Boks üzrə Abbas Ağalarov Memorialının qalibləri müəyyənləşib

11:43 21 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC 
Azərbaycan boks məktəbinin banisi, Əməkdar İdman Ustası, SSRİ-nin Əməkdar Məşqçisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənc idmançıların beynəlxalq turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Boks Mərkəzində təşkil olunan yarışın sonuncu günündə keçirilən final qarşılaşmalarında dörd boksçumuz qalib adı uğrunda mübarizə aparıb. Onlardan 60 kiloqram çəki dərəcəsində yarışan Sərxan Əliyev qazaxıstanlı rəqibi Nurbol Sultanbayı məğlub edərək turnirin qalibi olub. Pərviz Quliyev (69 kq) özbəkistanlı Uluqbek Sobirova uduzaraq gümüş medal ilə kifayətlənib. Digər boksçumuz Rasim Çobanlı (75 kq) da final görüşünü qələbə ilə başa vurub. O, Türkmənistan idmançısı Nuryağdı Nuryağdıyevi məğlub edib. Elbrus Əkbərov (81 kq) qazaxıstanlı Bekzat Nurdövlətova uduzaraq turniri ikinci pillədə başa vurub.
Digər final görüşlərinin nəticələrinə əsasən, fəxri kürsünün ən yüksək pilləsinə Otabek Xolmatov (46-49 kq, Özbəkistan), Aydos Arapov (52 kq, Qazaxıstan), Al Muhammed Mahmud (56 kq, Qazaxıstan), Ray Seytcanov (64 kq, Qazaxıstan), Şohruz Rəkimov (91 kq, Özbəkistan) və Giorgi Zurabiani (91 kq-dan yuxarı, Gürcüstan) qalxıblar.
Abbas Ağalarov Memorialının yekunlarına əsasən, komanda hesabında Qazaxıstan millisi birinci olub. Özbəkistan yığması ikinci, Azərbaycan boksçuları isə üçüncü nəticə göstəriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boks_uzre_Abbas_Agalarov_Memorialinin_qalibleri_mueyyenlesib-912864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR