan sualları əsasında BANM-də imtahanları təşkil edir, onların gedişinə nəzarət edirlər.
BANM Azərbaycanda yeganə ali təhsil müəssisəsidir ki, burada biliyin qiymətləndirilməsi xarici ölkə universiteti tərəfindən həyata keçirilir. BANM-nin neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarının 2-ci, 3-cü və 4-cü kurs tələbələri sessiya ərzində “Emal sənayeləri”, “Emal mühəndisliyi”, “Kimyəvi reaktivlik”, “Mühəndislər və alimlər üçün riyaziyyat 1 və 3”, “Mühəndisliyin əsasları”, “Mexanika mühəndisliyi elmi 3”, “Qazıma mühəndisliyi” və digər fənlərdən yazılı imtahan verirlər.
Qeyd edək ki, tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Ali_Neft_Mektebinde_semestr_imtahanlarini_britaniyali_muellimler_kechirir-912861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR