"Sülh sazişinin hazırlanması prosesinə başlamağın vaxtıdır" - Nazir

"Sülh sazişinin hazırlanması prosesinə başlamağın vaxtıdır" - Nazir
13:44 21 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

 “ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk”.

 

APA-nın məlumatına görə, bunu “Azərtac”a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ nizamlanması ilə əlaqədar münaqişə tərəflərinə təkliflər təqdim olunduğunu deyən E. Məmmədyarov qeyd edib ki, bu təkliflər ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri tərəfindən də dəstəklənir: “Təsadüfi deyil ki, bu təkliflərin müzakirəsi ilə əlaqədar 2014-cü il ərzində Lavrov Bakıda və İrəvanda işgüzar səfərlərdə olub, təkliflərlə əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ilə fikir mübadiləsi aparıb. Bu təkliflər 2014-cü il ərzində prezidentlərin Soçi, Nyu-Port və Paris görüşləri zamanı əldə edilmiş razılaşmaları ehtiva edərək, yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri isə geniş ictimaiyyətə bəllidir. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında olan işğal edilmiş rayonların mərhələli şəkildə işğaldan azad edilməsi, o cümlədən digər məsələlər əks olunub”.

 

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənən və yenilənmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflərdən çıxış edərək hərtərəfli sülh sazişinin hazırlanması prosesinə başlamağın vaxtıdır.

 

İrəvanın mövqeyində gəldikdə isə E. Məmmədyarov bildirib ki, Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməlləri törətməklə qəsdən vəziyyəti gərginləşdirmək, Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif qeyri-qanuni əməllər həyata keçirməklə, hər vəchlə münaqişənin həllinə mane olmağa çalışır.

 

“Göründüyü kimi, danışıqlar prosesində konkret təkliflər olduğu halda, Ermənistan tərəfindən verilən bəyanatlarda bunların heç birinə toxunulmur və məqsədyönlü şəkildə hədəfdən yayınmaq üçün insidentlərin araşdırılması mexanizmi və digər ikinci dərəcəli məsələlər gündəmə gətirilir və yalnız daxili auditoriya üçün hesablanmış spekulyativ bəyanatlar verilir. Hətta ABŞ-da və digər ölkələrdə olan erməni lobbi dairələri səfərbər edilərək, danışıqlar mövzusu olan və münaqişənin hərtərəfli həllinə xidmət edəcək köklü məsələlərdən diqqəti yayındırmaq və hədəfi yalnız insidentlərin araşdırılması mexanizminə yönəltmək kimi siyasət yürüdülür”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR