Qorxunc otel haqda...

Dekabrın 19-dan 20-nə keçən gecə NBA-da "Oklahoma" "Leykers"lə qarşılaşırdı. Oyunun özü bir tərəfə, Los Anceles təmsilçisinin basketbolçusu Lui Uilyamsın sırf qorxusundan qaldığı oteli dəyişdirməsi "Skirvin Hilton" məsələsini yenidən gündəmə gətirdi.

"Oklahoma" ilə səfər görüşünə yollanan NBA komandalarının demək olar ki, hamısı "Skirvin Hilton" otelində məskunlaşır. İlk dəfə 2010-cu ildə "Nyu-York"un oyunçuları - Cared CeffrisEddi Körri oteldə cinlərin olduğundan şikayətlənmiş, matçdan bir öncəki gecə yata bilmədiklərini qeyd etmişdilər. Hətta Eddi Körri o məşhur 10-cu mərtəbədə qalan tək basketbolçu olduğundan, işi bir az da şişirtmiş, qorxusundan gecəni Neyt Robinsonun otağında keçirmişdi. Cəmi 2 saat yata bildiyini də əlavə edək. Bu hadisənin üstündən bir həftə keçmişdi ki, bu səfər Tac Qibson gecənin bir yarısı qapısının tez-tez döyüldüyünü iddia eləmişdi. Qorxanlar sırasında Derrik Rouz da var idi. 2013-cü ildə Uesli Conson hamamın qapısının birdən-birə bağlandığını və küvetin su ilə dolduğunu demişdi. Oxşar hadisələr bir neçə basketbolçunun başına gəlib. "Oklahoma"ya treyd olunana qədər bir neçə dəfə "Skirvin"də qalan Keron Batler zarafatla belə bir açıqlama vermişdi: "Ümid edirəm ki, o, pley-offda bura səfər edənləri tez-tez ziyarət edəcək".

"Skirvin Hilton" oteli

Qorxuya səbəb nədir?

O, yəni Effi. Əsas hissəyə keçək. Qorxuya səbəb nədir? Əvvəla otelin xidmət səviyyəsinə görə yerləşdiyi zonada ən yaxşı olduğunu da qeyd edim. "Skirvin" 1911-ci ildə istifadəyə verilib. Otelin sahibi W.B.Skirvinin təmizlik işlərinə baxan xidmətçilərdən biri - Effi - ilə münasibəti olub, nəticədə qız hamilə qalıb. Skirvin xəbərin yayılmaması üçün həmin xidmətçini 10-cu mərtəbədə, daha dəqiq 823 nömrəli otaqda saxlayıb və çölə çıxmasına icazə verməyib. Hətta uşaq da orada dünyaya gəlib. Effi uşağı ilə birlikdə otaqda bir müddət qalmalı olub, sonda dözməyib, aşağı atlayaraq intihar edib. İndi oteldə baş verən qorxunc hadisələr də məhz həmin Effi ilə əlaqələndirilir. Tez-tez uşaq hönkürtüsü eşidilir, qapılar döyülür, kişi müştərilər otaqda tək olanda qadın səsi gəldiyini deyirlər, yuxarıda sadaladığım hadisələr və s.

Bir ara zarafatla Effi məsələsinə nöqtə qoymaq üçün "Kobe Brayantı o otağa yerləşdirin" adlı kampaniya başlamışdı. Marketinqdi, ya yox, bu haqda məlumatım yoxdu. Amma, deyəsən, "Oklahoma"nın evdə yaxşı oynamasında "6-cı oyunçu" Effinin də rolu var.

Rüfət MƏCİDZADƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR