"Azərbaycanın geosiyasəti"

"Azərbaycanın geosiyasəti"
15:58 21 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Yunus Oğuz

“Azərbaycanın geosiyasəti” - Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın nəzarətində qaldı. Orta xətt prinsipini qəbul etməyən İran və Türkmənistanın payı isə sıralamaya müvafiq olaraq 13,8 və 18,4 faiz təşkil edir. Beləliklə, ağır aparılan danışıqlar, vaxt tələb edən siyasi fəaliyyət öz bəhrəsini verdi.

Əli Həsənov qeyd edir ki, Moskva özündə bu sazişə etiraz edən bəzi dairələrin ciddi-cəhdinə baxmayaraq Rusiyanın Xəzərlə bağlı mövqeyindəki dəyişikliyin bir sıra səbəbləri var idi.

Əvvala, Rusiya ilə sahilyanı postsovet ölkələri arasındakı ziddiyyətlər gücləndikcə, həmin dövlətlər Moskvanın təsir dairəsindən daha sürətlə uzaqlaşmaq kursunu seçərək başqa dünya güclərinə üz tuturdu. Artıq bunun ilkin əlamətləri də göz önündə idi.

İkincisi, bir neçə il Qərbin bölgəyə gəlişinin qarşısını ciddi-cəhdlə almağa çalışan Rusiya əks effektlə qarşılaşaraq, nəinki uğursuzluğa düçar olmuşdu, həm də bölgənin neft-qaz ehtiyatlarının “bölüşdürülməsi” prosesindən kənarda təhlükəsi ilə üzləşirdi. Xəzərin statusunun müəyyənləşməsində, beynəlxalq hüquq və normalara söykənməyən, konstruktiv olmayan mövqe İran İslam Respublikası tərəfindən sərgilənir. Təbiidir ki, uzun illər Xəzər hövzəsi iki dövlət tərəfindən idarə olunurdusa, XX əsrin sonlarından bu dənizə iddialıların sayı beşə çatdı. Burada təkcə söhbət Xəzərin istismarından getmir, həm də bu məkandan geosiyasi və hərbi-geostrateji maraqlar özə çıxır. Əgər, İran 200 ilə yaxın bir müddətdə Rusiyaya həm qurudan, həm də su hövzəsindən sərhəd qonşusu idisə, indi onun Rusiya ilə heç bir qonşuluğu yoxdur, arada Azərbaycan və Türkmənistan dövlətləri dayanır və bu da on illərlə bölgədə yürütdüyü siyasəti dəyişməyə məcbur edir, həm də nəzərə almaq lazımdır ki, yeni yaranan hər üç dövlətin etnik tərkibi əsasən çoxluq təşkil edən türk kökənlidirlər. Bu dövlətdə yaşayan çoxluğunda türk kökənli olduğunu nəzərə alsaq, onun antikonstruktiv mövqe tutması başa düşülən olur. Xəzərin yeni statusu ilə bağlı İran tərəfindən iki əsas təklif səslənmişdir. Hörmətli professor hər iki təklifi şərh edərkən qeyd edir ki, bunlardan birincisi, heç bir beynəlxalq və regional hüquqa söykənməyən, tarixdə analoqu olmayan və coğrafi cəhətdən reallaşdırılması çox çətin olan- dənizin dibinin 20% olmaqla beş sahil ölkəsi arasında bərabər bölünməsi, səthininsə ümumi istifadədə saxlanması variantı idi.

İkinci təklif, bəzi İran mütəxəssislərinin təqdim etdiyi kimi “kompromis variant” adlanır və Xəzərin yeni bölgüsü prinsipini nəzərdə tutur. Bu layihəyə görə İran, Xəzərdən hər bir sahilyanı dövlətə öz ərazisindən dənizin ortasına doğru 20 millik “sahil ərazisi suları zonası” və 20 millik “iqtisadi zona” ayırır. Təklifdə sahilərazisi suları hövzə ölkələrinin sərhədlərini müəyyən etdiyinə görə, bu məkanda Xəzərin həm dibi, həm səthi, həm də hava məkanı dövlətlərin tam nəzarətində saxlanılır.

Bax burada, İranın geosiyasi məkanda “antikonstruktiv” mövqeyi tam çılpaqlığı ilə üzə çıxır. Birincisi, bu təklifləri İran tərəfi ortalığa atmaqla qonşuları həm də müsəlman dövlətləri arasında aparıcılğı özündə saxlamaq istəyir, o cümlədən bu dominantlıq baş tutarsa Qərb ölkələrinin Xəzər dənizində nə hərbi-geostrateji, nə də geoiqtisadi iştirakına imkan verməməkdir. İkincisi isə, bu məkanda geosiyasi mövqeyini gücləndirməklə Rusiyanı tədricən mövqelərini zəiflətmək və sıxışdırmaqdan ibarət idi.

Lakin, mütəxəssislər belə hesab edirlər ki, İranın Xəzər statusu ilə bağlı belə mövqe sərgiləməsi yalnız bir dövlətin- İranın nəfinə ola bilərdi, bunu da dövlətlər, hətta Rusiya qəbul edə bilməzdi və etmədi də. Əksinə, Rusiya hal-hazırda çalışır ki, onun sərgilədiyi mövqeyə İranı da yaxınlaşdırsın. Bu Azərbaycan və Qazaxıstan tərəfinin də mövqeyi ilə üst-üstə düşür.

İranın belə mövqedən çıxışının səbəblərini Əli Həsənov belə izah edir: “... Tədqiqatçılar bu ölkənin (Söhbət İrandan gedir - Y. O.) Xəzərin statusu ilə bağlı nümayiş etdirdiyi mövqeyinin aşağıdakı prinsipə əsaslandığını qeyd edirlər:

  1. İran istəyir ki, dəniz sahilyanı ölkələr arasında bölünsə də, hər hansı ölkə digər sahilyanı dövlətlərin razılığını almadan öz sularından sərbəst istifadə edə bilməsin;
  2. Qonşu ölkələrin əksəriyyəti ilə İranın birbaşa dəniz sərhədi yaransın;
  3. Xəzərin hərbiləşdirməsinə yol verməsin;
  4. Ekoloji problemlər adı ilə Xəzərin dibi ilə neft-qaz kəmərlərinin çəkilişinə mane olunsun;
  5. Sahilyanı ölkələr arasındakı problemlərin həllində regiondankənar dövlətlərin iştirakı məhdudlaşsın;
  6. İranla ideoloji və siyasi ziddiyyəti olan Qərb dövlətlərinin hövzədə möhkəmlənməsinin qarşısı alınsın və s.” (Bax. s. 585-586)

Xəzər dənizinin statusunda İranın mövqeyindən fərqli mövqe sərgiləyən, 1993-cü ildən başlayaraq Azərbaycanın ən yaxşı müttəfiqi qismində iştirak edən Qazaxıstan Respublikasıdır və onun ölkəmizlə münasibətlərində həmişə inkişafa doğru irəliləyiş baş vermiş, hər iki ölkə Xəzərin hüququ statusunda, bölgənin transmilli ixrac kəmərləri məsələsində, karbohidrogen ehtiyatlarının dənizdən istismarı, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması sahəsində oxşar və ya eyni mövqedən çıxış etmişlər.

Müəllif bu ölkə ilə bağlı kitabında qeyd edir ki, Xəzərin statusu məsələsində Qazaxıstanın mövqeyi sadə və konkretdir. Bu dövlətə görə, dəniz dibi ölkənin quru ərazisinin geoloji davamıdır və onun milli suverenliyin tətbiq olunduğu ərazisi hesab olunur.

Qazaxıstan da dənizin statusu ilə bağlı mövqeyində beynəlxalq hüquq normalarını əsas götürür və hesab edir ki, BMT-nin 1982-ci ildə qəbul etdiyi “Dəniz hüquqları haqqında” konvensiyanın əsas müddəaları Xəzərə də tətbiq olunmalıdır.

Qazaxıstanın geosiyasi məsələlərdə Azərbaycandan fərqi ondan ibarətdir ki, transmilli layihələrdə iştirak edəcək xarici şirkətlər siyahısını Rusiya ilə razılaşdırır və bu ölkənin şirkətlərini reallaşdıracağı layihələr daha yaxından cəlb edir.

Xəzərin statusunun müəyyənləşməsində uzun-müddət qeyri-müəyyən qalmasında Türkmənistanın da rolu olmuşdur. Belə ki, bu dövlətin ilk dövrlərdə İran və Rusiya ilə mövqeyi üst-üstə düşən bəyanatı hələ xatirələrdən silinməmişdir: “Xəzər beş ölkənin daxili gölüdür və burada heç bir xarici dövlət, yaxud region ölkəsi təkbaşına, hamının razılğını almadan hər hansı iş apara bilməz”. Zəngin qaz və neft ehtiyatları olan və ölkəsinin əsas gəliri hesab olunan bu dövlətin belə addım atması ilk növbədə onun zərərinə işləyirdi. Bu ölkənin əsas büdcəsi 50% xaricə satılan qaz və neftdən formalaşdığından belə qənaətə gəlmək olardı ki, Türkmənistan özünün geosiyasi məkanda rolunu anlamaqda çətinlik çəkir, yaxud qonşu dövlətlər İran və Rusiya onu buna təhrik və təhdid edinlər.

Lakin 1999-cu ildən Türkmənistan tərəfindən mövqe yumşaqlığı başlayır və o “milli sektor” mövqeyindən çıxış edir, eyni zamanda ölkənin prezidenti ölkəsinin xarici şirkətlərlə birgə iş aparmağın əhəmiyyətindən danışır.

Lakin Türkmənistanın Azərbaycanla münasibətləri hələ də qeyri-müəyyən olaraq qalır. Belə ki, dənizdə onların “Sərdar”, bizim isə “Kəpəz” adlandırdığımız kimə məxsus olduğu barədə hələ də mübahisələr səngimir. Nəzərə alaq ki, bu yataqda 80 milyon ton neft ehtiyatı mövcuddur və zaman-zaman hər iki tərəf barədə öz münasibətlərini bildiriblər.

Ardı var

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2472129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR