Manatla bağlı proznoz: "Bu, son deyil"

Manatla bağlı proznoz: "Bu, son deyil"
13:17 21 Dekabr 2015
177 Digər
Ölkə mətbuatı
A- A+

Ekspert qiymətlərin, problemli kreditlərin artacağını deyib

"Bu, manatın ucuzlaşmasının son həddi deyil. Bundan sonra da proses davam edəcək. Ola bilsin ki, müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu, müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq".

Milli.Az anspress-ə istinadən bildirir ki, bunu Mərkəzin Bankın üzən məzənnəyə keçməsini şərh edən iqtisadçı Samir Əliyev deyib. Onun sözlərinə görə, gözlənilən devalvasiya baş verdi və manat bütün valyutalara, o cümlədən dollara münasibətdə dəyərini 47,6% itirdi. Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpik olsa da, valyutadəyişmə məntəqələrində isə daha bahadır.

"Bildirilib ki, hökumət valyuta ehtiyatlarını qoruyacaq və uzağı 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən, Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi.

FED uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik. Hər bir halda insanları aylarla üzən hadisə baş verdi".

S.Əliyev qeyd edib ki, Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Bizdə də fərqli ssenari olmadı. Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da.

Onun sözlərinə görə, Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı. 

"Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı, indi kəskin devalvasiyaya ehtiyac qalmazdı.

Üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq. Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək.

Hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq".

Ekspertin fikrincə, əsas problem inflyasiya olacaq. Qiymətlər artacaq. Ona görə hökumət devalvasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR