Balakən komandası sürpapaq oyununun qalibi olub

Balakən komandası sürpapaq oyununun qalibi olub
16:38 21 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 21 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə yarışlar çərçivəsində sürpapaq oyununun final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 21-də Balakən və Laçın komandaları arasında keçirilən final yarışını izləməyə gələn TÜRKSOY-un baş katibi Düsen Kaseinov və digər qonaqlar əvvəlcə Atçılıq Mərkəzində yaradılan şəraitlə tanış olub, həmçinin mərkəzin həyətində çövkən oyunlarının tarixindən bəhs edən fotosərgiyə baxıblar.
Sonra qonaqlar və yerli azarkeşlər çövkən milli oyunu üzrə nümunəvi yarışı izləyiblər.
Daha sonra Balakən və Laçın komandaları arasında final oyunu keçirilib. Rəqibini 5:2 hesabı ilə məğlub edən Balakən komandası sürpapaq milli oyunu üzrə yarışın qalibi adını qazanıb.
Üçüncü yer uğrunda Bakı (“Köhlən”) və Ağdam komandaları qarşılaşıblar. Ağdamlılar rəqiblərinə 6:1 hesabı ilə qalib gəliblər.
Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi keçirilib. Bütün növ yarışlar üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub. Mükafatları TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri təqdim edib.
Xatırladaq ki, dekabrın 16-dan start verilən yubiley yarışlarında Bakı, Şəki və Yevlax şəhərlərini, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, İsmayıllı, Qax, Qazax, Qəbələ, Laçın, Oğuz, Samux, Şəmkir, Tərtər, Tovuz və Zaqatala rayonlarını təmsil edən 24 komanda iştirak edib. Komandalar 6 oyun növü üzrə - çövkən, sürpapaq, papaq, baharbənd, yaylıq və güc sınağı yarışlarında mübarizə aparıblar. Baharbənd və güc sınağı yarışları oyunların proqramına ilk dəfədir daxil edilib.
Bir gün əvvəl başa çatan papaq oyunu üzrə yarışda Şəki komandası birinci yeri tutub. Qazax komandası baharbənd, Xaçmaz komandası yaylıq, Zaqatala komandası isə güc sınağı yarışlarının qalibi adını qazanıb.










Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Balaken_komandasi_surpapaq_oyununun_qalibi_olub-912964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR