Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi təntənə ilə qeyd olunub

12:18 21 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC 
Dekabrın 21-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin ADHTİ-nun kollektivinə təbrik məktubunu oxudu.
Tədbirdə qeyd olunub ki, son illər Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, layihələr, inşa olunan tibb müəssisələri, onların ən müasir avadanlıqla təchiz olunması dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.
ADHTİ-nin rektoru, professor Nazim Qasımov institut əməkdaşlarının əməyinin yüksək dövlət mükafatlarına layiq görülməsinə görə dövlətimizin başçısına kollektivin dərin minnətdarlığını çatdırıb.
Rektor bildirib ki, ölkə səhiyyəsinin inkişafında institutun rolu danılmazdır. Azərbaycanın demək olar ki, bütün həkimləri, o cümlədən bir çox xarici ölkələrin həkimləri institutda ixtisaslaşma və ya ixtisasartırma kursları keçərək öz peşə karyeralarını qurublar. İnstitutun tarixinin bir çox şanlı səhifələri Əziz Məmmədkərim oğlu Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 1962-ci ildə instituta Əziz Əliyevin adı verilib. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi böyük və sanballı töhfələr onun məhz ADHTİ-də çalışdığı illərə təsadüf edir.
Qeyd olunub ki, bu elm müəssisəsində aparılmış tədqiqat işləri keçmiş Sovetlər İttifaqında və müasir tibb dünyasında yenilik kimi tanınıb, təbabət tarixinə şanlı səhifələr kimi daxil olub. İnstitut 80 illik yubileyi ərəfəsində ixtisaslı həkim və provizor mütəxəssislərinin peşə səviyyəsinin yüksəldilməsinə, elmi-təcrübi işlərin yaxşılaşmasına, əhaliyə yüksək səviyyədə tibb xidmətinin göstərilməsinə çalışır. ADHTİ dünyanın nüfuzlu universitetləri ilə qarşılıqlı əməkdaşlığa dair sazişlər imzalayıb.
Digər çıxış edənlər də ADHTİ-nin kollektivini yubiley münasibətilə təbrik edərək, onlara ölkədə tibb elminin və səhiyyənin inkişafı, əhalinin sağlamlığının mühafizəsi istiqamətində gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aziz_Aliyev_adina_Azerbaycan_Dovlet_Hekimleri_Tekmillesdirme_Institutunun_80_illik_yubileyi_tentene_ile_qeyd_olunub-912878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR