XİN başçısı: "İnsidentlərin araşdırılması mexanizmi hədəf deyil"

XİN başçısı: "İnsidentlərin araşdırılması mexanizmi hədəf deyil"
13:29 21 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

"Cəbhə xəttində insidentlərin araşdırılması mexanizmi münaqişənin həlli ilə əlaqədar kompleks tədbirlərin bir elementi olaraq, Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası prezidentlərinin 2011-ci 5 mart və 2012-ci il 23 yanvar Soçi bəyanatlarında əksini tapıb. İnsidentlərin araşdırılması mexanizmi hədəf deyil, münaqişənin hərtərəfli həllinə xidmət edə biləcək kompleks vasitələrdən biridir". APA-nın məlumatına görə, bunu "Azərtac"a müsahibəsində Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov deyib.

 

"İlk növbədə ondan başlayaq ki, insidentlər nəyə görə baş verir? Ona görə ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq Ermənistanın silahlı qüvvələri mövcuddur. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra insidentlər də baş verməz, onların araşdırılmasına da ehtiyac qalmaz.

 

Bu ilin sentyabrında Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilmiş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra Azərbaycan tərəfindən bir daha bəyan edildi ki, insidentlərin araşdırılması mexanizmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır", - deyə nazir qeyd edib.

 

E. Məmmədyarov bildirib ki, ümumiyyətlə, insidentlərin araşdırılması mexanizm olaraq bir sıra suallarla müşayiət olunur və Azərbaycanın işğal edilmiş əraziləri ilə Ermənistanın dövlət sərhədi boyunca olan məntəqələrdə onun tətbiqi məsələsinə baxıla bilər: "Ermənistan tərəfindən məqsədyönlü şəkildə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də istinad etdiyi hərtərəfli həll prosesinin ən vacib elementi olan Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması arxa plana atılaraq, insidentlərin araşdırılması ön plana çəkilir. Tamamilə aydındır ki, Ermənistan bu mexanizm adı altında Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR