Dollar bahalaşdı, manat "buraxıldı" - NƏ ETMƏLİ?

Dollar bahalaşdı, manat "buraxıldı" - NƏ ETMƏLİ?
12:05 21 Dekabr 2015
149 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
 Bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.
Bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.
Mərkəzi Bankın açıqlamasında deyilir: "Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib.
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək".

İki devalvasiya

Bu ilin fevralın 21-də Mərkəzi Bank manatın ABŞ dolları və avroya olan kursunu yenidən müəyyənləşdirmiş, ilk devalvasiya qərarını qəbul etmişdi. Nəticədə dollara nisbətən manat 33 faiz ucuzlaşmışdı.
Dekabrın 21-də, bu günsə ikinci devalvasiya oldu və dollara nisbətən manat təqribən 
Bu ilin 55 faiz təşkil etdi.
Bir ildə iki devalvasiya nədən xəbər verir? Milli valyutanın mövqelərinin zəif olmasından, ölkə iqtisadiyyatının zəifliyindən, yoxsa əksinə, Mərkəzi Bankın ölkə iqtisadiyyatının üzləşdiyi riskləri minimuma endirmək və "neft erası"nın başa çatmasından sonra manatı postsovet ölkələrinin valyutalarının yuvarlandığı girdabdan xilas etmək istəyindən?
Sosial şəbəkələr "Dollar bahalaşdı, indi nə edəcəyik?", "Bahalaşma başlandı, hər şeyin qiyməti artacaq!", "Vəssalam, ağır günlər başlandı!" tipli apokaliptik, emosional açıqlamalar, şərhlərlə doludur.

Vəziyyət doğrudanmı fəlakət həddindədir, situasiya bu qədər ağırdır?
Baş verənləri iki cür şərh etmək, anlamağa çalışmaq olar.
Birinci üsul "vaveyla, fəlakətdir, sondur, hər şey bitdi" tipli ifrat emosiyalara qapılmaq, bədbinlik, təşvişdir ki, məncə, buna səbəb yoxdur.
İkinci üsul isə yaşananları soyuqqanlı şəkildə - çətin olsa da - təhlil etməkdir.
Düşünürəm ki, ikinci yol daha məqbul və məntiqidir, hətta praqmatikdir.
Bəli, doğrudur, manatın ABŞ dolları və avroya olan kursundakı dəyişikliklər, milli valyutamızın ucuzlaşması ölkədəki qiymətlərə şəksiz təsir edəcək.
Bahalaşma olacaq, ərzaq və gündəlik tələbat mallarından tutmuş, daşınmaz əmlak və farmasevtik preparatlaradək hər şeyin qiyməti qalxacaq.
Maaşların artımı da istisna deyil. Amma...

Manatın əsl kursudur

Azərbaycan manatı bu ilin fevralına qədər süni kurs dönəmində idi. Bunu artıq etiraf etmək gərəkdir. Dünya bazarlarında xam neft və təbii qazın qiymətlərinin yüksək olması manatı dollardan baha, əksər hallarda avrodan yüksək səviyyədə saxlayırdı.
Manatın kursunun süni şəkildə stabil saxlanması üçün Mərkəzi Bank hər ay daxili bazara külli miqdarda valyuta çıxarırdı. Ötən ilin sonlarında dünya bazarlarında neft və qazın qiymətlərinin ucuzlaşmasıdan sonra manatın kursunun yenə də "stabil" qorunması, hifz edilməsi üçün Mərkəzi Bankın daxili bazara yönəltdiyi "valyuta dopinqi"nin həcmi ayda 1 milyard dollara çatmışdı.
Və o pullar iqtisadiyyatın inkişafına, qeyri-neft sektorunun gücləndirilməsinə, hətta istənilən ölkənin büdcəsində gəlirsiz sektorlar sayılan sosial təminat, səhiyyə və təhsilə yox, manatın şax duruşuna xərclənirdi.

1 milyard dollar bivalyuta zənbilinin formalaşması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin gücləndirilməsi və milli valyutanın zəifləməsinin qarşısını almaqla yanaşı, ajiotajın önlənməsinə yönəlsə də, bu, həddən artıq zərərli idi.
Azərbaycan bunu etməliydi və siyasət yanlış deyildi, çünki manatın qəflətən zəifləməsi, dünya iqtisadiyyatında yaşanan şokların milli miqyasda olduğu kimi inikas etməsi son illərdə əldə olunmuş bütün irəliləyişlərin üstündən xətt çəkə bilərdi.
Mərkəzi Bank gözləyirdi, səbrlə və soyuqqanlı şəkildə, bütün tənqidlərə və narazılıqlara rəğmən "valyuta dəhlizi" siyasətini davam etdirirdi.
Bu ilin əvvəlində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlılıq və səbatlılıq səviyyəsinin yetərli olması barədə dəqiq məlumatlar alınandan sonra Mərkəzi Bank hərəkətə keçdi.
Fevralın 21-də qəbul edilmiş devalvasiya qərarı bununla bağlı idi və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov "The Financial Times"a o zaman, yəni devalvasiya qərarından əvvəl verdiyi müsahibəsində çox yumşaq, üstüörtülü şəkildə proseslərin anonsunu vermişdi.
İndi manat yenidən kursunu dəyişdi, fəqət bugünkü qərar çoxlarının qələmə verdiyi və ya təqdim etmək istədiyi kimi devalvasiya yox, üzən kursdur.

Nədir bu "üzən kurs"?

Milli valyutanın üzən kursu və ya "Floating rate of exchange" dünya maliyyə sistemində əsrlər əvvəl tətbiq olunmuş sistemdir. Belə rejimdə hər hansı ölkənin milli valyutasının kursu valyuta bazarındakı durumdan asılı olaraq dəyişir. Üzən mübadilə kursundan yararlanan valyuta da "üzən valyuta" adlandırılır.
İlk baxışdan paradoksal görünsə də, faktdır: 1967-ci ildən bəri dünya iqtisadiyyatının tələbləri və şərtlərini nəzərə alan inkişaf etmiş ölkələrin hamısı valyutalarını üzən kursa çeviriblər. 
Səbəb çox sadədir: valyutanın stabil, fiksasiya olunmuş kursu ölkə iqtisadiyyatına ziyandır. Valyutanın üzən kursu müstəqil və avtomatik müəyyənləşdiyindən dövlətə qlobal iqtisadiyyatdakı dövri çaxnaşmalardan, böhranlardan qismən qurtulmağa imkan verir, habelə tədiyyə böhranının yaranmasının qarşısını alır.

Britaniya, habelə Cənub-Şərqi Asiya ölkələri 2008-ci ildəki qlobal maliyyə böhranınadək üzən valyuta rejimini qəbul etmir, fiksasiya olunmuş sistemə üstünlük verirdilər. Məsələn, rəsmi London funt-sterlinqin kursunu stabil saxlamaq üçün hər ay 120 milyard funt-sterlinqə yaxın pulu "pula pul dəstəyi"nə sərf edirdi.
2012-ci ildən bəri Britaniya üzən kursa keçib və ölkənin maliyyə sisteminə ağır yükə çevrilmiş "funta dəstək" proqramı dayandırılıb.
Sinqapur, Malayziya, Tayvan, İndoneziya, Vyetnam da son illərdə milli valyutanın fiksiyasiya olunmuş kursundan imtina ediblər.
Postsovet ölkələrinə gəldikdə isə, ilk əvvəl Rusiya, sonra Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Moldova da analoji addımlar atıblar.
Azərbaycanda indi "Mandella-Fleminq sistemi" adlananan valyutanın üzən kursu tətbiq olunub. 
Həmin sistem isə olduqca bəsitdir: "Heç bir ölkə və iqtisadiyyat eyni vaxtda milli valyutasının kursunu stabi saxlamaq, kapitalın sərbəst hərəkətini təmin etmək və müstəqil pul-kredit siyasəti yetirmək iqtidarında deyil. Bu üç yoldan mütləq ikisi seçilməlidir".
Azərbaycan da ölkə iqtisadiyyatının qeyri-neft sektorunu inkişaf etdirmək, müstəqil pul-kredit siyasəti yürütmək imkanlarını bilmərrə itirməmək üçün üzən kurs sisteminə keçdi.

Maaşlar artacaqmı?

Dolların bahalaşması və manatın ucuzlaşması şəraitində vətəndaşlarımızı, yəni oxucularımızı maraqlandıran başlıca sual "Maaşlar qalxacaqmı?" sualıdır.
Yəni maaş və əməkhaqlarının, habelə ödəniş və müavinətlərin indeksiyası məsələsidir.
Populist siyasət manatın alıcılıq qabiliyyətinin azalmasından sonra əhalinin maddi rifah səviyyəsini qorumaq üçün maaşların artırılmasını ehtiva edir.

Belə siyasət inkişaf etməkdə olan ölkələr arasında Argentinadan tutmuş, Toqo və Kiribatiyədək geniş yayılıb.
İnkişaf etmiş ölkələrsə, valyuta ucuzlaşan kimi maaşları artırmırlar.
Düz də edirlər.
Nədən ki, milli valyutanın dünyanın əsas valyutalarına (ehtiyat valyutaları nəzərdə tutulmur) nisbətdə ucuzlaşdığı zaman ölkənin daxili bazarında pul kütləsi avtomatik artır, insanlar ölkənin yerləşdiyi məkandan asılı olaraq dollar, funt və ya avro almağa başlayırlar.
Kütləvi şəkildə, ajiotajla.
Belə vəziyyətdə pul kütləsi həndəsi silsilə ilə artır, milli valyutanın dövriyyədəki həcmi sabun köpüyü kimi şişir və bahalaşma sürətlənir. Maaşların artırılması milli valyutanın ucuzlaşmasının yaratdığı inflyasiyanı daha da sürətləndirir, hiperinflasiyaya çevirir. Təcili və təxirəsalınmaz tədbirlərə əl atılmayanda iqtisadiyyatı əsasən idxal yüklü olan ölkələr hətta defolta yuvarlanır, maliyyə öhdəlikləri və kreditlər üzrə ödənişləri həyata keçirə bilmir.
Ona görə də Azərbaycanda maaşların əhəmiyyətli dərəcədə artırılması ilk baxışdan zəruri addım təsiri bağışlasa da, orta və uzaq perspektivdə hər birimizin əleyhinə işləyəcək qərara çevrilərdi. Maaşların artırılması pul kütləsini çoxaldır, pul kütləsi böyüyəndə təklif tələbatdan üstün hal alır, qiymətlər daha da artır, qiymətlər artanda valyutanın alıcılıq qabiliyyəti daha da aşağı düşür, bu da maaşların yeni artımını şərtləndirir  - beləcə, qapalı dairə alınır.
Yaranan vəziyyət qədim əsatirlərdəki "Uroboros" ilanına bənzəyir. O ilan ki, ac qalmamaq üçün özünü yeməyə başlayır.

Üzən kurs qaçılmazdı?

Əfsuslar olsun ki, hə. Mərkəzi Bank manatın kursunun stabil, yəni fiksasiya olunmuş səviyyədə saxlanması üçün bundan sonra da hər ay orta hesabla 900 milyon-1 milyard dolları daxili bazara yönəldə bilməzdi.
Yönəltməməlidi də. O pulları kimsə bizə hədiyyə etmir, tükənməz mənbədən almırıq. Bəhs etdiyimiz vəsait Dövlət Neft Fondunun pullarıdır ki, maliyyənin belə sərf olunması israfçılıq sayıla bilər.
Manatın kursunun süni şəkildə sabit saxlanması üçün sərf edilən pulları iqtisadiyyatın inkişafına, əhalinin maraqlarının təminatına yönəlmiş layihələrin reallaşdırılmasına, proqramların həyata keçirilməsinə yönəltmək olar.
Manatı güclü saxlamaq üçün ehtiyatlarımızı sərf etmək siyasəti bundan sonra da davam etdirilsəydi, ölkənin valyuta ehtiyatları maksimum 11 aydan sonra tamamən tükənəcəkdi.
Və onda həmin ehtiyatları bərpa etmək üçün iki yol qalacaqdı: ya maaşlar indiki səviyyədə saxlanmaqla vergilər artırılmalı, qiymətlər bahalaşdırılmalı, sosial təminatdan tutmuş, təhsil və səhiyyəyədək bir çox sahələrə ayrılan büdcə vəsaitləri əhəmiyyətli dərəcədə azaldılmalı, ya da beynəlxalq təşkilatlardan kreditlər alınmalıydı.

Kreditlərin effektiv stavkaları da qlobal bazarlardakı vəziyyətə görə az deyil və belə şəraitdə Azərbaycan aldığı kreditlərin faizlərinin ödənişlər etməklə xarici borcunu ifrat səviyyəyə çatdırmaqla yanaşı, büdcə kəsirinin ümumdaxili məhsula (ÜDM) olan nisbətinin çox təhlükəli həddə yüksəlməsinə "nail" olacaqdı.
Manatın üzən kursu xilas yolu, panaseya deyil. Amma indiki şəraitdə bu seçim obyektivdir.
Başqa yolumuz yoxdur: ya ölkənin maliyyə müstəqilliyini və sonucda siyasi suverenliyini Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və s. kimi təşkilatlara, habelə bizə "güzəştli kredit"lər vəd edən ölkələrə hədiyyə etməyərək inkişaf etməli, ya da "sabit manat" illüziyası ilə özümüzü aldadaraq büdcə vəsaitinin populistcəsinə sovrulmasını istəməliyik.
Azərbaycan daha real, effektiv yolu seçdi.
Çətin olsa da.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/391853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR