Manat yenidən möhkəmlənəcək

Manat yenidən möhkəmlənəcək
18:22 21 Dekabr 2015
1690 Digər
Ölkə mətbuatı
A- A+

"Son devalvasiya hökumətin içərisində yeni eraya uyğunlaşa bilməyənlərin dəyişdirilməsi prosesini bir az da sürətləndirəcək...

Milli səviyyədə həyata keçirilmiş bir tədbirin doğurduğu reaksiyaları qarşılamaq və insanların beyinlərindəki şoku aradan qaldırmaq üçün xalqın qarşısına çıxacaq yüzlərlə məmur və siyasətçinin hansı əmsalda dəyər itirdiyini təyin etmək də o qədər də çətin deyil..."

Milli.Az xəbər verir ki, bu və digər fikirləri Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc özünün sosial şəbəkələrdən birində paylaşdığı statusunda qeyd edib.

Milli.Az həmin yazını oxuculara təqdim edir:

"Milli Məclisin ötən iclasında Xəzər dənizinə gedən yolların bağlanması haqda ağızdolusu danışanlara bütövlükdə ölkəni görməyə mane olan qalın divarlardan, Şərq mentallığının ayrılmaz hissəsinə çevrilən və qardaşı-qardaşdan uzaqlaşdıran, inamsızlıq və qorunma simvolu olan sədlərdən bəhs edən düşüncələrimizi bölüşmüşdük. Gerçəkdən də ağır yükə çevrilmiş daşlı həyatımız nəinki Qaradağın əriyərək yerində bütün ölkə boyu kiçik qəsrlərin qurulmasına səbəb oldu, üstəlik də nə qədər vətən torpağı həmin hasarların altında qalaraq işğala məruz qaldı. Ona görə dənizlə bizim aramızda deyil, hər birimizi və ölkəni bürüyən daş qalalardan azad olmadan həyatımızı yüngülləşdirmək mümkün deyil.

Bu gün manatın növbəti dəyər itirməsi hadisəsi ilə oyanan insanımızın daxili halında da həmin hasarların izi görünür.

Gerçəkdən də hər bir millət daxili temperamentindən, yaxud varlılıq dərəcəsindən asılı olmayaraq, devalvasiyanı süngü ilə qəbul edir.

Hökumətin fevral ayındakı qərarından sonra çevik iqtisadi və maliyyə qərarları vermədən növbəti "şok terapiyası"na getmək nə dövlət, nə də vətəndaş üçün xeyir verə bilərdi. İndi Mərkəzi Bankın 3 milyard dollar qazandığını iddia edənlər digər indekslər - məsələn, xarici valyutada olan borcumuzdan çıxış edib əks-nəticə ilə üz-üzə qalacaqlar. Bəs hamının baş sındırdığı manat gerçək dəyərinə necə qovuşmalıdır? Axı pul da əmtəədir və o da valyutalararası birjada satılmalıdır. Tələb və təklif əsasında onun qiyməti formalaşmırsa, kabinetlərdən kurs diktə etməklə nəyə nail olmaq olar?

Yaxud, müstəqil bir ölkənin vətəndaşları bütün iqtisadi fəlaiyyətlərini dondurub hər gün Nyu-York birjalarında kotirovkaları gözləyə bilməz ki. Manatıın dollardan asılılığı ilə onun bir resursdan formalaşması anlayışı tamam ayrı məsələlərdir.

Birinci devalvasiya iqtisadiyyatımız üçün liberallaşmaya gedilməsə, qapalı model davam etdirilsə, "onda hamı özünü sığorta etdirmək üçün məcburən dollara keçəcəkdir və milli valyuta anlayışı aradan qalxacaqdır" hökmünə səbəb oldu. Lakin əhalinin nə qədər faizi dollarlaşma prosesinin iştirakçısıdır? Hər halda beşdə birindən çox ola bilməz.

Manatın mühasirədə olduğu bütün sahələrin qalın divarları onu nəfəs almağa qoymur. Son illər Nabiullina Rusiyanın məruz qaldığı sanksiyaların fonunda ən çox stress yaşayan adama çevrildi. Lakin dünyanın qəbul etdiyi Kudrin dedi ki, xanım bankirin rublun ölümündə maksimum 23 faizlik payı var. Qalan amillər bütövlükdə iqtisadiyyatın vəziyyəti ilə bağlıdır.

Azad gömrük prosedurları olmadan, sahibkarlıq fəaliyyətinə kənar müdaxilələri aradan qaldırmadan və inhisarçılığı ləğv etmədən manatın kənarındakı "Berlin divarları" yıxılmayacaq. Çünki ölkəyə gələn hər dollar və ya avro özü ilə üstündə dəyər gətirir. Çəltik, pambıq, yaxud yüzlərlə digər məhsulunu xaricə göndərə bilmədən, yalnız xaricdən onları gətirməklə ölkənin xarici ticarət dövriyyəsini balansda və sabitlikdə saxlaya bilməzsən.

Neft azadlıq əldə edib və Avropaya kəmərlərlə rahat çıxır. Lakin digər məhsulların hərəsinin üstündə onlarla əl var. Manatı qeyri-sabitlikdə saxlayan devalvasiya deyil, həmin buxovlardır.

SOCAR brendi dünənə qədər müharibənin bəlalarını aradan qaldırmaqda və ölmüş sovet infrastrukturunu bərpa etməkdə bizə kömək etdi. Onun rolu misilsizdir və həqiqətən neftsiz Azərbaycan Qarabağın işğalı ilə indi Liviyanın gününü yaşayardı. Lakin artıq SOCAR erası arxada qaldı. İndi iqtisadiyyatı digər lokomotivlərə keçirməlisən. Neft milyonçularını texnokratlar, menecerlər və gerçək iqtisadi rəqabətdən pul qazananlar əvəzləməlidirlər.

Son devalvasiya hökumətin içərisində yeni eraya uyğunlaşa bilməyənlərin dəyişdirilməsi prosesini bir az da sürətləndirəcək. Prezident son dərəcə qətiyyətlidir və onun üçün xalqın durumuna təsir edən amillər dünya arenasında baş verən hərbi toqquşmalardan daha əhəmiyyətlidir.

Bir iqtisadi formasiyadan digərinə keçid həmişə qanlı olub. Faktiki olaraq biz keçid dövrünü hələ başa vurmamışıq. İndi hansı əhali qrupu son devalvasiyanın təsirinə daha çox məruz qalıb sualı üzərində düşünməklə yanaşı, neft bumu öləndən sonra həqiqi hökumətlərin və siyasi komandaların möhkəmlik testinə necə cavab verdiyini hədəfdə saxlamaq lazmdır. Yəni, düşən təkcə milli pul vahidinin kursu olmur, onun siyasi təsirləri də qaçılmazdır.

Dövlətin bundan sonra atacağı addımlar sərəncamında olan valyuta ehtiyatlarını müxtəlif sağlamlaşdırma tədbirlərinə, bazarı aktivləşdirməyə və maaşlarda-kreditlərdə indeksasiyalar tətbiq etməyə yönəlməklə bərabər, daha çox yeni dövrün çağırışlarına cavab verən insanların hakimiyyətdə yer almasını sürətləndirmək vəzifəsidir.

Milli səviyyədə həyata keçirilmiş bir tədbirin doğurduğu reaksiyaları qarşılamaq və insanların beyinlərindəki şoku aradan qaldırmaq üçün xalqın qarşısına çıxacaq yüzlərlə məmur və siyasətçinin hansı əmsalda dəyər itirdiyini təyin etmək də o qədər də çətin deyil.

Neftin qiyməti hətta ən aşağı kursunda da çox bahadır. O, güclü dövlət başçılarını yeni iqtisadi sistem qurmağa daha çox təhrik edir.

Xəzərin özü boyda çəlləyə çevrilməsini unutmağı bizə ilk dəfə deyən də məhz ölkə rəhbərimizdir. O, çevikdir, iradəlidir, hədəfə doğru gedərkən məqsədyönlüdür və bütün risklərə hazırdır.

Manatın kursu siyasi kursumuzdan və idarəetmə vəziyyətimizdən asılı olaraq, yenidən möhkəmlənəcək və bölgədə ən dönərli valyuta olacaqdır. Bunun üçün onu qandallayan iqtisadi daşları bir kənara atmaq gərəkdir. Hökumət öz borcunu yerinə yetirməlidir ki, xalqın borcu olmasın".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR